"Xəzər Lənkəran"ı bu vəziyyətdə tərk etmək mənə yaraşmaz" MÜSAHİBƏ

11:30 - 3 Yanvar 2014

Orxan Sadıqlı:"Dənizli hamıya eyni gözlə baxır"
 
"Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının Sportal.az-a müsahibəsi:
 
- "Xəzər Lənkəran"la yenidən üç illik müqavilə imzaladın. Bildiyimiz qədər ölkə xaricindən (Rusiya və Türkiyə) təkliflər var idi...
- Xaricdən gələn təkliflər 1-ci dəstədən idilər. Orada aşağı dəstədə oynamaqdansa, "Xəzər Lənkəran"da qalmağı üstün tutdum.
 
- Bəs Azərbaycanda digər komandalardan da təklif almışdın?
- Düzdür, çempionatda iddialı komandalardan 4-ü mənə təklif göndərmişdi, adlarını çəkmək istəmirəm. Amma komandamı bu vəziyyətdə qoyub getmək mənə yaraşmaz, çünki mən də bu bölgənin yetirməsiyəm.
 
- Yəqin ki, komandaya yeni qapıçı cəlb olunacaq. Qorxmursan ki, əsas heyətdə yerini itirəsən?
- Komandamıza hazırda qapıçı gəlməlidir, çünki cəmi 2 qapıçı var: mən və Tərlan Qasımzadə. Mən həmişə demişəm ki, heç vaxt rəqabətdən qorxmuram. Komandaya gəlib gedən qapıçılardan nə isə öyrənməyə çalışmışam, ən çox öyrəndiyim isə Kamran Ağayevlə Kamal Bayramov olub. Komandada mənim üçün əsas rəqabətdi, rəqabət varsa, deməli məşqdə də, oyunda da nəticələr olacaq.
 
-  Geridə qalan 18 turu komanda üçün necə dəyərləndirirsən?
- İlk iki dövrədən sonra turnir cədvəlindəki yerimiz ürəkaçan deyil. "Xəzər Lənkəran" kimi camiyənin 8-ci yerdə olması ağırdır, amma mümkünsüz heç nə yoxdur. İnanıram, bu yükün altından qalxacağıq və komandamızı, azarkeşlərimizi layiq olduğumuz yerə gətirəcəyik.
 
- Komandada baş məşqçi dəyişikliyi baş verdi. Mustafa Dənizli gəldikdən sonra komandada canlanma baş verir. Dənizli Toşakdan hansı xüsusiyyətlərinə görə seçilir?
- Mustafa hoca bizlə daha çox maraqlanır və bizə daha çox yaxındır. Hər futbolçu ilə ünsiyyət qurur, hamıya eyni gözlə baxır.
 
- Toşak komandada ayrıseçkilik edirdi?
- Toşak artıq komandanı tərk edib, bu haqda danışmaq istəmirəm.
 
- Razılaşarsan ki, bu mövsüm çempionluq əldən gedib?
- Kiminsə gözündə çempionluq gedə bilər, amma bizim üçün çempionat hələ bitməyib, hər şey ola bilər. Bir şeyi unutmayaq ki, bizdən irəlidəki rəqiblərlə hələ iki dəfə qarşılaşacağıq.
 
- Artıq əsas millinin heyətinə çağrılmağını gözləyirsən?
- Əsas yığma komandada oynamaq hər bir azərbaycanlı futbolçunun arzusudur, həmçinin mənimdə. Mən də çalışacam özümü yaxşı tərəfdən göstərim, əsas komandaya dəvət alım.
 
Yusif HÜSEYN

Xəbər xətti