"Sizi bir şeyə əmin edə bilərəm ki ..."
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportal.az-a müsahibəsi
- İlk öncə "İmarət"in keçirdiyi tədbirlə bağlı fikirlərinizi bilmək istərdik ...
- Artıq bu tədbir ənənə halını almağa başlayıb. Orada çıxışım zamanı da dedim ki, sevindirici haldır ki, hər gəlişimdə yeni-yeni simalar görürəm. "İmarət" azad azarkeş qrupu hər oyun gəlib bizi dəstəkləyir. Bizim oyunlarda fəal iştirak etdiklərinə, bu tədbiri keçirtdiklərinə görə hər kəsə təşəkkürümü bildirirəm.
- "Qarabağ" qış fasiləsinə lider kimi yollandı. Bu barədə nə deyə bilərsiniz?
- Hələ çempionatın yarısını başa vurmuşuq. Biz həmişə o yerdə olmaq istərdik. Ən əsası sezonun sonunda istərdik ki, yuxarı pillədə qərarlaşaq. Bizim çempionat elədir ki, hər bir komanda get-gedə daha da güclənir. Buna görə də sevindirici haldır ki, ən yüksək pillədəyik.
- Turnir cədvəlinə göz gəzdirdikdə görürük ki, "Qəbələ", "Neftçi", "İnter" və "Bakı" kimi komandalar yüksək pillələr uğrunda mübarizəsini davam etdirir. Necə hesab edirsiniz, bu mövsüm daha çətin olmayacaq?
- Çempionatımız ildən ilə daha da çətinləşir. Hesab edirəm ki, bu mövsüm mübarizə daha da çətin olacaq. Çünki hər bir klub, ən əsası da Avropada indiyə kimi oynamayan klublar daha çox istəyirlər ki, orada çıxış etsinlər. Düşünürəm ki, ən çətin və gərgin mövsüm bu il olacaq.
- Tədbirdə də azarkeşlər sizdən çempionluq sözü aldılar. Hər mövsüm görürük ki, "Qarabağ" liderlərə qarşı gözəl oyun sərgiləyir, amma ortabab klublara qarşı oyunlarda çətinlik çəkir...
- Dünya futbolunda da belədir ki, liderlər elə bir oyunda xal itirirlər ki, heç kim bunu gözləmir. Belə şeylərə biz hazır olmalıyıq. Sizi bir şeyə əmin edə bilərəm ki, komandan hər bir oyuna daha da yaxşı hazırlaşır. Rəqiblər də bütün oyuna ciddi hazırlaşır. Hər kəs düşünür ki, biz bu oyunu 5 top fərqi ilə qazanmalıyıq. Meydanda isə ortabab klublar istəyirlər ki, hər zaman güclü komandanı büdrətsinlər.
- Sizin seleksiya işlərinə çox həssaslıqla yanaşdıqlarını deyirlər. Hətta, Reynaldo gələndə də bir müddətdən sonra futbolçu özünü doğrulda bildi. İndi də belə hal Gelaşvilidə yaranıb. Sizcə, bu futbolçu öz sözünü deyə biləcək?
- Reynaldo ilə Gelaşvili fərqli futbolçulardır. Həm mövqeləri fərqlidir, həm də fərqli mentalitetdir. Statistikaya baxsaq, Gelaşvili 5 qol vurub, 3 asist edib. Belə baxanda pis göstərici deyil. Hücumçuya xas xüsusiyyətlər var onda. Fiziki göstəriciləri, sürəti, aşırtması, driblinqi yaxşıdır. Sadecə olaraq onun haqqında çox danışıldı, etdikləri görülmədi. Amma onun meydanda etdiyi bəzi işlər bizə fayda verir. Biz hər bir futbolçuya inanırıq. Gördük ki, bizim verdiyimiz tapşırıqları yerinə yetirmir, Reynaldo da, Gelaşvili də olsa, yollarımızı ayıracağıq. Futbolçu olub ki, inanmışıq komandaya gətirmişik, amma 4-5 aydan sonra komandanı tərk edib. Bu gün komandamda Gelaşviliyə güvənirəm.
- "Bakı" ilə oyunda futbolçunuz Vüqar Nadirov hücum zamanı rəqib futbolçunun yerdə qaldığını görüb topu kənara atdı. Siz də buna əsəbləşdiniz. Daha sonra Nadirov açıqlamasında bildirmişdi ki, "bunu etməliydim, o da azərbaycanlıdır."
- Əgər o, meydanda topu ona görə vurubsa, düz etməyib. Çünki meydanda biz hər bir futbolçuya, istər əcnəbi, istərsə də yerli olsun eyni gözlə baxmalıyıq. Vüqarın 26-27 yaşı var və başa düşməli idi ki, "Bakı"nın futbolçuları vaxt keçirirdilər. Hakimlərlə məşqçilərin toplantısında da qeyd olunmuşdu ki, əgər hər hansı bir futbolçu yerdə qalıbsa, o zaman qərarı hakim verəcək. Futbolçulara da deyilib ki, belə olan halda oyunu davam etdirin, lazım olsa hakim oyunu saxlayacaq. Mən də onun topu kənara vurmasına əsəbləşdim. Yoxsa, Raufu məndən çox heç kim istəyə bilməz.
- Qış fasiləsində komandadan kimlərisə göndərmək, və ya yeni futbolçu gətirmək fikriniz var?
- İlk öncə deyim ki, komandadan heç kim göndərilmir. Yeni futbolçulara gəlincə isə istəyirik ki, bir neçə möqemiz gücləndirək. Bilirsiniz ki, qış fasiləsində bu bir az çətin olur. Alınsa, transfer edəcəyik, alınmasa, etməyəcəyik.
- Berti Foqtsla yenidən 2 ilik müqavilə bağlanıldı. Buna münasibətiniz necədir?
- Təbrik edirəm. Ona uğurlar arzu edirəm. Biz də "Qarabağ" klubu adından çalışacağıq ki, milli komandaya daha çox futbolçu göndərək.
Şahin OĞUZ
saytlarin hazirlanmasi