46-cı əcnəbi çalışdırıcı

14:28 - 3 Fevral 2014

Premyer Liqada 12-ci türkiyəli mütəxəssis
 
“Rəvan”ın türkiyəli baş məşqçisi Güvenc Kurtar Azərbaycan Premyer Liqasında debüt edib.
 
Sportal.az xəbər verir ki, 19-cu turun “Bakı” ilə qarşılaşması türkiyəli mütəxəssis üçün çempionatda birinci oyun olub. 1:5 hesablı məğlubiyyətə üzülən əcnəbi çalışdırıcı Premyer Liqa tarixinin 46-cı əcnəbi baş məşqçisi olub.
 
Cari mövsümədək 42 xarici mütəxəssisin çalışdığı çempionatda Milinko Pantiç (“Bakı”) və Yuri Syomin (“Qəbələ”) startda, Mustafa Denizli (“Xəzər Lənkəran”) isə ötən ilin sonlarında debüt etmişdi. Onların ardınca mövsümün 4-cü debütantı olan Kurtar bu rəqəmi 46-ya çatdırıb.
 
Kurtar Premyer Liqada çalışan 12-ci türkiyəlidir. Ona qədər Rasim Kara (“Qarabağ” və “Xəzər Lənkəran”), Naci Şensoy, Mustafa Yılmaz (hər ikisi “Turan”), Fatih Kavlak(“Qəbələ”), Bülent Korkmaz (“Bakı”), Cüneyt Biçer (“Bakı” və “Xəzər Lənkəran”), Mehmet Tayfun Türkmən (“Gənclərbirliyi”), Cevat Gülər (“Rəvan”), Şenol Fidan, Mustafa Denizli (hər ikisi “Xəzər Lənkəran”), Fuad Yaman (“Karvan”) Azərbaycan çempionatında çalışıb.
 
Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 12, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi 1.
 
Kurtar “Rəvan”ın tarixində 3-cü əcnəbi baş məşqçidir. Ona qədər həmyerlisi Cevat Gülər və bosniyalı Kemal Alispahiç də paytaxt klubunda çalışıb. Ümumilikdə isə Azərbaycanın 17 klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran” - 8, “Bakı” – 7,  “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” , “Rəvan” – hərəsi 3, “Muğan”, AZAL – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
 
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.

Xəbər xətti