Erkin İbrahimov: "Komandaların çoxuna transfer yox, yeni baş məşqçi lazımdır"
Premyer Liqanın ilk dövrasi artıq başa çatıb, komandalar da istirahətə yollanıblar. Qarşıdakı bir ay ərzində elita təmsilçilərinin məqsədi yaranmış boşluqları doldurmaq və heyəti gücləndirmək yönündə olacaq. Bir sözlə qarşıya qoyulan məqsədə çatmaq üçün komandalar qış transfer pəncərəsindən maksimum yararlanmağa çalışacaqlar. Sözsüz ki, geridə qalan 18 turda legioner futbolçulardan hansılar özünü doğrulda bildi və qarşıdakı qış fasiləsində hansı komandanın daha çox güclənməsinə ehtiyacı var? Bununla bağlı Sportal.az futbol menecerlərinin fikirlərini öyrənib. Erkin İbrahimov seleksiya işlərini belə qiymətləndirib:
"Ən uğurlu transferlər deyərdim ki, "Qəbələ"də alındı. Ebesilyo, Da Silva və Subotiçin göstərdiyi oyun bundan xəbər verir. Yalnız Afolabi faciəli transfer alındı, amma belə deyərdim ki, belə transferlər hər bir komandada olur. "Bakı"nın transferləri mənə birmənalı gəlmədi. Bir Alvaresin transferi özünü doğrultdu. Xərclədikləri pullara dəymədi onların transferi. Hamısı ortabab futbolçulardır. "Bakı"ya gələn legionerlər mühitə uyğunlaşmadı. "Qəbələ"də isə bu hal baş vermədi və gələn futbolçu bir növ "klass" səviyyəsində olan oyunçulardı. "Xəzər Lənkəran"ın transferləri də göz qabağındadı. Nildodan başqa heç bir biri yararlı deyil. "Neftçi"yə gələn Platye və Nfor komandaya uyğunlaşmadı, amma müdafiəçi Kardoso özünü yaxşı tərəfdən göstərə bildi. "Simurq" həmişəki kimi normal qiymətə yaxşı futbolçular transfer etdi. Hamısı komandanın oyun üslubuna uyğun gəldi. "İnter"də isə 2-3 futbolçudan başqa heç kim özünü göstərə bilmədi.
Azərbaycan Premyer Liqası elədir ki, buraya səviyyəli futbolçu gəlsə də, bu mühitə uyğunlaşmaq çətindir. Platye Subotiçdən, Da Silvadan üstün futbolçudur, amma Azərbaycanda alınmadı onun üçün. Sadaladıqlarım Kanalesdə alınmışdı.
"Qarabağ"da Cumbinyo hələki bir nömrədir. Leroy elə də səviyyəli futbolçu deyil. Deyərdim ki, Vüqar Nadirovla müqayisədə seçilmir. Gelaşvili "Qarabağ"ın oyunu üslubuna uyğun gəlmir. Sadecə bizdə onun "CV"nə aldanıblar. Deyərdim ki, "Qarabağ"a Kanales tipli futbolçu lazımdır. Yaradılan qol epizodlarına baxanda Ağdam təmsilçisi Azərbaycanda çempiondur. Gelaşvili də 5 qol epizodundan yalnız birini dəyərləndirə bilir. Onlara hücumlarda daha çevik və qol duyumu yüksək olan futbolçular lazımdır. Bu il 4 transferdən yalnız Çumbinyo özünü doğrultdu."
İbrahimov qışda daha çox hansı klubun transferə ehtiyac olduğunu belə şərh verdi:
"Hansı komanda baş məşqçisini dəyişibsə, o klubun da transferə ehtiyacı var. İlk öncə "Xəzər Lənkəran", daha sonra isə "Rəvan"ın transferə ehtiyacı var. Hesab edirəm ki, "Xəzər Lənkəran" transferdə əsas yerlərdən birini tutmalıdır. Dənizli Türkiyədən tanınmış futbolçuları Azərbaycan gətirsə, çempionatımız daha da maraqlı olardı. Şahin Diniyev də Rusiyada işləyib, onun da transferləri maraqlı olacaq.
Sözün düzü, Komandaların çoxuna transfer yox, yeni baş məşqçi lazımdır. Ən çox transfer "Bakı"ya lazımdır. Pantiç komandada bəzi şeyləri dəyişməlidir. Nəyə görə "Atletiko"dan komandaya futbolçu gəlmir, amma Pantiçin özü gəlir? Baxırıq ki, futbolçuların biri Sloveniyadan, Yunanıstandan gəlir. Komandada sanki bağlılıq yoxdu. Komandanın daxilində elə bil ki, xaos var. Pantiç özünə doğma olan futbolçuları gətirməlidir. Yoxsa, o, Yuri Travneri harda görüb? demək ki, ona kimsə məsləhət görüb. Komanda "Atletiko"dan daha çox futbolçu gətirməlidir.
AZAL-ın transferlərini başa düşmək olmur. Vaqif Sadıqov nə istəyir hələ bilinmir. "Sumqayıt" da çalışacaq ki, ordan-burdan futbolçu transfer etsin."
saytlarin hazirlanmasi