Şəhriyar Əliyev:"Komandadan ayrılmağı düşünmürəm"
"Bakı" və 21 yaşlılardan ibarət milli komandamızın mərkəz müdafiəçisi Şəhriyar Əliyevin Sportal.az-a müsahibəsi
- “Qarabağ”la oyun haqqında danışardın...
- Çətin oyun oldu, əvvəldən də belə çətin olacağını bilirdik. Bizim üçün əsas üç xal idi və onu da qazandıq. Futbolçularımız meydanda sonuna qədər mübarizə apardılar və layiqli qələbə qazandıq.
- “Qarabağ”ın əsas heyətinin 4 əsas futbolçusu sizə qarşı oynamırdı. Bəlkə sizin qalib gəlməyinizə bu amil kömək etdi?
- Düzdür, əsas oyunçuları yox idi, amma bu o demək deyil ki, “Qarabağ” zəif komandadır, onları əvəz edən oyunçular da pis oynamadı. Biz rəqibin heyətində kimin oynayıb-oynamaycağına baxmırıq. Əsas o idi ki, oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazandıq. Onu deyim ki, “Qarabağ”la ilk oyundan (0:3) dərs almışdıq.
- “Bakı” bu il ev oyunlarının çoxunda qələbə qazansa da, bu uğuru səfərdə təkrarlaya bilmirsiniz. Buna səbəb nədir?
- Biz həm ev, həm də səfər oyunlarının çoxunda yaxşı oynamışıq. Bəzən elə yüz faizlik qol epizodlarından istifadə edə bilməmişik ki.. Bəxt bizim tərəfdə olmayıb.
- Mövsüm ərzində bu oyunda ilk dəfə start heyətində yer aldın və 90 dəqiqə mübarizə apardın. Uzun müddətli zədədən sonra oynamaq çətin olmadı ki?
- Düzdür, əsas heyətdə ilk oyunuma çıxmışdım, amma əvvəlki oyunlarda bəzi oyunlarda ikinci hissə oynadığım üçün çətin olmadı. Amma zədənin təsiri öz sözünü dedi, oyunun axırlarında bir az yorğunluq öz sözünü dedi.
- Səni nadir hallarda meydanda görürük. Belə getsə, qış fasiləsində “Bakı”dan ayrılmağı düşünmürsən?
- Yox, komandadan ayrılmağı düşünmürəm. Zədədən sonra bir az özümə gəlmək çətin oldu. Çünki zədədən təzə canım qurtarırdı, yenə zədələndim. Bu da əsas heyətdə oynamağıma mane oldu. Amma indi də məşqlərdə var gücümlə çalışıram ki, formamı bərpa edim. “Bakı” mənim üçün doğmadır.
- “Bakı”nın bu mövsüm çempionluq şansları itməyib ki?
- Yox, hələlik heç kimin şansı itməyib, qarşıda uzun marafon var. Mən komanamıza güvənirəm. Gündən-günə komanda öz oyununu tapır. Fasilədən sonra əsl “Bakı”nı görəcəksiniz.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi