"Simurq"la "İnter" arasında keçirilən görüşdə yaşanan xoşagəlməz olaya Zaqatala şəhər stadionunun işçisi səbəb olub
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında XXI turun açılış oyununda baş verən qalmaqalın təfərrüatları məlum olub.
Sportal.az xəbər verir ki, "Simurq"la "İnter" arasında keçirilən görüşdə yaşanan xoşagəlməz olaya Zaqatala şəhər stadionunun işçisi səbəb olub.
Belə ki, matçın start fitindən sonra meydançanın kənarında duran bir şəxs davamlı olaraq qonaq komandanın hücumçusu Coşqun Diniyevi və onun valideynlərini ağır söyüşlərlə təhqir edib. Buna cavab olaraq, gənc futbolçu komandasının 2-ci qolunu vurandan sonra həmin adama tərəf qaçaraq, “sus” işarəsi edib. Futbolçunun bu hərəkətini yanlış anlayan bir neçə zaqatalalı azarkeş isə meydana daxil olaraq, Diniyevi etdiyi hərəkətə görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Baş hakim Coşqunu bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb.
Qalmaqal haqda açıqlamasında “İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev bildirib ki, əslində, Coşqun Diniyevdə heç bir günah olmayıb:
“Stadionun işçilərindən biri oyun zamanı Coşqunun ünvanına xoşagəlməz sözlər işlədirdi. Diniyev isə buna cavab olaraq, qol vurandan sonra əli ilə jest edərək, həmin azarkeşdən sakit olmağı, söyüşlərini dayandırmağı bildirdi. Bundan sonra azarkeşlər onun söyüş söydüyünü iddia edərək, meydana axışdılar. Bizim bir neçə futbolçumuza xəsarət yetiriblər, hətta ehtiyatda oturan Fərhad Budaqovun dodağını partladıblar. Əməlli-başlı düşmüşdülər bizim uşaqların üstünə. Günah onlarda idi. Heç nədən belə qalmaqal yaratdılar”.
Qeyd edək ki, Coşqun futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin oğludur.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi