İdman mediasını çökdürmək planı
İdman saytları arasında öz kreativliyi ilə seçilən "Futbolpress.az" saytının fəaliyyətini dayandırması gözlənilməz oldu. Səbəb kimi "Neftçi" klubunun reklam müqaviləsini artırmaması və saytın çətin maddi duruma düşməsi göstərildi.
Bununla bağlı açıqlama verən "Futbolpress.az" saytının baş redaktoru Elçin Cəlilov bildirib ki, "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun sözü ilə reklam əməkdaşlığına xitam verib.
Mövzu ətrafında apardığımız araşdırmalar daha ilginc faktlar üzə çıxarıb. Əldə etdiyimiz məlumata görə, Sadıq Sadıqov konkret olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişini həyata keçirir. Sadəcə, Elçin Cəlilovla bağlı yaranmış vəziyyətdə onun "Xəzər Lənkəran" rəhbərliyi ilə pis münasibətdə olduğunu bilən "Neftçi" rəsmiləri iz itirmək üçün oxu Tuyqun Nadirovun üzərinə çevirməklə manevr etmək istəyirlər. Reallıq odur ki, "Neftçi" yalnız "Futbolpress.az" saytının deyil, əksər media qurumların reklamlarını kəsib və bunların hamısını Tuyqun Nadirovun adına yazmaq mümkün olmayacaq.
"Neftçi"nin "Sport Favorit"i məhkəməyə verməsi də, təsadüfü deyil. Və yuxarıdan gələn tapşırığın tərkib hissəsidir.
Onu da öyrəndik ki, Rövnəq Abdullayevin adından klublara deyilib ki, idman mediasına reklam verməyin. Yeni ildən sonra idman mediasıyla əməkdaşlıq edən digər klubların da reaklamlara xitam verəcəyi deyilir. Heç kimə sirr deyil ki, futbol sahəsi üzrə fəaliyyət göstərən media qurumlar məhz klublardan alınan reklam gəlirləri hesabına maliyyələşir. AFFA prezidenti məhz bu məqamı nəzərə alaraq, belə tapşırıq verib ki, idman mediası məhv edilsin və yalnız özlərinə yaxın olanlar yaşasın.
Maraqlıdır ki, bir müddət əvvəl media rəhbərləri ilə görüşən ölkə başçısı İlham Əliyev jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına dair tapşırıqlar verib. Artıq bu tapşırığın icrası da başlanılıb və yeni ildən media sektorunda maaşların artırılması və digər müvafiq tədbirlər həyata keçiriləcək. Lakin nədənsə, futbol sektoruna nəzərət edən şəxslər bu tapşırığı həyata keçirməkdə istəkli görünmürlər. İdman mediasında çalışan jurnalistlərin sosial şəraitinin yaxşılaşdıılması əvəzinə, onları işsiz qoymağa çalışırlar. Unutmaq lazım deyil ki, həmin jurnalistlər arasında son seçkilərdə İlham Əliyevə səs verənlər çoxluq təşkil edib.
Yusif Hüseyn
saytlarin hazirlanmasi