Skarlatakenin həyat yoldaşı:"Dovğa ən xoşladığım yeməkdir"
"Xəzər Lənkəran"ın əfsanəvi baş məşqçilərindən sayılan Mirça rednikin komandaya gəlişindən sonra, artıq rumin futbolçular da cənub klubuna üz tutmuşdular. Bu futbolçulardan biri də komandada hər kəsin sevimlisi sayılan Adrian Skarlatakedir. Onun gəlişindən sonra komandada bir neçə baş məşqçi dəyişikliyi baş tutsa da, o, bütün baş məşqçilərin rəğbətini qazanaraq əsas heyətdə öz yerini qorudu.
Ailəsi ilə birlikdə Azərbaycanda yaşayan futbolu komandaya gəlişindən tutmuş hal-hazırki vəziyyətinə qədər əməkdaşımızla söhbətində aydınlıq gətirib.
Həmçinin həyat yoldaşı da Azərbaycandakı həyatından da danışıb.
- İlk olaraq, “Xəzər Lənkəran”a gəlişindən danışardın..
- Mən bura Redniklə bir gəlmişəm, birinci dəfə “Dinamo Buxarest” məni 6 aylığına “Xəzər Lənkəran” icarəyə vermişdi. Azərbaycanda ilk mövsümüm uğurlu alınmışdı, kuboku qazandıq və çempionatı ikinci sırada başa vurduq. İcarə müddəti bitdikdən sonra mən ölkəmə qayıtdım. Burada hər kəs məndən razı qalmışdı və sonra yenidən danışıqlara başladım və müqavilə imzaladım.
- Artıq may ayında müqavilən başa çatır. Bu barədə nə fikirləşirsən?
- Bu barədə hələ heç nə fikirləşməmişəm. Peşəkar futbolçuyam, ona görə o vaxtı gözləməliyəm.
- Əgər digər Azərbaycan klublarından təklif gəlsə, qəbul edərsən?
- Bəli, hər şey haqqında fikirləşəcəm, gələn təklifləri diqqətdən keçirəcəm. Ancaq hələ müqavilənin bitməsinə 5 ay var, bu müddətdə ancaq “Xəzər Lənkəran” haqqında fikirləşirəm. May ayında gələcək karyeram haqqında düşünəcəm.
- Komandan fasiləyə 8-ci pillədə yollandı. Geridə qalan 18 turu necə dəyərləndirirsən?
- İlk iki dövrə bizim üçün yaxşı alınmadı. Artıq biz bunları unudub irəlidəki oyunlara baxmalıyıq.
- Yəqin ki, sən də razılaşarsan ki, bu mövsüm çempionluq əldən gedib?
- Hazırda çempion olmaq çətindir, ancaq mövsümü ilk “üç”lükdə bitirəcəyimizdən əminəm. Kubokda da şansımız var, iki il əvvəl kubokun sahibi olmuşuq, keçən mövsüm finalda məğlub olduq. Hal hazırda I Divizion təmsilçisi “Araz Naxçıvan”la qarşılaşacağıq. Biz yaxşı oyun göstərib, bu mərhələni keçə bilərik.
- Komandanın başına Mustafa Dənizli gəldikdən sonra daha yaxşı nəticələr əldə edirsiniz. Yeni baş məşqçi ilə Toşak arasında nə kimi fərqlər var?
- Hər məşqçinin öz metodları var. Hər iki baş məşqçi olduqca peşəkardırlar. Toşak bəlkə də, buranın mentalitetinə uyğunlaşa bilmədi.
- Deyirlər, Dənizli komandanı çox “sıxır”..
- Belə deməzdim, lazımı gələndə o bizimlə zarafat edir ancaq məşqlərdə işimizə tam ciddi yanaşırıq.
- Komandaya gəlişindən sonra çox məşqçilər və oyunçular gəlib-gedib. Təxminən 4-5 nəfər köhnə komandadan qalan futbolçular var..
- Mənim bütün futbolçularla və məşqçilərlə yaxşı əlaqəm olub. Heç vaxt heç kimlə problemim olmayıb. Ən yaxşı əlaqəm Redniklə olub, çünki məni buraya o, gətirib.
- Həyat yoldaşınla tanış olmağından da danışardın?
- Biz keçən ilin yayında evləndik. Ruminiyada tanış olmuşduq 4 il əvvəl.
- Növbəti sualım həyat yoldaşın Beatriçeyədır. İlk olaraq Azərbaycan haqqında təəssüratlarını bildirərdin.
- Azərbaycan çox gözəl ölkədir, ancaq Ruminiya ilə çox fərqlidir. Çünki bizim fərqli mədəniyyətimiz, adət-ənənələrimiz var.
- Lənkəranda yaşamaq yaxşıdır, yoxsa Bakıda?
- Məncə, Bakı daha yaxşıdır. Çünki burada vaxt keçirmək üçün çoxlu imkanlar var. Ancaq Lənkəran balaca şəhərdir, ona görə orada elə çox imkanlar olmur.
