Ruslan Qurbanov: "Yan xətt hakimi məni pis söyüşlə təhqir etdi"
"Sumqayıt"ın yarımmüdafiəçisi Ruslan Qurbanovun Sportal.az-a müsahibəsi
- "Sumqayıt"ın qələbə qazanması üçün nə çatmır?
- Əlbəttə, ilk növbədə təcrübə çatmır. Heyətin əksəriyyətini gənc oyunçular təşkil edir. Hardasa son nöqtəni qoymaqda çətinlik çəkirik. Bu vaxta qədər vurduğumuz 6 qolun 3-nü özümüz, 3-nü isə rəqib komandanın oyunçuları öz qapılarına vurub. Komandada qol vuran oyunçu çatmır ki, fürsətlərdən lazımınca istifadə etsin. Bu da, cari mövsümdə uğur qazanmağımıza mane olur.
- Son iki turda komandanız heç də pis təsir bağışlamadı. Həm, "Neftçi, həm də "Bakı" ilə oyunda hakimliklə bağlı "Sumqayıt"ın böyük narazılıqları oldu...
- Mən heç vaxt hakimlərin idarəçiliyi ilə bağlı fikir bildirməmişəm. Ancaq son iki turda doğurdan da hakimlər bizi sıxdılar. Xüsusən də "Neftçi" ilə oyunda rəhbərlik Fariz Yusifovun idarəçiliyindən narazı qalmışdı. Əslində, buna biz deyil, Hakimlər Komitəsinin rəhbəri öz mövqeyini bildirməlidir. Yaxşı olar ki, hakimlərin ciddi səhvlərinə onlar fikir versinlər.
- "Bakı" ilə oyunda köməkçi hakim Nahid Əliyevlə aranızda söz deyişməsi olub. Orada nə problem yaşanıb?
- Həqiqətən də Nahid məni pis təhqir etdi. Əksinə, mən ondan soruşdum ki, "niyə məni söyürsən?" Bunun ardından köməkçi hakim baş hakimi yanına çağırıb dedi ki, "Ruslan məni söydü". Yenə deyirəm, mən onu deyil, Nahid məni söyüb. Özü də çox pis ifadələrlə. Özü də görür ki, məğlub durumdayıq və ardıcıl hücumlar təşkil edirik. Belə oyunlarda futbolçular əsəbi olur. Nahid futbolçunu sakitləşdirmək əvəzinə təhqirə keçir.
- Hakimi təhqir etdiyinə görə sənə 4 oyunluq cəza verilib. Bu cəzaya münasibətin necədir?
- Bu, ədalətli qərar deyil. Əgər, oyunun video yazısına baxsalar, onda görərlər kim-kimi təhqir edir? Mən cəzalanıramsa, hakim niyə cəzalanmır? Belə çıxır ki, cəza mexanizmi futbolçulara aiddir.
- Cəzanın yüngüləşdirilməsi üçün Apelasiya Məhkəməsinə müraciət edəcəksən?
- Bunu mən deyil, klub rəhbərliyi qərar verir. Düzdü, rəhbərlik məndən soruşdu, mən də dedim ki, mən yox, hakim məni təhqir edib.
- Növbəti tur "İnter"lə qarşılaşacaqsınız. Bu oyun barəsində nə düşünürsən?
- Əfsuslar olsun ki, bu oyunda komandama kömək edə bilməyəcəm. Bizə bir qələbə lazımdır ki, komanda özünə gəlsin. Artıq itiriləsi bir şey yoxdu. "İnter"ə də qarşı meydana qələbə qazanmaq üçün çıxacağıq. Son iki oyunu qələbə ilə başa vurmaq istəyirik ki, qış fasiləsinə sonuncu yerdə başa vurmayaq.
- Belə görünür ki, "Sumqayıt" Premyer Liqada qərarlaşa bilməyəcək...
- Bunu hələ demək tezdi. Yenə deyirəm, heyətdən xeyli dəyişikliklər olub və gənc oyunçulara yer verilib. Bu da istər-istəməz komandanın oyununa təsir edib. İnanıram ki, qış fasiləsindən sonra komanda öz oyununu tapacaq. Bununlada xallar qazanıb Premyer Liqada öz yerini qoruyacaq. Premyer Liqada zəif komanda yoxdu. "Sumqayıt" da qalan iki dövrədə öz sözünü deyəcək. Fikir verin ki, biz iddialı komandalardan xal qoparmışıq. Növbəti qarşılaşmalarda futbolçular sona kimi mübarizə aparıb komandanı bu durumdan xilas edəcəklər.
- Deyilənə görə qışda məxsus olduğun "Neftçi"yə qayıdacaqsan...
- Bəli, artıq bu barədə mənə "Neftçi"dən məlumat veriblər. Komanda ilə Antaliyaya təlim-məşq toplanışına gedəcəm. Ondan sonra isə qalan iki dövrəni harada keçirəcəyim məlum olacaq. Çox istəyərdim ki, mövsümün qalan iki dövrəsini "Neftçi"də keçirim. "Neftçi" iddialı komandadır və mən çempionluğa oynayan komandanın heyətində yer almaq istəyirəm. "Sumqayıt"da müəyyən qədər təcrübə yığmışam. Özüm də artıq hiss edirəm ki, özümü "Neftçi"də göstərə bilərəm. Əgər, əsas heyətdə yer ala bilməyəcəyəmsə, yenidən "Sumqayıt"a qayıdıb komanda kömək edəcəm.
- "Sumqayıt"da heyətdə daima yer alırsan, amma milli komandalara çağrılmırsan...
- Bunu məndən yox, millinin baş məşqçisi Berti Foqtsdan soruşun. O bunu daha yaxşı bilər. Mən ümidimi itirmirəm, nə vaxtsa çağrılacağımı gözləyirəm və bu fürsətdən daha yaxşı istifadə edəcəm.
Şahin OĞUZ
saytlarin hazirlanmasi