Premyer Liqanın son turuna sözardı
Premyer Liqada 19-cu turun oyunları keçirilib. Qış fasiləsinə lider kimi yollanan “Qarabağ” 3-cü pilləyə yuvarlanıb. “Qəbələ” zirvəni ələ keçirib. “Neftçi” yenə çempionluq mücadiləsini davam etdirir.
“Qarabağ”ın qara bəxti
Turun mərkəzi qarşılaşması “Qarabağ” və “Xəzər Lənkəran” klubları arasında keçirildi. Qarlı hava şəraitinin olması oyunun çətin keçməsini şərtləndirirdi. Çünki həm “Qarabağ”, həm də “Xəzər Lənkəran” yaradıcı futbol üslubuna üstünlük verən komandalardı, ağırlaşmış meydança isə dağıdıcılıq üçün münasib idi. Birinci hissə olduqca maraqlı keçdi. “Xəzər Lənkəran” bir neçə epizodda fərqlənməyə yaxın olsa da, birinci hissə ümumən “Qarabağ”ın diqtəsi altında keçdi. Lakin bu oyunda da “Qarabağ”lı futbolçular qol imkanlarını sağa-sola xərcləməklə yadda qaldılar. Reynaldo, Vüqar Nadirov, Leroy, Çumbinyo qola yaxın olsalar da, “Qarabağ”ın bəxti yenə qara gəldi. Qapısını toxunulmaz saxlayan “Xəzər Lənkəran” ikinci hissənin əvvəlində Skarlatake ilə hesabı açmağa nail oldu. Əgər xatırlayırsınızsa, “Qarabağ” ilk dövrədə məğlub olduğu AZAL matçında da standard vəziyyətdən sonra rəqibin başla vurduğu qola əngəl ola bilməmişdi. Oyunun sonuna xeyli vaxt qaldığından Ağdam təmsilçisinin irəli atılaraq hesabı bəarbərləşdirmək üçün imkanlar qazanacağını düşünmək olardı. Ancaq ikinci hissə təhlükəli epizodlar baxımından kasad oldu. “Xəzər Lənkəran” “Boyük oyun” öncəsi qazandığı bu qələbə ilə ruh yüksəkliyi qazandı.
Böyükağanın böyük hesablı dönüşü
Türkiyə toplanışını Böyükağa Hacıyevin rəhbərliyi altında keçən “Neftçi” yoxlama matçlarında yaxşı təsir bağışlamışdı. “Neftçi”nin təcrübəli mütəxəssisin dönüşündən sonra ilk rəsmi sınağı evdə “Simurq”a qarşı idi. Birinci hissənin qolsuz bərabərliklə sona çatması qonaqları ümidləndirsə də, yenə səhnəyə Böyükağa çıxdı. Onun sonradan döyüşə atdığı Nfor və Cavid İmamverdiyev cütlüyü oyunun müqəddəratını həll etdi. 3 qol və inamlı qələbə. “Neftçi” yenə çempionluq mübarizəsində əsas favoritlərindəndi.
“Qəbələ” dayanmaq bilmir
Qış fasiləsində ən səs-küylü transferlər reallaşdıran “Qəbələ” özü də hiss edir ki, heç vaxt olmadığı qədər çempionluğa yaxındı. Ölkənin bir nömrəli qapıçısı Kamran Ağayevi və “Portu”dan icarəyə götürdüyü Marat İzmaylov “Qəbələ”nin gücünə güc qatacaq. 19-cu turda “Qəbələ”nin rəqibi “Sumqayıt” oldu. Hamıya aydın idi ki, bu “Sumqayıt” belə “Qəbələ”yə badalaq vurmaq gücündə deyil. Düzdü, “Qəbələ” bu mövsüm “Sumqayıt”a məğlub olmuşdu. Ancaq “Sumqayıt” o vaxtdan bu yana elə bil lap taqətdən düşüb.
Pantiç geri çəkilmək istəmir
“Bakı” da Premyer Liqanın ikinci hissəsinə darmadağınla başladı. Pantiçin komandası “Rəvan”ı 5:1 hesabı ilə yendi. “Bakı” növbəti tur səfərdə “Simurq”u da üstələsə, Pantiçin kolektiviliderlərə bir qədər də yaxınlaşacaq. Güvənc Kurtarı xilaskar obrazında görən “Rəvan” isə yeni heç nə vəd etmədi.
Kaxa öz işini bilir
“İnter” – AZAL matçının ən obyektiv hesabı heç-heçə olmalı idi. Lakin sonda meydan sahibləri sevindi. Ruslan Əmircanovun cərimə zərbəsindən vurduğu qol Kaxaya nəfəs verdi. Mövsümə pis başlayan Sxadadzenin komandası ola bilsin ki, çempionluq mücadiləsinə qoşulsun. Ancaq öz imkanlarına bələd olan “İnter” daha çox Avropa Liqasına vəsiqə üçün vuruşacaq.
saytlarin hazirlanmasi