Mikayıl Nərimanoğlu İcraiyyə Komitəsinin üzvünü yalançı çıxartdı
Milli komandanın baş məşqçisi Berti Foqts qış fasiləsində Türkiyəyə yollandı, klublarımızın düşərgəsinə baş çəkdi, məşqçilərlə görüşlər keçirdi. Dünyanın heç bir normal futbol ölkəsində Azərbaycandakı qədər pul qazana bimləyəcəyini anlayan Foqtsun nəhayət işləmək həvəsinə düşdüyünü zənn etdik. Ancaq deyəsən, yenə yanıldıq.
Premyer Liqada qış fasiləsindən sonra ilk turun oyunları keçirilsə də, Foqtsu görən olmadı. Maraqlıdır ki, onunla müqavilə müddəti uzadılanda qarşısına yeni şərtlər qoyulmuşdu. Foqts çempionatın oyunlarını mütəmadi izləməli, ayın daha çox hissəsini Bakıda keçirməli idi.
Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq:
“Yox, Foqtsun qarşısına çempionatın oyunlarını izləməsi ilə bağlı heç bir şərt qoyulmayıb, ona tövsiyyə olunub ki, daha çox oyun izləsin. Azərbaycanda daha çox olması da, şərt deyil, tövsiyyədi”.
Mikayıl bəy bu açıqlaması ilə İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimovu yalançı çıxartdı. Foqtsla müqavilə uzadıldıqdan sonra Mirkamil Rəhimov lent.az saytına (http://news.lent.az/news/149525) açıqlama vermişdi. Mirkamil bəy həmin vaxt Berti Foqtsla bağlı məsələyə belə münasibət bildirmişdi:
“Komitə üzvləri almaniyalı mütəxəssislə müqavilə müddəti uzadılarkən, qarşısına qoyulan tələblərin daha da ciddiləşdirilməsini təklif ediblər. Qərara alınıb ki, Foqts əvvəlki kimi ayda 2 həftə deyil, 3 həftə Azərbaycanda olsun, Topaz Premyer Liqasının oyunlarını müntəzəm izləsin və 2016-cı il Avropa çempionatı üçün daha güclü komanda formalaşdırsın”.
Əgər diqqət yetirdinizsə, Mirkamil bəy konkret deyir ki, Foqts 2 həftə yox, 3 həftə Azərbaycanda olmalıdı. Mikayıl Nərimanoğlu isə deyir belə söhbət olmayıb. İcraiyyə Komitəsinin üzvü deyir qərara alınıb ki, Premyer Liqanın oyunlarını müntəzəm izləsin, AFFA-nın mətbuat katibi isə deyir, qərar yoxdu, tövsiyyə var. İndi kimə inanaq?
Futbol ictimaiyyətini kim dolayıb: Berti Foqts, Mirkamil Rəhimov, yoxsa AFFA?
Emin ABBASOV
saytlarin hazirlanmasi