"Yox, ora gedə bilmyəcəm, çünki yol çox uzaqdı"
PFL-in prezidenti Ramin Musayevin Sportal.az və futbol11.az-a müsahibəsi
- Bir neçə gündü ki, siz də həm hakimlərin, həm də klubların Antalyadakı təlim-məşq toplanışını yaxından izləyirsiniz. Bu günə kimi düşündükləriniz nədən ibarətdir?
- Hakimlərin hazırlığından çox razıyam. Özünüz də görürsünüz ki, səhər saat 7-dən axşam saat 10-a kimi fasiləsiz hazırlaşırlar. Bu ona görə edilir ki, klublar hakim səhvindən xal itirməsinlər, futbolçular həvəsdən düşməsinlər. Haqsızlıqlar olanda futbolçular və klub rəhbərləri ruhdan düşürlər. Biz əksinə, çalışmalıyıq ki, futboldan kənar işlərlə məşğul olan insanlarda futbola maraq yaradaq. AFFA rəhbərliyi sağ olsun ki, hakimlərə belə gözəl şərait yaradıblar. Biz həmçinin yerli klubların hazırlıq oyunlarında da olduq. Hətta "Rəvan" - "Uniao" matçını yerli hakimimiz Ömər Paşayev idarə etdi. Mən hər zaman demişəm ki, bizim hakimlərdən yoxdu. Ancaq klublarla bağlı belə deyə bilərəm ki, təlim-məşq toplanışında hər şey yaxşıdı.
- Anar Salmanov ardıcıl güclü komandaların oyununa təyinat alıb. Sonuncu dəfə də "Legiya" - "Tom" oyununu idarə etdi. Bu onu deməyə əsas verir ki, Salmanov artıq Premyer Liqaya hazırlanır?
- Salmanov UEFA-ya və FİFA-ya hazırlaşır. Premyer Liqa hələ tezdi. Həm də cavandı.
- Demək olar ki, Premyer Liqada çıxış edən klubların Antalyadakı hazırlıq oyunlarına canlı baxmısınız. "Simurq"a hələ baxmamısınız, yəqin ki, qarşıdakı günlərdə ona da baxarsınız ...
- Yox, ora gedə bilməyəcəm, çünki yol çox uzaqdı. Ora gedəndə o biri komandalara baxa bilmirik.
- Olduğunuz yoldaşlıq matçlarında daha çox hansı klubun topla davranışı, oyunu, meydançada özünü aparması sizi qane etdi?
- Demək olar ki, hamısı xoşuma gəldi. "Neftçi" "Fənərbaxça"ya qarşı çox gözəl oyun nümayiş etdirdi. Əgər çempionatda belə oyun göstərsə, "Flaqman"ın qabağında heç kim dayana bilməz. "Xəzər Lənkəran" turnir cədvəlində özünə yaraşan yerdə olmasa da, hazırlıq oyunları mənə xoş təsir bağışladı. "İnter"in də oyununa canlı baxdım və oyunçu almasalar da çox xoşuma gəldi.
- Bu ondan irəli gəlmir ki, transfer etməyən klublar artıq ehtiyyatını yaydan görüblər?
- Bununla mən razı deyiləm. "İnter"in bu dəqiqə transferə ehtiyacı var. Hansı mövqeyə isə bunu deyə bilmərəm. "İnter" Avropa Liqasına çıxmaq istəyirsə, transfer etməlidir.
- Komandada Kaxa Sxadadze amili də var ...
- Onun məşqçiliyinə söz ola bilməz. Mən ondan məşqçi kimi çox razıyam. Həmişə rəqibi özünə güclü bilməsən, heç nə əldə edə bilmərsən. Kaxa Avropaya bu komanda ilə getsə, heç nə edə bilməyəcək. Yayda transfer etsə, yenə heç nə edə bilməyəcək. Çünki görürsünüz ki, burda necə güclü klublarla qarşılaşırlar. Avropaya kedən klub öz işini qışdan görməlidir.
- Futbol mütəxəssisləri belə düşünür ki, Azərbaycan Premyer Liqasında çempionluq 3 komanda arasında, "Neftçi", "Qəbələ" və "Qarabağ" arasında gedəcək. Mütəxəssislərin fikrində nə dərəcədə həqiqət var?
- Səhv fikirdi. qarşıda 18 tur var. 18 turda edir 54 oyun. Unutmayaq ki, vaxtilə Böyükağa Hacıyev "Bakı"ya gəldi və 8 oyunda 24 xal toplayıb çempion oldu. "Bakı" və "İnter" bu komandalardan geri qalmır. Düzdü, "Bakı"nın oyunlarını görə bilmədik, amma Pantiçin son turlardakı oyunlarını gördük. Hiss olunur ki, onun çəkdiyi əziyyət hiss olunur. "Qarabağ" və "Qəbələ"də yeni oyunçuya ehtiyac var. Bu mənim PFL-in prezidenti kimi yox, bir futbol azarkeşi kimi şəxsi fikrimdi. "Qəbələ"də müdafiədə problemləri var. Qabaqda da bir dənə Dododu. O da zədə, qırmızı alsa, nə olacaq?
- Yeni il başlayan kimi çempionatımızda gözlənilməz mşqçi dəyişiklikləri baş verdi. Nazim Süleymanov və Şahin Diniyevin istefaları nə qədər gözlənilməz oldu sizin üçün?
- Məni təcübləndirən yalnız Şahin Diniyevin istefası oldu. Mənim Nazim müəllimə böyük hörmətim var, vaxtilə güclü futbolçu olub, gözəl insandır. Onun haqqında geniş şərh vermək istəmirəm.
- PFL 2014-cü ildə klublarımıza hansı yenilikləri edəcək?
- Topların üstünə Topaz Premyer Liqasının adını yazdırmışıq.(Gülür)
- Bəs sizin nəsə əlavə bir fikriniz varsa, buyurun ...
- Demək istəyirəm ki, komandalarda seleksioner məşqçilər işləmir. Komandaların özünə layiq menecerləri yoxdur. Yaxşı olardı ki, yaxşı menecerlər klubları idarə etsin. Təlim-məşq toplanışının sonuna 10 gün qalmış futbolçu axtarmasın. Artıq hazırlıqlar əvvəldən başlanılmalıdır. Komandalar ilk məşqlərini yeni oyunçuları ilə başlamalıdır. Elə komandalar var ki, ad istəməyin, deməyəcəm, onlara hava-su kimi oyunçular lazımdır. Və oyunçuları alsalar da, həmin oyunçular ən azı klubda 3-4 oyun oynamalıdır.
Son olaraq bu gün qanlı 20 Yanvar günüdür. Allah birdə elə bir qara buludu Azərbaycanın üstünə gətirməsin. Allah hamısına rəhmət eləsin.
- Son olaraq Antalyadakı klubların hazırlıqlarını bir həftə ərzində işıqlandıran jurnalistlər haqqında fikirləriniz nədən ibarətdi?
- Görüdüm ki, burada iştirak edən jurnalistlərin hamısı can atır, oyunları izləmək üçün çalışırlar. Amma mən nə saytları, nə də ki, qəzetləri izləyirəm. Hörmətsizlik kimi başa düşməyin bunu. Bunu üçüm Aslan Şahgəldiyev var. Bu işlərlə o maraqlanır. Siz də gəldiniz işıqlandırdınız, sağ olun, var olun. Ən azından vətəndən kənar 7 gün yoldaşlıq etdik.
Ayaz İbrahimov və Elgiz Abbasov
saytlarin hazirlanmasi