"Flavinyonun bağışlanması bizə problem yaratmadı"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Sportal.az-a müsahibəsi
- Səncə, derbiyə yaraşan oyun oldu?
- Əlbəttə, həqiqətən, derbiyə layiq oyun oldu. Sonda şükürlər olsun ki, qələbə qazandıq. Qarşıda hələ bizi uzun marafon gözləyir. "Neftçi", elə "Qəbələ" də asan rəqiblər deyil ki,onlardan uzaqlaşasan.
- Vüsal Əliyevin idarəçiliyində ciddi səhvlər olmadı ki?
- Elə də ciddi səhv olmadı. Oyundan əvvəl, biz, həm Sadiqov, həm də mən hakimə "kiməsə simpatiya bəsləməmə, kim layiqdirsə, o da qələbə qazansın" dedik. Oyunun nəticəsinə təsir edən səhv olmadı, sadəcə mərkəzdə səhvləri var idi, Vüsalın özü də fasilədə bir neçə səhvinin olduğunu etiraf etdi.
- Penalti epizodunda Mahir Şükürovla aranızda mübahisə yarandı. Nə məsələ idi?
- Elə də ciddi şey deyildi. Sadəcə Namiq Yusifovu topla arxadan vurdular, onu müzakirə edirdik. Hardasa, aramızda anlaşmazlıq olmuşdu, məsələni zarafatla sonlandırdıq.
- Artıq "Qarabağ"ı qış çempionu hesab etmək olar?
- İndidən qış çempionu olduğumuzu demək çətindir, qarşıda iki çətin oyun var. "Bakı" ilə oyuna ciddi itkilərlə çıxacağıq, mən bu gün 4-cü sarı vərəqəmi aldım və qarşıdakı oyunu buraxmalı olacam. Rəqiblərlə xal fərqimiz elə də böyük deyil ki, indidən deyək ki, qış çempionuyuq. Hər itirilən xal mühüm rol oynayır.
- Flavinyonun bağışlanması sizi oyuna daha da motivasiya etdi?
- Belə oyunçuların derbidə olmaması oyuna marağı azaldır. Mən tərəfdaram ki, bu cür oyunlarda komanda tam heyətlə oynasın. Flavinyonun bağışlanması bizə problem yaratmadı, o güclü futbolçudur, ona qarşı oynamaq çətin olur.
- Mahir Şükürovun son açıqlamasında benzinin bahalaşması ilə bağlı demişdi ki, SOCAR pulsuz benzin verir. Bu barədə nə deyə bilərsən?
- Mahir Şükürov zarafatcıl oğlandır. Yox, SOCAR bizə pulsuz benzin vermir. Hələ "Neftçi"də oynayanda da sponsorumuz SOCAR idi, amma onda da pulsuz benzin verilməyib.
saytlarin hazirlanmasi