Anar Salmanov sükutu pozdu:"Yetərincə cəzamı çəkdim"

18:13 - 7 Yanvar 2014

"Kim istəməz ki, Premyer Liqa oyunlarını idarə etməsin"
 
Ölkəmizin FIFA referilərindən biri Anar Salmanov keçən il ölkə kubokunun yarımfinalında "Neftçi" - "Qarabağ" matçında oyunun nəticəsinə təsir edən səhvə yol vermişdi. Bu səhvdən sonra Premyer Liqadan I Diviziona göndərilən  Anar Salmanovun son günlərdə cəzasının bağışlanacağı gözlənilir.
 
Bu barədə ədalət təmsilçisi öz fikirlərini Sportal.az-a açıqladı:
 
"Kim istəməz ki, Premyer Liqa oyunlarını idarə etməsin. Özüm də darıxmışam Premyer Liqa üçün, amma rəhbərlik bilən məsləhətdir. I Divizionda oyun idarə edirəm ki, sadəcə formadan düşməyim. Həftədə iki dəfə hakimlərlə birlikdə məşq etməklə özümü oyunlara hazır sayıram. Cəzalanmağımın səbəbi "Neftçi" - "Qarabağ" oyununda etdiyim səhv idi, oyunun nəticəsinə təsir etdiyim üçün cəzalandım, yetərincə də cəzamı çəkdim.  Mən bu səhvimi etiraf edirəm. Hakimlər Komitəsi isə məni nə qədər cəzalandırdığını açıqlamamışdı. Antalyadakı təlim-məşq toplanışına getsəm, çalışacam ki özümü yaxşı göstərib yenidən Premyer Liqaya qayıdım. Bu toplanışın əsas məqsədi fiziki hazırlığı qorumaqdır. Yaxşı hakim oyundan sonra öz səhvləri üzərində işləməlidir. Mən də insanam, diskə baxanda şahidi oldum ki, səhv etmişəm. Hakimlik elə bir sənətdir ki, burada səhv etməmək mümkün deyil. I Diviziona göndərilməyimin Avropada oyunlara təyinat almağıma təsir etmir. Təsiri olsaydı, daha aşağı qrupda iştirak edərdim". 
 

Xəbər xətti