"Verilən cəzaların ən böyük səbəbi bərbad hakim idarəçiliyinin nəticəsidir"

14:08 - 24 Dekabr 2013

"Neftçi" klubu həm mənəvi, həm də maddi zərər gördü" 

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında AZAL - "Neftçi" oyununda baş verən neqativ hadisələrlə bağlı qərarlar qəbul edilib. Bu qərarlar arasında oyun başa çatdıqdan sonra “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb və klub 5000 manat cərimə olunub. Verilən bu cəzayla bağlı klubun vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında bunları dedi:.

 

"İntizam Komitəsi oyunu idarə edən baş hakimin və AFFA nümayəndəsinin protokoluna uyğun qərar çıxardıb. Bizim narazılığımız oyunu idarə edən hakim Orxan Məmmədovun idarəçiliyi ilə bağlı idi.  Bu da artıq sübuta yetirilmiş bir məsələdir. Biz bu cəzalara hörmətlə yanaşırıq, amma oyunun baş hakimi bizi 3 xaldan məhrum etdi. Əgər, hakim oyunda obyektivliyi qorusaydı, rəqib ikinci hissənin əvvəllərində 10 nəfərlə qalacaqdı. Bunun da nəticəsində "Neftçi"nin oyunçuları emosiyalara qapılaraq bəzi hərəkətlər etdi. Bütün bunların nəticəsi meydançada baş verən bərbad hakimliyin nəticəsidir."

 

"Artıq bu məslələrə qayıtmaq istəmirik. Apelasiya şikayəti vermək hələ gələcəyin məsələsidir. Tək istəyimiz ondan ibarətdir ki, meydanda obyektivliyin bərqərar olunmasıdır. "Qarabağ" - "İnter" oyununda da çoxlu kobud hakim səhvləri var idi. Elə etmək lazımdır ki, bu hallar baş verməsin. İstəyirik ki, bütün hakimlər oyunları obyektiv idarə etsin. Mahir Şükürov və Elvin Yunuszadəyə verilən cəzaların ən böyük səbəbi bərbad hakim idarəçiliyinin nəticəsidir. Rəqib qapıçı vaxtında cəzalansaydı, düzgün qərar qəbul olunsaydı, bütün bu hallar baş verməzdi. 

 

Orxan Məmmədovun bərbad  idarəçiliyi artıq sübuta yetirilmiş məsələdir və hər hansı bir klub hakim haqsızlığına görə ziyan çəkməməlidir. Xəzər TV-də bu epizodları ictimaiyyətə təqdim etdik. Bunu müvafiq qurumlar da Orxan Məmmədov kobud hərəktlərinin olduğunu vurğuluyublar. Bu bərbad hakimliyin nəticəsində "Neftçi" klubu həm mənəvi, həm də maddi zərər gördü." 

Xəbər xətti