Georgi Nikolov: "Qarabağ"ın evdə uduzacağını gözləmirdim"
“İnter”in prezidenti Georgi Nikolovun Sportal.az-a müsahibəsi
- AZAL-a qarşı “İnter”in oyunundan razı qaldınız?
- Adətən ilk oyun çətin olur. AZAL-la da qarşılaşma istisna olmadı. Bizdən əvvəl baş tutan oyunlarda da bunu gördüm. Ola bilər ki, şaxtalı hava şəraiti buna imkan vermədi. Hardasa fasilənin də uzun olması burada rol oynadı. Bir sözlə oyunumuz istənilən kimi alınmadı. Nəticədə çətinliklə olsa da, qələbə qazana bildik.
- Rəqib necə təsir bağışladı?
- AZAL çətin rəqibdi. Statiskayla götürsək demək olar ki, qüvvələr eynidi. Əgər birində “İnter” qalib gəlirsə, digər oyunda AZAL udur. Bəzən də heç-heçə olur. Hətta aradakı top fərqidə bərabərdi. Bugünkü matçda da hansısa komandanın üstün tərəf olduğunu demək olmaz. Sadəcə, bizim futbolçular yaranmış fürsətlərdən istifadə edə bildilər. Ruslan Əmircanovun cərimə zərbəsindən vurduğu top qol olmasaydı, onda oyunun taleyi necə olacağını bilmək olmazdı. Yaxşı ki, Ruslanın zərbəsi dəqiq alındı və “İnter”ə üç xal gətirdi.
- “İnter”in yeni transferlərini bəyəndiniz?
- Yeni oyunçulardan yalnız birini meydanda görə bildim. Bakonyano Yohanı yaxşı təsir bağışladı. Fransalı futbolçu müdafiədə çox soyuqqanlı oynadı. Onun bir futbolçu kimi təcrübəli olduğu göründü. Bu futbolçunun “İnter”ə böyük köməyi dəyəcək.
- Lider “Qarabağ”ın ilk oyunda “Xəzər Lənkəran”a məğlub olmasına necə baxırsız?
- Düzü, bu mənim üşün sensasiya oldu. Açığı, “Qarabağ”ın evdə uduzacağını gözləmirdim. “Xəzər Lənkəran” ən yaxşı halda Bakıdan bir xalla dönə bilərdi. Əslində “Qarabağ”ın yaratdığı qol epizodları çox idi. Lakin onu qola çevirə bilmədilər. Hardasa “Qarabağ”ın da bəxti gətirmədi. Futbolda belə şeylər olur.
-“İnter” lider “Qəbələ”dən 8 xal geri qalır. Sizcə, aradakı bu fərqi əritmək mümkün olacaqmı?
- Bunun nə qədər çətin olduğunu bilirik. Ancaq mümkünsüz də deyil. Hələ qarşıda iki dövrə var. Çempionluq uğrunda mübarizə aparan komandlar iki dəfə bir-biriylə üz-üzə gələcəklər. Ona görə də indidən kimin çempion olacağını demək tezdi. Hətta “Xəzər Lənkəran”ı çempionluq siyahısından silmək olmaz. Onların şansları da qalır. Dörd dövrəli sistemdə son iki mərhələnin oyunları həlledicidi. Burada az xal itirən komandanın çempion olmaq şansı daha çoxdu.
Şahin OĞUZ
saytlarin hazirlanmasi