Vaqif Cavadov:"Amma hesab edirəm ki, ikinci hissədə hər hansı bir baxımlı futbol olmadı"
Azərbaycan milli komandasının və “İnter” klubunun aparıcı futbolçusu Vaqif Cavadov “Rəvan”la oyundan sonra Sportal.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Qələbədə böyük payın oldu. Matçın son dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib, komandanın səfər oyunundan qələbə ilə ayrılmasını təmin etdin. İlk növbədə bununla bağlı düşüncələrin maraqlıdır...
- Çətin bir oyun oldu. Düşünürəm ki, yaxşı komandaya qarşı oynadıq. Yeni baş məşqçi gəldikdən sonra müəyyən dəyişikliklər ediblər. Lakin düşünürəm ki, bəzi epizodlarda vaxt uzatdılar. Bunun səbəbini tam bilmirəm. Yəqin ki, yorğun idilər və ya tam hazır deyildilər. İndi bütün bunları müzakirə etmək istəmirəm. Bizim üçün əsas olan qələbə idi və onu da əldə etdik. Düşünürəm ki, biz haqsız yerə 3 xal qazanmadıq.
- Vaxt uzatmaq məsələsi hesab bərabərləşdikdən sonra oldu... Bir şeyi də nəzərə almaq lazımdır ki, “Rəvan”ın bərabərlik qolundan öncə də bir neçə şansı vardı, sonra da...
- Elədi. Komandamızda hər hansı bir arxayınlıq yox idi. Sadəcə, biz bir neçə epizodu dəyərləndirə bilmədik. Biz səhv etdik, rəqib isə bundan yararlanıb, bərabərlik qolunu vurdu. Amma tarixdə nəticə qalır. “Rəvan”la bağlı isə yüksək fikrdəyəm. “Rəvan” futbol oynamağı bacaran komandadır. Eləcə də biz hər oyundan zövq almağa çalışırıq. Amma hesab edirəm ki, ikinci hissədə hər hansı bir baxımlı futbol olmadı.
- Sənin penalti zərbəni dəqiq yerinə yetirməndən sonra müəyyən mübahisə yarandı. Laşa Salukvadze həqiqətən də tərbiyəsiz jest etdi və azərbaycanlı məşqçi Fizuli Məmmədov bunun qarşısında susmadı. Vaxtilə legioner həyatı yaşamış bir insan kimi hansısa legionerin Azərbaycanda bu hərəkətə yol verməsinə necə baxırsan?
- Mən ona görə, Fizuliyə yaxınlaşıb, üzr istədim. Oyundan sonra həm Laşanı, həm də Fizulini çağırdım, aramızda söhbət oldu. Fizuli bizim yaxşı oyunçumuzdur, qardaşımızdır. Mənim ona böyük hörmətim var. Fizuliyə qarşı belə hərəkət edən legioneri başa salmaq lazımdır və başa saldıq da. Düşünürəm ki, bir daha belə hal olmaz.
saytlarin hazirlanmasi