"Yüz faiz deyirəm ki, Şahin Diniyev komandanı düzəldəcək" MÜSAHİBƏ

14:46 - 26 Dekabr 2013

Tofiq Mikayılov:"Belə zədəni heç düşmənimə də arzulamıram"
 
"Rəvan"ın futbolçusu Tofiq Mikayılov 4 aydır ki, zədə ucbatından forma geyinə bilmir.
 
Təcrübəli futbolçusu zədəsi haqqında və komandasının çıxışı barədə Sportal.az-a müsahibə verib.
 
- İndi zədən necədir?
- Hal-hazırda yaxşıdır. Fərdi məşqlərimi edirəm , inşallah komanda ilə birlikdə təlim-məşq toplanışına qatılacam. Zədəmin müddəti 6 aydır, artıq mən 4 ay 10 gündür ki, oynamıram. Ay yarımdan sonra komandama kömək etməyə çalışacam.
 
- Həkimlər zədən barədə nə deyir?
- Həkimlərə tez-tez müraciət edirəm. Hər şey yaxşıdır, müalicəmi normal qaydada davam etdirirəm.
 
- 4 aydır meydanlardan kənar qalmısan. Futbol oynamaq üçün darıxmısan?
- Çox. İlk dəfədi ki, belə zədəylə üzləşirəm. Bunu heç düşmənimə də arzulamıram. Sağolsun komanda yoldaşlarım, bu müddətdə mənə dəstək oldular.
 
- Zədəli olduğun müddətdə səni daha çox kimlər axtarırdı?
- Komandam başda olmaqla hamı yanımda oldu. Klub rəhbərliyi həmişə yanımda olurdu. Komandada elə bir nəfər olmadı ki, mənimlə maraqlanmasın.
 
- Şahin Diniyevlə hansısa söhbətin olub?
- Şahin müəllim komandaya gələn ilk günü iclasda məni yanına çağırıb vəziyyətimlə maraqlandı. Mənə bildirdi ki, tez sağal, meydanlara qayıt.
 
- Şahin Diniyevin gəlişindən sonra nə dəyişib?
- Düzdür, komanda yaxşı nəticə göstərə bilməsə də, yaxşı oyun göstərir. Komandanın oyunu həqiqətən yaxşı mənada dəyişib. Mən də istəyərdim, Şahin Diniyevin rəhbərliyi altında meydana çıxım, əlimdən gələn köməkliyi edim.
 
- “Rəvan”ın ilk iki dövrədəki oyununu necə dəyərləndirərdin ?
- Komandada baş məşqçi dəyişikliyi bir az çox oldu, hər məşqçinin də öz taktikası var, ona görə də komanda üçün çətin oldu. Ümid edirəm ki, qışdan sonrakı dönəmdə komanda öz oyununu tapacaq. Son pillələrdən uzaqlaşacağımıza söz verirəm.
 
- Səncə, “Rəvan”da nə çatmır?
- Komandada hər şey var, rəhbərlik və məşqçilər heyəti öz işini layiqincə edir. Amma komanda qol vurmaqda çətinlik çəkir. Cəmi 9 qol vura bilmişik, bu da çox azdır. 
 
- Keçən mövsüm qolları ilə yadda qalan Vareya bu mövsüm özünü doğrultmadı..
- Bu barədə bilmirəm nə deyim?. Çox güclü futbolçudur, keçən mövsüm 14 qol vurdu. Bu mövsüm isə komanda ümumiyyətlə, hücum xəttində zəifdir. Buna səbəblərdən biri dəutbolçularımız zədə alması oldu.
 
- Şahin Diniyevin komandanı düzəldəcəyinə inanırsan?
- 99 faiz demirəm, yüz faiz deyirəm ki, komanda düzələcək.
 
- Hazırda “Rəvan” Premyer Liqada qalmaq üçün mübarizə aparır. Komanda bu vəzifənin öhdəsindən gələ biləcək?
- Çempionluq uzaqlaşıb, komanda turnir cədvəlinin ortalarına doğru irəliləyəcək. Kubokda “Bakı” ilə qarşılaşacağıq. Bu mərhələni keçməyə ümid var., niyə ki udmayaq?.
 
- Çari mövsüm çempionluğa layiq hansı komandanı görürsən?
- “Qarabağ”. Bir neçə oyununa baxmışam yaxşı təsir bağışlayıb. Məncə, “Qarabağ” bu il çempion olacaq. Qurban Qurbanov gözəl komanda formalaşdırıb.
 
- Yayda bir neçə klub səni transfer etmək istəyirdi..
- İndi komanda ilə 6 aylıq müqaviləm var. Bir dənə arzulayıram, qısa müddətdə yaşıl meydanlara qayıdım, komandama öz köməkliyimi edim. Komanda hər cəhətdən mənim yanımda oldu. Komandada qalıb-qalmayacağım haqda danışmaq üçün hələ tezdir.
 
Şahin Oğuz

Xəbər xətti