"Neftçi" öz işini doğru gördüyünü bir daha sübut etdi"
Ömrünün 40 ilini futbola həsr etmiş Gəray Qarayevin “B” kateqoriyasını ala bilməməsi xəbərini aldığımız anda “Neftçi” klubunun rəsmiləri ilə əlaqə saxlamağı lazım bildik. Nİyə məhz “Neftçi”? Çünki Gəray Qarayev hər dəfə əlinə imkan düşən kimi Böyükağa Hacıyevi tənqid edirdi. Digər tərəfdən isə Nazim Süleymanov “Neftçi”yə gəldikdən sonra məhz Gəray Qarayevi komandaya fiziki hazırlıq üzrə məşqçi gətirmək istəyirdi, lakin rəhbərlik buna qarşı çıxmışdı.
Gəray Qarayevin imtahandan kəsilməsi xəbərinə münasibət öryənmək üçün “Neftçi”-nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Aydın oldu ki, Gündüz Abbaszadə Gəray Qarayevin futbol biliyinə çoxdan bələd imiş:
"Bu xəbəri ilk dəfə sizdən eşidirəm. Birincisi, ona imtahanlardan keçməyi arzu edirəm. İkincisi, əgər Gəray Qarayev sınaqdan keçə bilməyibsə, bundan sonra ictimaiyyətin onun futbol biliyinə inanıb-inanmamağına özü qərar versin. Mənə gəldikdə isə, Gəray Qarayevin futbol savadına heç vaxt inanmamışam. Əgər bu xəbər düzdürsə, "Neftçi" öz işini doğru gördüyünü bir daha sübut etdi. Çünki Nazim Süleymanov onu komandaya fiziki hazırlıq üzrə məşqçi gətirmək istəyirdi, ancaq "Neftçi" razı olmadı. Biz öz məşqçimizin işindən razıyıq, onun "PRO" kateqoriyası var, özü də İspaniyada alıb. Onu Gəray Qarayevlə dəyişmək nə qədər doğru olardı? "
Sonda Abbaszadə bu məsələyə uyğun bir misal da çəkdi:
"Bu misal fransızlara aiddir. Deməli, bir gün bir neçə dost dağ ətəyində istirahət edirmiş və bu zaman iki çəllək fırlana-firlana gəlir, biri səssiz, digəri isə səs-küylə. Birinci səssiz gələn çəlləyi açırlar və görürlər ki, içi qiymətli əşyalarla doludur. Düşünürlər ki, səssiz gələn çəllək içi doludursa, gör səsli çəlləyin içində nələr var. Daha sonra ikinci çəlləyi açırlar, görürlər ki, səs-küylə gələn isə boşdur. Bu nümunə çox şeyi ətraflı izah edir".
saytlarin hazirlanmasi