"Bəzi lənkəranlı azarkeşlər bizi alqışladılar, "böyük komanda belə olur" deyərək stadionu tərk etdilər"

12:45 - 10 Fevral 2014

Tahir Süleymanov: "Neftçi"ni gözügötürməyənlər var"
 
“Xəzər lənkəran”la qarşılaşmada baş verən qalmaqallı hadisələrə “Neftçi”nin vitse-prezidenti  Tahir Süleymanov aydınlıq gətirib. 
 
Sportal.az-a açıqlamasında klub rəsmisi oyunda baş vəran bəzi məqamlara aydınlıq gətirib:
 
“Əvvala, söhbət “böyük oyun”dan gedirsə, bütün məsələlərə kompleks yanaşmalı lazımdır. “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasına ölkənin bir nömrəli derbisi deyilir. Belə bir oyuna diqqət hazırlıq öncədən olmalıdır. Əsasən də, burada oyunun təşkilati məsələlərinə diqqət yetirilməlidir. 
 
Artıq 3-4 gün əvvəldən bilirdik ki, oyunda bəzi problemlər yaşanacaq. “Neftçi”nin qarşısını dayandırmaq üçün hər cür maneələrə əl atacaqdılar. Elə ilk maneələr də, matçın teleyayımı ilə başladı. Əvvəlcədən də bilirdilər ki, bu oyunda təxribatlar və qalmaqallar baş verəcək. Ona görə də, canlı yayımlanmasına süni maneələr yaratdılar və nəticədə televiziyada yayımlanmadı. 
 
İkincisi, Rəhim Həsənovun “böyük oyun”a təyinat almaq məsələsidir. Necə olur ki, hansısa komandanın istəyi ilə hakim təyinat almır və yaxın buraxılmır. Fariz Yusifov “Qarabağ”ın oyunlarını idarə etmir, Əliyar Ağayev isə daim “Qarabağ”ın oyununa təyinat alır. Bizim üçün hansı hakimin “Neftçi”nin oyununu idarə etməsinin fərqi yoxdur. Rəhim Həsənovun bu oyuna təyinat almasından məlum idi ki, “Neftçi”nin qarşısını alacaqlar. Həmin Rəhim Həsənovdur ki, “İnter”lə oyunda başımıza oyun açdı və bizə qarşı səhvləri sübut olundu. “Böyük oyun”a da belə bir hakimin təyin olunması “Neftçi”nin başına oyun açmaq üçün idi. “Neftçi” kənardan elə bir klub deyil ki, belə maneələrlə qarşısı alınsın. 
 
Lənkəranda avtobusumuzun şüşəsini qırdılar. Bununla bağlı AFFA, PFL və “Xəzər Lənkəran” rəhbərliyini xəbərdar etdik. Bugünki oyun bir daha onu göstərir ki, “Neftçi”nin qarşısını almaq olmayacaq. Bizim istəyimiz futbol oynamaqdır. Bütün psixoloji gərginlik və hakim özbaşnalığı sonda komandamızın qapısında iki qol görməsilə başa çatdı. Son dəqiqələrdə baş hakim qapı xəttini, yan xətt hakimi isə küncdən zərbəni göstərir. Oyunda hakim səhvləri var idi.
 
İkinci hissənin ortalarında azarkeşlər oturacaqları sındırıb meydana atırdılar, meydançaya yad əşya atılırsa,oyun niyə dayandırılmadı? Bu oyunda “Neftçi”nin azarkeşi yox idi, onda niyə Lənkəranlı azarkeşlər belə edirdilər? Oyunun başlanğıcından sonuna qədər xorla Mahir Şükürovu söydülər. Bütün bunlar futbolun inkişafına xidmət edir? Bütün gərginliyin olmasına baxmayaraq, oyun heç-heçə başa çatsa da, biz Lənkərandan qalib kimi çıxdıq. “Neftçi”ni gözügötürməyənlər var. Üç il ardıcıl çempion oluruq, bu mövsüm də çempionluğa doğru gedirik. Ona görə də, hər nə olursa olsun, kənardan bizim qarşımızı almağa çalışırlar.  Təəsüflər olsun ki, lənkəranlı azarkeşlər öz komandalarından daha yaxşı oyun tələb etmək əvəzinə, rəqibə təzyiq göstərməyə başlayırlar. Başa düşə bilmirəm, niyə “Neftçi”yə etiraz edirlər? Ancaq bu bütün lənkəranlı azarkeşlərə aid deyil. Biz hesabda irəlidə olanda, bəzi lənkəranlı azarkeşlər bizi alqışladılar, “böyük komanda belə olur” deyərək stadionu tərk etdilər.
 
Rəhim Həsənov məkrli niyyətini üç oyunçumuza qırmızı vərəqə verməklə göstərdi. Bir oyunda bir komandaya qırmızı vərəqə verməklə “Guiness”in rekordlar kitabına düşəcək. Onun özbaşnalıq etməsinə kim haqq verib? Bu məsələlər araşdırılmalı və hakim elədiyi haqsızlıqlara görə cavabını olmalıdır. “Neftçi” flaqman olduğunu Lənkəranda sübut edib geri qayıtdı. Birbaşa AFFA prezidenti Rövnəq Abdullayevə “Neftçi” klubu adından şikayət məktubu ünvanlayacağıq. Mən istərdim ki, AFFA-ın vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev bu oyunda iştirak edib təşkilatı işlərə şahidlik edərdilər. “Neftçi” klubu heç bir təxribata uymayaraq Lənkəranı sakit şəkildə tərk etdi”.

Xəbər xətti