"Rəvan" yeni baş məşqçi və futbolçularla oynamasına baxmayaraq heç nə ilə yadda qalmadı" MÜSAHİBƏ

13:50 - 4 Fevral 2014

Mahmud Qurbanov: "İndidən kimin nəyə qadir olduğunu demək bir az çətindir"
 
Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanovun Sportal.az-a müsahibəsi
 
- Premyer Liqanın 19-cu turunda neçə oyunu canlı izlədiniz?
- Bu tur üç oyun izlədim: "Qarabağ" - "Xəzər Lənkəran", "Bakı" - "Rəvan" və "İnter" - AZAL.
 
- Bu üç oyundan sizin üçün hansı daha maraqlı keçdi?
- Təlim-məşq toplanışından sonra çempionatın ilk turudur, indidən kimin nəyə qadir olduğunu demək bir az çətindir. İki-üç turdan sonra kimin hansı gücə olduğu, çempionata necə hazırlaşdığı bilinəcək. 
 
- "Xəzər Lənkəran"ın səfərdə "Qarabağ"ı məğlub etməsini sensassiya adlandırmaq olar?
- Yox, bunu sensassiya adlandırmazdım. Çünki "Qarabağ" birinci hissədə yaxşı oynadı, bir neçə epizodlar da yaratdı, amma ikinci hissədə "Xəzər Lənkəran" daha rahat oynadı.
 
- "Bakı" - "Rəvan" oyununu necə dəyərləndirirsiniz?
- "Bakı" asan qələbə qazandı. "Rəvan" yeni baş məşqçi və futbolçularla çıxmasına baxmayaraq heç nə ilə yadda qalmadı.
 
- "İnter" - AZAL oyunu haqqında nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı.  İlk hissə "İnter", ikinci hissə AZAL daha yaxşı oynadı. Məncə, heç-heçəlik oyun idi. "İnter" Ruslan Əmircanovun ustalığı sayəsində qələbə qazandı.
 
- Bu üç oyunda yığmanın məşqçisi kimi hansı yeni futbolçuları milliyə namizəd kimi görürsünüz?
- Hələlik belə namizəd yoxdur.  Birinci oyundur, indidən nəsə demək tezdir. Millinin öz oyunçuları da normal təsir bağışladı.
 
- Berti Foqtsla hansısa danışığınız olub ?
- Yox, bu həftə gəlməlidir və onda söhbət edəcəyik. Bizim işimizin nədən ibarət olduğunu o zaman deyəcək. Mənim üçün oyunlara baxmaq maraqlıdır, digər bir yandan da millinin futbolçularının və ya namizədlərin oyununu görürəm.
 
Yusif HÜSEYN

Xəbər xətti