Dənizliyə yol göstərmək YAZI

15:50 - 22 Yanvar 2014

Zohir Benouahini qoyub biz niyə təzə sürücü axtarmalıyıq?
 
Ustadlardan sitatla başlayaq ki, yazımız oxunaqlı alınsın. Dünyanın ən böyük yazıçılarından biri saydığım Əziz Nesin “Bir sürgünün xatirələri” əsərində bizim hamıya məsləhət verməkdə usta olduğumuzu yazır: “Tanışa, dosta ağıl vermək bizdə adətdir. Birinə ağıl vermək üçün ürəyimiz gedir. Ay, aman, nə olaydı, qabağımıza biri çıxa, ona yaxşıca bir məsləhət verək-deyə gözümüz dörddür. Ağıl verməkdə bizdən əliaçığı tapılmaz”.
 
Ustadım tamam düz deyir. Elə biri mən özüm, necə gündü ki, tərs damarım tutub. Oturub-durub məsləhət vermək istəyirəm. Özü də kimə-kimə Mustafa Dənizli kimi ünlü bir futbol adamına. “Xəzər Lənkəran”ın baş məşqçisinə ağıl vermək üçün ürəyim gedir.
Klub Dənizlinin vətəni Türkiyədə tər tökür. Antalyada təlim-məşq toplanışına yığışan “Xəzər Lənkəran” mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirir. Deməli, məsləhət verməyin əsl məqamıdı.
 
Mənə elə gəlir ki, Mustafa hoca kadr seçimində yanlışlıqlara yol verir. Türkiyəli çalışdırıcının bu dönəmdə buraxdığı səhvlər heç də yaxşı günlərini yaşamayan “Xəzər Lənkəran”a baha başa gələ bilər. Götürək elə Edu Oriolun klubdan geri göndərilməsini. İndiki məqamda bu futbolçunu İspaniyaya qaytarmaq nəyə lazım idi? İkinci dövrənin başlamasına az qalıb, futbolla nəfəs alan lənkəranlı azarkeşlər Mustafa Dənizlinin meydana buraxdığı futbolçuların oyununa baxmaq üçün stadiona axışacaqlar. Yəni stadionun girişində basabas yaranacaq. Bütün bunları nəzərə alıb ispan futbolçu Edu Oriolu klubun mühafizə xidmətinə işə götürmək lazım idi. Təcrübəli futbol adamı kimi Edunun bu vəzifədə kluba köməyi dəyə bilərdi.
 
Moskvada yaşayan Səyavuşdan tutmuş İrana gedən Dadaşa kimi bütün “Xəzər Lənkəran” azarkeşləri məni qınayacaq ki, guya mən türk futbolunun əfsanəsi Mustafa Dənizlinin işinə qarışıram. Amma işə qarışmamaq, ünlü məşqçiyə məsləhət verməmək də olmur axı. 
Götürək elə Nikola Qliqorovu. İlin-günün bu vaxtında makedoniyalının Antalyada nə işi var? Hamı bilir ki, Lənkəran stadionunun ot örtüyü, drenaj sistemi yaxşıca bir təmirə ehtiyac duyur. Səhvən Makedoniya millisinə dəvət alan Qliqorov xərəkdə qum, ot daşıya bilir. Mustafa hoca da ona xərəkdə ot daşıtdırmaq əvəzinə Antalyada futbol oynamağı öyrədir. Lap açığı, gərəksiz bir işlə məşğul olur.
 
Məndə və bütün “Xəzər Lənkəran” tərəfdarlarında olan məlumata görə, türkiyəli çalışdırıcı klubda dəmir nizam-intizam yaratmağa çalışır. Hətta həkimlərə futbolçuları daşıyan avtobusa minməyi yasaqlayıb. Deməli, həkimlərə, masajçılara başqa bir avtobus xidmət göstərəcək. Avtobus da öz-özünə gedən deyil ki, onu kimsə sürməlidir də. Zohir Benouahini qoyub biz niyə təzə sürücü axtarmalıyıq? Zalım oğlu futbol oynamır, heç olmasa avtobus sürsün. Özü də onun sükan arxasına keçdiyi avtobusu heç bir yol polisi işçisi saxlamaz. Kimdi bu qəliz ad-soyadı olan sürücü ilə asfaltın ortasında çənə döyən? Başqa klublar balonlarla göyə uçur, Mustafa Dənizli isə hələ də Benouahidən möcüzə gözləyir. Mən də məsləhət görürəm ki, ondan möcüzə-filan gözləməsin.
 
Dənizlinin həmvətəni ustad Əziz Nesin demişkən, ağıl verməkdə bizdən əliaçığı tapılmaz. Mən də bu yazıda əliaçıqlıq etmək istədim. 
 
Lap yadımdan çıxmışdı. Budəfəki transfer dönəminə də bir quş...
 
Etibar CƏBRAYILOĞLU 

Xəbər xətti