"Mustafa Dənizlinin gəlişindən sonra "Xəzər Lənkəran"da türk ruhunu gördüm" MÜSAHİBƏ

11:25 - 5 Fevral 2014

Tahir Süleymanov: "Neftçi" azarkeşlərindən xahiş edirik ki, stadiona gəlməsinlər"
 
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun Sportal.az-a müsahibəsi
 
- "Neftçi" III dövrənin ilk oyununda "Simurq"u 3 cavabsız qolla üstələdi. Komandanın oyunu sizə necə təsir bağışladı?
- Fasilədən sonra ən önəmlisi nəticədir. 3 qol vuraraq 3 xalı aktivimizə yaza bildik. "Flaqman" ikinci hissədə hava şəraitinə baxmayaraq  baxımlı futbol oynadı. Rəqib isə çempionatımızda ən az qol buraxan komandalardan biridir, lider komandalara qarşı əzmkar mübarizə aparmağı bacaran klubdur. Təlim-məşq toplanışından sonra yolumuza əmin addımlarla davam edirik. Bu qələbə işlərin yaxşı getdiyi bir vaxtda bizi qəti şəkildə arxayınlaşdırmamalıdır.
 
- Böyükağa Hacıyevin gəlişindən sonra komandada nə dəyişdi?
- Bilirsiniz, hər bir məşqçinin öz üslubu, sitemi var.  Böyükağa müəllim "Neftçi"yə yaxın bir insandır. Ən önəmli olan amil o idi ki, komanda əvvəlki ruhunu qaytarmalı idi. Böyükağa Hacıyev yenidən "Neftçi"yə o ruhu qaytardı. Futbolçuların və rəhbərliyin birgə fikri bu oldu ki, meydanda sona kimi vuruşaq və qələbə qazanaq. Komandanın sonuncu oyunda hücum futbolunu yüksəv səviyyədə oynaması, buna əyani sübütdur.
 
- "Neftçi" qış transfer pəncərəsində  heyətinə yalnız iki futbolçu qatdı ...
- Hər bir klubun öz strategiyası var. Transfer etdiyimiz Samir Məsimov "Simurq"la oyunda da start heyətində meydana çıxmışdı.  "Zenit" klubundan da gənc, perspektivli yerli futbolçumuz Elvin Bədəlovu heyətimizə qatdıq. Bizim yolumuz budur. "Neftçi" gənc futbolçuların yetişəməsində müstəsna xidmətlərə malikdir. Biz bu yola 4 il bundan qabaq başlamışıq. Elvin Yunuszadə, Tərlan Quliyev, Araz Abdullayev,  Cavid İmamverdiyev  kimi futbolçularımız başqa klublarda çıxış ediblər. Daha sonra isə "Neftçi"nın əsas üzvlərindən birinə çevriliblər. Bu işlər planlı şəkildə davam edir. Onu da qeyd edim ki, "Simurq"un heyətində bizim futbolçumuz Nicat Qurbanov çıxış edir. "Neftçi" ilə oyunda da özünü ən yaxşı tərəfdən  göstərdi.
 
- Çempionluq uğrunda iddialı rəqibləriniz "Qarabağ" və "Qəbələ" kimi güclü komandalar öz heyətlərini gücləndirdi. Bu sizi narahat etmir?
- Qətiyyən narahat etmir. Klub heç vaxt bir transferdən asılı olmamalıdır. Əsas, komandada sistemin olmasıdır və o sistem işləyirsə, orada heç bir problem ola bilməz. Hətta qeyd edim ki, "Simurq"la oyunda millinin üzvü Mahir Şükürov və Elvin Yunuszadə kimi aparıcı futbolçularımız yox idi.  Bütün bunlara baxmayaraq 3:0 hesabı ilə qalib gəldik. Bir daha vurğulayıram ki, bunların ən böyük səbəbi "Neftçi"nin qalib ruhunun qayıtmasıdır. O sistemin yenidən davamıdır. Biz heç vaxt qışda çox transfer etmirik və bunu da doğru saymırıq. Çünki biz daha çox oturmuş heyətə üsütünlük veririk. Bizim məqsədimiz komandadkı səviyyəli legionerlərlə birlikdə gənc oyunçuların hazırlanmasıdır.
 
- Qarşıda sizi Premyer Liqanın 20-ci turunda "Xəzər Lənkəran"la çətin oyun gözləyir. Son turda "Xəzər Lənkəran"ın "Qarabağ"la oyunu sizə necə təsir bağışladı?
- Antalyada "Fənərbaxça" ilə qarşılaşarkən və "Simurq"la da matçda "Xəzər Lənkəran"ın məşqçilər korpusu bizim oyunları izləməyə gəlmişdilər. Biz də onlara hər cür şəraiti yaratdıq. Biz də  onların "Qarabağ"la oyununa baxdıq. Bu mənim şəxsi fikirmdi, Mən "Xəzər Lənkəran"da Mustafa Dənizlinin gəlişindən sonra türk ruhunu gördüm. Türkiyə çempionatında gördüyümüz sona kimi mübarizə elementinin təcrübəli çalışdırıcı öz komandasına aşılaya bilib. Mustafa Dənizlinin gəlişindən sonra taktika baxımında yaxşı mövqe seçiblər. "Qarabağ"la oyun buna sübutdur. Cənub təmsilçisinin qələbəsi bir daha göstərdi ki, "Xəzər Lənkəran" öz iddiasını davam etdirir. Belə olan halda rəqabət də artır. Rəqabət olan yerdə isə inkişaf olur.
 
- Lənkərana "Neftçi" tərəfindən azarkeş aparılacaqmı?
- Bununla bağlı müvafiq qurumun qərarı var.  Sonuncu "Neftçi" - "Xəzər Lənkəran" matçında Lənkəranlı azarkeşlər stadiona buraxılmadı. 20-ci turda keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" matçına bizim azarkeşlər aparılmayacaq. İnanıram ki, Lənkəran öz azarkeşləri ilə stadionu dolduracaq və maraqlı oyun olacaq. İnşallah, güclü olan qalib gələcək. 
 
- Birdən "Neftçi" azarkeşləri özləri Lənkərana getsə, hansı hadisə baş verəcək?
- Yəqin ki, müvafiq qurumlar buna nəzarət edəcək. Bu görüşə "Neftçi" azarkeşləri buraxılmamalıdır. Biz də "Neftçi" azarkeşlərindən xahiş edirik ki, stadiona gəlməsinlər. 
 
Ayaz İBRAHİMOV

Xəbər xətti