16-cı turun hoqqası, soyunanları, avtoqolu, səbirsizi və azarkeşi
Azərbaycan Premyer Liqasının 16-cı turu geridə qaldı.
Sportal.az turun yadda qalan məqamlarını təqdim edir.
Turun hoqqası:
Turun mərkəzi görüşündə maraqlı anların olacağı gözlənilən idi. Ancaq belə vəziyyəti stadionun direktoru Ramiz Qafarov yaratdı. Oyunun sonlarına yaxın "Qarabağ"ın liderliyə söyləyən Ramiz bəy bununla da azarkeşləri qızışdırmış oldu. Bir sözlə diktor tərəflərin arasını vurmağa çalışdı. Ramiz Qafarovun fikrini belə izah etdi: "Mən nə "Qarabağ"ın azarkeşlərini ayağa qaldırmaq üçün səslənmişəm, nə də başqa söz demişəm. Kim sizə belə məlumat veribsə, səhvdi. Sadecə oyunun sonlarına yaxın "Azərbaycan çempionat"ının lideri "Qarabağ"dır dedim. Sonra gördüm camaat əl çalır, davam etdim ki, "birinci yer "Qarabağ"a çox yaraşır, uğurlar olsun". Vəssalam, azarkeşləri səsləməmişəm. "Neftçi"ni yaxşı tanıyıram. Eyni zamanda turnir cədvəlinə kimin başçılıq etdiyini də deməliyəm. Ancaq ifadələrimi qısa işlətdim. "Neftçi" getsin Mehmanın gic-gic qışqırmağına baxsın. Ağzına gələni deyir, amma "Futbol+" bunu heç vaxt qeyd etmir. Mən sizə olanı dedim, inanmırsınızsa, oyunun videoyazısına baxa bilərsiniz".
Turun avtoqolu:
"Qəbələ" - "Simurq" görüşündə Amit Quluzadənin öz qapısına göndərdiyi top bəlkədə mövsüm başlayandan indiyə qədər vurulumuş ən maraqlı avtoqol oldu. Ustalıqla vurulmuş zərbəni hətta hesablasan belə bəlkə də bu cür baxımlı alınmazdı. Amit Quluzadə: "Bilirəm ki, son 10 ilin ən yaxşı avtoqolu idi (gülür). İnandırım sizi, elə vəziyyət yaranmışdı ki, topu sol ayaqla meydandan kənara, auta çıxarmaq istəyirdim. Ancaq top həmin vaxt qarşıma yox, arxama düşdü. Artıq ayağımı atmışdım deyə, ediləcək nəsə yox idi. Top qoruyucuya dəyib qapıya daxil oldu. İldə bir dəfə belə qol vururam, o da öz qapıma (gülür).
Turun səbirsizi:
AZAL-la oyunun son dəqiqələrində qol buraxan "Rəvan"ın baş məşqçisi Şahin Diniyev hakimin final fitini gözləmədən texniki zonanı tərk edib paltardəyişmə otağına yollandı. Baş məşqçi isə buna belə aydınlıq gətirdi: "Doğurdan da bizim üçün şok zərbə oldu. Belə bir vəziyyətdə bunun baş verməsi sadecə möcüzə idi. Hesabdan başqa rəqibə heç bir göstəricidə uduzmadıq. Heç nədən qolar buraxdıq. Sonra gördüm ki, top oyunun mərkəzinə gələn kimi oyun başa çatacaq. Çünki artıqılan 4 dəqiqə də bitmişdi. Belədə orada qalmağın yeri yox idi. Bu zərbəni gözləmirdik.Qorxulu yuxu kimi bir şey idi, çox təəssüf.
Turun soyunanları:
"İnter" - "Xəzər Lənkəran" görüşündə yenə cənublu fanatlar özəlliyini nümayiş etdirdi. "Kaspian Ultras" və "Green Gate" fan-klublarından birlikdə təxminən 20 nəfər paltarlarını soyunaraq komandalarına məhz bu cür dəstək verdilər. Soyuğun adamın iliyinə işlədiyi bir vaxtda lənkəranlı fanatların bu addaımının səbəbini "Kaspian Ulturas"ın idarə heyətinin üzvü Sabir Bacaran: "Xeyr, əvvəlcədən fanatlara belə tapşırıq verməmişdik. Sadecə avropa futbolunda da belə şeylər var. Soyuqda, qışda, qarda azarkeşlər soyunaraq komandalarına dəstək verir. Bu əsasən soyuğa qarşı olan bir addımdır. Yəni, bu istənilən hava şəraitinin fərqinə varmadan daim komandamızın yanında olmağın göstəricisidir. Demək istəyirik ki, biz şaxtadan daha güclüyük. Həmdə "İnter"ə göstərdik ki, rəqib meydanında olmağımıza baxmayaraq azarkeşlik baxımından onlardan qat-qat güclüyük. Soyuq havalarda bacardığımız qədər belə edəcəyik. Həmin soyunanlardan heç kim xəstələnməyib."
Turun azarkeşi:
"Bakı" ilə görüşdə sumqayıtlı veteran futbolçu İsmayıl Məmmədov da vardı. Maraqldır ki, "Sumqayıt"ın 12 yaşlılardan ibarət komandasının baş məşqçisi tribunaların meydana yaxın hissəsində dayanıb dəstəyini əsirgəmirdi. O bəzi vaxtlarda həttə uca səslə bəzi futbolçuları çağırır, necə oynamaq lazım olduğunu onlara başa salmağa çalışırdı. Məmmədov bu hərəkətinə belə aydınlıq gətirib: "Kömək məqsədilə futbolçulara göstəriş verirdim. Deyə bilmərəm, qulaq asan olurdu, ya yox. Amma məşqçi kimi köməyimi əsirgəmirdim.Yəqin ki, qulaq asan olmayıb, öz bildiklərini edirdilər. Çünki oyunun axarı kənardan daha yaxşı görünür. Mən həm də azarkeş kimi də fikirlərimi bildirirdim. Məgər qadağandır? Onda gəlin bütün azarkeşləri tribunadan çıxaraq ki, heç kim qışqırmasın. "Sumqayıt" yaxşı oynadı. Əsas odur ki, can yandırdılar, qələbə qazanmaq istəkləri var idi. İnanırıq ki, "Sumqayıt" irəliləyəcək.
Mənbə: "Futbol+" qəzeti
saytlarin hazirlanmasi