Dayan, zaman, dayan! YAZI

11:44 - 21 Yanvar 2014

Biz Elikonu meydanlarda görməyə alışmışıq, həbsxanada yox

 

Həyat bir sınaqdır. Ancaq bu cəmiyyət bizi daha çətin, amansız, güzəştsiz, ədalətsiz və ən pisi insanlığımızla sınağa çəkir. İnsanlıq isə o qədər ucuzlaşıb ki... Elə insan da! Hər yeni gün daha bir insanlıq, daha bir insan itiririk.

 

Göz görə-görə daha 5 nəfəri itirmək üzrəyik. Ötən il avqutsun 25-də keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra yaşanmış iğtişaş zamanı həbs olunmuş azarkeşləri itirmək üzrəyik.

 

Ötən gün mətbuatda Eliko Ləzginçik kimi tanınan Elman Tağıyevin həbsxanadan yazdığı məktubu oxudum. Sosial şəbəkələrdə “Xəzər Lənkəran”ın çılğın fanatı kimi tanıdığımız Elikonun bu duruma düşdüyünü görmək çətin gəlir insana. Biz Elikonu meydanlarda görməyə alışmışıq, həbsxanada yox. Onu və digər 4 azarkeşi xuliqanlıqda ittiham edirlər və onları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Mən hələ də anlaya bilmirəm, nəyə görə? Futbol meydanlarında dava-dalaşlar həmişə olub və olacaq da. Əgər hər şeyə görə azarkeşləri həbsə atsaydılar, o zaman dünyada futbol azarkeşi qalmazdı. Bunu anlamaq və vəziyyətə obyektiv qiymət vermək bu qədərmi çətindi?

 

Adama ən pis təsir edən odur ki, məmur özbaşnalıqlarının baş alıb getdiyi bir məmləkətdə qanunun aliliyi yalnız sadə vətəndaşlar üçün nəzərdə tutulur. İnsanlara qarşı münasibətdə bu qədər ayrı-seçkilik etmək olmaz. Axı, onlar da bu ölkənin bərabərhüquqlu vətəndaşlarından biriləridirlər.

 

İğtişaşdan az sonra Eliko, Zaur Ərəbov və digərləri ilə bağlı məlumatların birində “molotov kokteyli, çevriliş, təxribat” kimi fikirlər səslənmişdi. Lənkərandakı hadisələrin sabahısı ANS telekanalının qonağı olan AFFA-nın baş katibi Elxan Məmmədov da çıxışında bir futbol hadisəsinə siyasi don geyindirmək üçün variantlar axtarırdı. Azarkeşin Qusardan Lənkərana gəldiyini xüsusi vurğulayan Məmmədov təxribata işarə edirdi. Elxan Məmmədov futbol adamı olsaydı, Eliko Ləzginçik və Zaur Ərəbov kimi futbol fanatlarının adlarını tanımalıydı. Belə baxanda, bir azarkeşin Qusardan Lənkərana gəlib sevdiyi komandasına azarkeşlik etməsini anlamaq Elxan Məmmədovun dərrakəsi üçün deyil. Axı, o, AFFA-da işləyənə qədər bir dəfə də olsun stadiona gəlməyib. O, həmin azarkeşlərə dəstək olmaq əvəzinə onları “baltalamağa” çalışırdı. İndi fikirləşirəm, nə yaxşı ki, Elxan Məmmədovun həmin açıqlamalarından sonra azarkeşlərə “terrorist” damğası vurmadılar.        

 

Anlamadığım daha bir məqam klubların fanatlarına qarşı göstərdiyi laqeyd münasibətdi. Düzdü, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” klubunun rəsmiləri bu məsələni diqqətdə saxladıqlarını deyirlər. Ancaq reallıq budur ki, 4 “Xəzər Lənkəran” və 1 “Neftçi” fanatı 5 aydır ki, həbsdədi. Və hər iki klub rəhbərləri o gücə qadirdilər ki, azarkeşləri elə bu gün həbsdən çıxarsınlar. Ancaq bunu etmirlər. Niyə? Axı, niyə bu aylar ərzində iki klubdan heç biri həbsdə olan azarkeşlərinin adları həkk olunmuş bannerlə meydana çıxmadılar? Niyə onları unutmadıqlarını nümayiş etdirmədilər? Niyə?

 

Yaxın günlərdə onlara hökm oxunacaq. Klub rəhbərləri susqundular, hələ dayanıblar. Zaman isə dayanmır. Hər keçən dəqiqə Elman Tağıyevi, Aqşin Əkbərovu, Elman İbrahimlini, Elçin Abdullayevi və Zaur Ərəbovu bizdən uzaqlaşdırır. Dayan, zaman, dayan!

 

Emin ABBASOV

Xəbər xətti