Bu adamın tədbiri də, çempionatı kimidi
Kim deyirsə, Ramin Musayev PFL prezidenti olmağa yaramır, səhv düşünür. O, işinin ustasıdı. Təsəvvür edin ki, triller filmin sonunda baş qəhrəman nəinki sağ qalır, hətta ona çırtma da dəymir. Belə trilleri tanınmış rejissorlar belə səhnələşdirə bilmir, ancaq Ramin Musayev bacarır. Onun keçirdiyi çempionatı hərə bir cür adlandırır. Ancaq mən qeyri-etik ifadələrin tərəfdarı olmadığım üçün Premyer Liqanı triller və ya ən yaxşı halda traqikomediya adlandıra bilərəm. Biri döyülür, biri söyülür, biri komandanı yarımçıq meydandan çıxarır, hər il bir komanda çempionatdan çıxacağını deyir... Ancaq Musayev yenə oturub o fəxri kürsüdə, yenə bığaltı gülür. Zarafat deyil, bu qədər hadisə baş verib ölkə çempionatında, o, isə hər dəfə "sudan quru çıxır". Bunu hər özündən deyən oğlan bacarmazdı, Ramin Musayev bacarır.
Ramin Musayev haqqında nəsə yazmaq asan deyil. Çünki onun haqqında demək olar ki, deyilməmiş, yazılmamış heç nə qalmayıb. Adamın kimliyi bəlli, gördüyü iş göz qabağında. Ancaq bu gün o, yenə diqqət mərkəzinə düşdü. Əslində kamera qarşısına çıxmaqla gündəmi zəbt etməli idi, əvəzində isə tədbirə gəlməməklə adından söz etdirdi.
Bu gün PFL-in tədbiri olub. Noyabr ayı üçün ən yaxşı futbolçu və ən yaxşı qolun müəllifi mükafatlandırılıb. Musayev gəlməyib. Səbəb kimi şəxsi işləri ilə məşğul olduğu göstərilib. Əgər səhv etmirəmsə, onun əsas işi futboldu. Ancaq insandı, şəxsi işləri də ola bilər. Lakin tədbiri onun boş vaxtı olduğu günə də təyin etmək olardı. Axı, bu onun tədbiridir. Belə görünür ki, bu adamın tədbiri də, çempionatı kimidi - yolaverdi.
Premyer Liqanın sponsoru "Unibank" olanda da, axır vaxtlar ayın futbolçusu tədbiri görüntü xatirinə keçirilirdi. Və mövsüm sona çatan kimi "Unibank" PFL-dən imtina etdi. Bu dəfə də, eyni halın təkrarlanmasını istəməzdik. Hərçənd "Unibank" məhz bu qalmaqallı çempionatın sayəsində Lənkəran, Gəncə, Tovuz, Zaqatala və s. bölgələrdə az-çox tanına bilmışdi. Axı, antireklamın özü də reklamdı.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi