"Rəvan" - "İnter": ilk qələbə sorağında

12:12 - 6 Fevral 2014

Hər iki komandanın heyətində cəzalı futbolçular var
 
Azərbaycan Premyer Liqasının 20-ci turunda “Rəvan” “Bayıl Arena”da “İnter”i qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, Azərbaycan çempionatları tarixində buna qədər altı dəfə qarşılaşan komandaların duelində “İnter” aşkar üstünlüyə malikdir. Kaxaber Sxadadzenin yetirmələri görüşlərin hamısında rəqibini məğlub etməyi bacarıb. Ümumilikdə qapısından 4 qol buraxan “İnter” rəqibi 15 dəfə meydanın mərkəzinə dəvət edib.
 
30.10.2011 Rəvan (Bakı) - İnter (Bakı) 1:2
07.03.2012 İnter (Bakı) - Rəvan (Bakı) 1:0
04.10.2012 Rəvan (Bakı) - İnter (Bakı) 0:2
02.12.2012 İnter (Bakı) - Rəvan (Bakı) 2:0
25.08.2013 Rəvan (Bakı) - İnter (Bakı) 1:5
02.11.2013 İnter (Bakı) - Rəvan (Bakı) 3:2
 
Qeyd edək ki, son turda digər paytaxt təmsilçisi “Bakı” ilə qarşılaşan “Rəvan” rəqibinə 1-5 hesabı ilə uduzub. Qış fasiləsində komandaya təyin olunan yeni baş məşqçi Güvenc Kurtar heyətə bir neçə yeni futbolçu cəlb etsə də, bu, hələ ki, bəhrəsini verməyib. “Rəvan” bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyib (5 bərabərlik, 4 məğlubiyyət). Bundan başqa komanda ev oyunlarında cəmi 4 dəfə rəqibi məyus edə bilib.
 
Mövsümə uğursuz start verən “İnter” isə ötən tur AZAL-ı məğlub etdi – 2:1. Liderlər qrupu ilə arasındakı xal fərqini qorumaq üçün “İnter”in səfər oyunundan qələbə ilə qayıtması vacibdir. Buna qədər keçirdiyi 8 səfər oyununda 15 xal yığan “İnter” 5 qələbə və 3 məğlubiyyətlə Topaz Premyer Liqasının ən yaxşı üçüncü səfər komandasıdır. 14 dəfə rəqib qapıçılarını məğlub edən paytaxt klubu 9 dəfə öz qapısında qol görüb.
 
Bu tur hər iki komandanın heyətində cəzalı futbolçular var. Mişel Balokoq (“Rəvan”) və Baçana Sxadadze (“İnter”) paytaxt derbisində komandalarına kömək edə bilməyəcəklər.

Xəbər xətti