"Araz-Naxçıvan"ın vəziyyətini "şişirtmək" lazım deyil" MÜSAHİBƏ

09:03 - 8 Dekabr 2013

"Premyer Liqada iddiasız bir klubda işləməkdənsə, I Divizionda iddialı bir komandada çalışmaq daha yaxşıdır"
 
"Araz-Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayevin Sportal.az-a müsahibəsi:
 
- Başlayaq Naxçıvandan. Burada özünüzü necə hiss edirsiniz? Ailənizdən ötrü darıxmırsınız?
- Demək olar ki, darıxmıram. Hər bir insan öz ailəsindən ötrü darıxır, mən də nəvələrimçün darıxıram. Amma oyunlara gedəndə fürsət olan kimi ailəmə baş çəkirəm. Burada da hər cür şəraitimiz var, günümün çoxunu bazada keçirirəm.
 
- Bəzi adlı-sanlı məşqçilər I Divizionda komanda çalışdırmağı özlərinə rəva bilmirlər. Bəs, Əsgər müəllim necə?
- Mən bura ilk dəfə gələndə, ilk görüşüm idman naziri Azad Cabbarovla oldu. Ona da ilk sözüm o oldu ki, əvvəl şəraitə baxaq, sonra müqavilə haqqında nəsə deyə bilərəm. Gəldim Naxçıvana, gördüm ki, burada komanda yığmaq üçün hər cür şərait var. Şərura da getdim, oradakı Olimpiya İdman Kompleksində də məşq üçün şərait yaradılmışdı.  Həm şəraitinə görə, həm də iddialı olduqları üçün razılıq verdim. Mən həmişə demişəm ki, güclülər dəstəsində iddiasız bir klubda işləməkdənsə, I Divizionda iddialı bir komandada çalışmaq daha yaxşıdır. Mən komandanın I dəstədə iştirak etməsinə baxmıram. Mənim üçün harada işləməyimdən asılı olmayaraq əsas nəticədir. Şəraiti olan bir komandanı bacarığı olan bir məşqçi komandanı güclülər dəstəsinə çıxara bilər. Mən bugünki gündə Naxçıvanda olduğuma görə təəssüflənmirəm. Burada artıq çempionat da keçirilir, mən də həmin oyunları izləyirəm ki heyətə yeni futbolçular qatım. Hətta orada “Araz-2” komandası da yaradılıb. Biz güclülər dəstəsinə çıxanda bir neçə yaş qrupu üzrə komandalarımız olacaq. Bu da bir növ ona hazırlıqdır. Artıq bir neçə futbolçunu da gözaltı eləmişəm. Ola bilsin ki, dekabrın sonlarında həmin futbolçulara təlim-məşq toplanışı da keçirəcəm.
 
- “Araz- Naxçıvan” I dəstədə liderdir. İstənilən komandanı formalaşdıra bilmisiniz?
- Bir müddət yadınıza gəlirsə, “Araz-Naxçıvan”ın I Divizionda oynayıb-oynamamağı sual atında idi. Bu da istədiyim bir neçə futbolçunun bura gətirməyimə mane oldu. Mən də məcburən bura gələn futbolçular içindən seçəsi oldum. Hal-hazırda buna təəssüflənmirəm. Buradakı futbolçular da get-gedə özlərini doğruldurlar. Çətinliklə olsa da, komandanı formalaşdırdım.  Özüm fikirləşdim ki, komandaya təcrübəli futbolçular lazımdır ki, onlar da öz təcrübələrindən cavan futbolçulara verə bilsinlər. Emin İmaməliyev, Eşqin Quliyev, Bəxtiyar Soltanov kimi futbolçular komandaya çox kömək edirlər.  Bizə əsas kömək edənlərdən biri də AZAL klubu oldu. Vaqif Sadıqova da təşəkkür edirəm ki, bir neçə futbolçusunu icarə əsasında bizə verdilər Həm o futbolçuların AZAL-a daha yaxşı şəkildə qayıtmasına həm də hal-hazırda bizə kömək etmə baxımından yaxşı bir haldır.  Hal-hazırda liderik, amma bu da hələ heçnə demək deyil. İlin yarısı geridə qalsa da, yarısı da irəlidədir.
 
