11-ci hakim "Xəzər Lənkəran" - "Sumqayıt" matçına təsadüf etdi

13:25 - 23 Dekabr 2013

Rekord isə Əliyar Ağayevə məxsusdur
 
Azərbaycan Premyer Liqasının 18-ci turunda keçirilən “Xəzər Lənkəran” – “Sumqayıt” qarşılaşmasını idarə edən Ramil Əhmədov mövsümdə ilk dəfə baş hakim kimi meydana çıxıb. 
 
Sportal.az xəbər verir ki, əvvəlki qarşılaşmalarda dördüncü hakim və əlavə hakim köməkçisinin funksiyasını yerin yetirən ədalət təmsilçisi bu mövsüm ilk dəfə Azərbaycan Premyer Liqasında matç idarə edib. 
 
Əhmədov 18 turun 90 matçında baş hakim kimi iştirak edən 11-ci referidir. 2012/13 mövsümündə də 2 qarşılaşma idarə edən hakim özünün 2-ci mövsümündə meydana çıxıb.
 
Cari mövsümdə meydana çıxan 11 baş hakim arasında rekord isə Əliyar Ağayevə məxsusdur. FİFA hakimi 16 matçda iş başında olub. Premyer  Liqada 5-ci mövsümünü keçirən Ağayev ölkə çempionatındakı ümumi oyun sayını 70-ə çatdırıb.
 
Ümumiyyətlə ötən mövsüm baş hakim kimi meydana çıxan 13 referinin 10-u bu mövsüm yenə meydanda olub. Anar Salmanov, Elçin Məmmədov və Namiq Bəkirovun kənarda qaldığı mövsüm Səbayel Qurbanovanın Premyer Liqaya qayıdışı ilə əlamətdar olub. Qadın hakim 2011/12 mövsümündə oyun idarə etsə də, 2012/13 mövsümündə Premyer Liqa oyunlarına təyinat almamışdı.
 
Qeyd edək ki, cari mövsümdə özünün 200-cü çempionat matçını idarə edən Vüsal Əliyev ən azı bu qədər qarşılaşma idarə edən 5-ci hakim olub.

Xəbər xətti