- “Xəzər Lənkəran” məğlub olanda, Skarlatake yəqin çox əsəbi olur..
- Bəli. Həddindən artıq üzgün və əsəbi olur. Bəzən, elə olur ki, evdə mənimlə də danışmır.
- Azərbaycan mətbəxindən dada bilmisiniz?
- Əlbəttə, xüsusi ilə dovğa ən xoşladığım yeməkdir. Kəbab və ləvənginin də xüsusi yeri var.
- Yəqin ki, həyat yoldaşını stadionlarda yalnız qoymursan..
- Həmişə çalışmışam ki, bütün oyunlara gedim. Lənkəran və Bakıdakı bütün qarşılaşmalarda iştirak etmişəm, sadəcə rayonda olan matçlara gedə bilmirəm. Burada qadınlar stadiona gəlmirlər, düşünürəm ki, bu sizin mentalitetinizə uyğun deyil. Ruminiyada stadionda qadın azarkeşlər bəzən çoxluq təşkil edir.
- Azərbaycan sıxıcı gəlmir ki?
- Yox, çalışıram vaxtımı yaxşı dəyərləndirim, ya şəhəri gəzməyə çıxıram, ya da idman edirəm. Azərbaycanlı dostlarım da var, onlar da bizə çox kömək edirlər. Çox mehriban millətsiniz.
- Skarla, uzun bir müddətdən sonra həmyerlin Adrian Pit yenidən komandanın əsas heyətinə qayıtdı..
- Bu komanda üçün yaxşı haldır, o, uzun müddət oynamadı daha sonra belə yaxşı oyun göstərməsi həqiqətən müsbət haldır. O, hələ, tam hazır deyil. Antalya toplanışından sonra tam hazır olacaq.
- “Xəzər Lənkəran” azarkeşləri haqqında nə deyə bilərsən?
- Onlar Azərbaycanda ən yaxşı azarkeşlərdir, bunu mən yox, hamı deyir.
- Ancaq onlar bu il komandanın nəticələrinə görə çox üzgündürlər?
- Ola bilsin üzgündürlər, bu da ona görədir ki, komanda elə də yaxşı nəticə göstərmir. Onlar digər klubların azarkeşlərində fərqli olaraq, həqiqi azarkeşlərdir. Yadıma gəlmir ki, onlar hansısa səfər oyuunda bizi yalnız qoysunlar. Biz “Qarabağ” və “Neftçi”yə qalib gəlib, bu qələbələri də azarkeşlərə hədiyyə etməliyik.
- 2013-ü “Xəzər Lənkəran” adına necə dəyərləndirərdin?
- Bu il deməzdim bizim üçün pis keçdi, kubokun finalına qədər gəldik, biz Super kuboku qazandıq. “Qarabağ” ola bilsin ki, Avroliqada yaxşı oyun göstərdi, anca onlar heç bir mükafat qazana bilmədilər. Indi turnir cədvəlində yaxşı yerdə olmaya bilərik. Ancaq hələ mövsüm başa çatmayıb.
- “Xəzər Lənkəran”da müxtəlif mövqelərdə çıxış edirsən. Bu sənin üçün problem yaratmır ki?
- Mənim üçün fərqi yoxdur. Burada mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi və müdafiənin cinahlarında oynadım. Mən komandam üçün ən yaxşısını etməyə çalışıram.
- Beatriçe, burada nə kimi problemlərlə qarşılaşırsan?
- Elə ciddi problem yoxdur, bəzən olur ki, ölkəm üçün darıxıram, ancaq mənim həyat yoldaşım burdadırsa, mən də burada olmalıyam. Skarla burada xoşbəxtdirsə, mən də xoşbəxtəm (gülür)
- Azərbaycan dili çox çətindir yəqin?
- Bizim dildən çox fərqlənir. Mən çalışıram ki, Azərbaycanla dilini öyrənim, hətta kinolara da baxıram. Ən çox izlədiyim kino isə türk kinosudur “Mühtəşəm Yüz yıl”.
- Yəqin ki, başqa klublarda da dostunuz var?
- Bəli, Azərbaycanda bütün komandalarda dostlarımız var: Məsələn: “Bakı”dan Marius Pena, “Simurq”dan Raul Kostin və s.
- Boş vaxtınızı necə keçirirsiniz?
- Bakıda olanda şəhərdə gəzirik, Lənkəranda isə dağa getməyi xoşlayırıq.
- Artıq Dənizli sizin haqqınızda yeni qərar verib ki, futbolçular klubun bazasında, oteldə yox, şəhərdə evlərdə yaşayacaqlar. Bu qərarı necə qarşıladın?
- Məncə, bu da peşəkar bir qərar idi, çünki futbolçular şəhərdə əhali ilə ünsiyyətdə olmalıdır və yerli ölkənin şəraitinə uyğunlaşmalıdır.
Yusif HÜSEYN
Sportal.az
saytlarin hazirlanmasi