- I Divizionda Premyer Liqaya çıxmaq üçün rəqabət əsasən kimlər arasında gedir?
- Mən komandamı  hansı komandaya oynamağımızdan asılı olmayaraq bütün oyunlara eyni cür hazırlaşdırıram. Çempion olmaq istəyən komanda hər bir oyuna axırıncı oyun kimi çıxmalıdır. Komandanın vəziyyətini “şişirtmək” lazım deyil. 4-5 komanda arasında rəqabət ola bilər, amam bütün komandalar rəqibdir. Məsələn: Bizim xal itirdiyimiz yeganə oyun, “Mil-Muğan” komandası idi. Heç kimə yuxarıdan aşağı baxmaq olmaz, ona görə də hər bir rəqibi düzgün dəyərləndirməliyik.
 
- Ölkə kubokunda “Araz- Naxçıvan” “Simurq”u mübarizədən kənarlaşdırdı. Sizcə, “Simurq” “Araz-Naxçıvan”a zəif gözlə baxırdı?
- Bu barədə heç nə deyə bilmirəm. Ancaq onların çıxışından da başa düşdüm ki, onlar bu oyuna ciddi hazırlamışdılar. “Simurq” çox güclü komandadır, hal-hazırda da Premyer Liqada ən az top buraxan klubdur. Deməli, bu komanda yaxşı müdafiə olunmağı bacarır. 
 
- “Simurq”la oyunda “Araz-Naxçıvan” qələbə ilə Premyer Liqaya layiq olduğunu sübut  etdi?
- Bizim işimiz oynamaqdır, sizin işiniz də qiymət verməkdir. Bugünki gündə “bəh-bəh”lə danışmaq olar, amma mən heç vaxt belə şeyi xoşlamıram. Məşqçi və futbolçuların işi oyunu göstərməkdir, bunu siz qiymətləndirsəniz daha yaxşı olar. Amma bu o demək deyilki, mən deyirəm ki, bu gün baxın biz qalib gəlmişik.  Mən “Simurq”un oyununu çox bəyəndim, gözəl legionerləri var. Bu gün biz penaltilər seriyasında qalib gəldik, penaltilər seriyası da qismət məsələsi idi. Bəzən elə ulduz futbolçular penaltini qeyri-dəqiq vururlar. Bu gün bizim mərhələ keçməyimiz qismətdə var imiş yəqin.
 
- Bir çox futbol adamaları fikirləşir ki, “Araz-Naxçıvan” hakimlərin hesabına liderdir...
- Mən hər bir insanın fikrinə hörmətlə yanaşıram. Mən onlara qışqır-bağır salası deyiləm ki, yox belə deyil . Gəlsinlər görsünlər elə bir şey var, ya yox. Sadəcə olaraq burada hakimə təzyiq yoxdur, hakimə nalayiq sözlər deyilmir. Bo söhbət yəqin ki, MOİK-lə oyunda 93-cü dəqiqədə penalti verilməsi ilə bağlıdır. Əgər qayda pozuntusu varsa, penalti istər birinci dəqiqədə, istərsə də sonuncu dəqiqədə verilməlidir. Oyundan sonra aidiyatı qurum oyunun videoyazısına baxdıqdan sonra həmin epizodda penalti olduğunu təsdiqlədi. “Simurq”la oyunun əvvəllərində bizim qapımıza penalti təyin edildi, hakimin öz futbola baxımı var. Hamı da bu qərarlara hörmətlə yanaşmalıdır.
 
- Bu mövsüm “Araz-Naxçıvan” çempion ola biləcəkmi?
- Çempionluq haqqında danışmaq üçün hələ tezdir. İlk dövrənin bitiminə üç tur var, bu turlarda maksimum xal toplayıb lider kimi getmək istəyirik. Lakin bununla da boşalmaq olmaz. Qış fasiləsində heyətimizi daha da gücləndirməyi fikirləşirik. Növbəti ildə “Xəzər Lənkəran”la kubok oyunumuz güclü bir komanda olduğunu hamı bilir. Bizim rəqibə asan təslim olmaq fikrimiz yoxdur.
 
Şahin OĞUZ

Xəbər xətti