"Bunu deyənlər heç olmasa Allahdan qorxsunlar" MÜSAHİBƏ

15:44 - 14 Fevral 2014

Nodar Məmmədov: "Bir mövsümün yarısında 4 məşqçi dəyişən komanda necə ola bilər axı?"
 
"Sumqayıt"ın müdafiəçisi Nodar Məmmədovun Sportal.az-a müsahibsi
 
- "Sumqayıt" III dövrənin ilk oyunlarında çətin rəqiblərlə qarşılaşdı. "Qəbələ", ardınca isə AZAL-la üz-gəldi. İki oyundan bir xalı qənaətbəxş hesab edirsən?
- Həqiqətən də hər iki rəqib bizimlə müqayisədə güclüdür. "Qəbələ" ilə də pis oynamadıq, amma məğlub olduq. AZAL-a qalib gələ bilərdik. Son oyunda mənim də səhvim oldu.
 
- "Sumqayıt"da özünü tapa bilmisən?
- Hələ oyunum istədiyim kimi alınmır. Komandaya tam uyğunlaşa bilməmişəm.
 
- Səbəb nədir?
- Bir müddət futbolsuz qalmışdım. Ola bilsin oyun praktikasından əziyyət çəkirəm. İndi əlimə yaxşı fürsət düşüb və bunu dəyərləndirməliyəm. "Sumqayıt"da baş məşqçi Aqil Məmmədov da mənə bu şansı verir.
 
- "Sumqayıt"ın əsasını gənclər təşkil edir. Onlarla oynamaq çətin deyil?
- Deyərdim ki, ümumi götürəndə komandanın yaş həddi ortadı. Əsasən cavanlar hücum xəttində yer alır. Onlar da vaxtilə yaxşı klublarda oynamış uşaqlardı. Tərzin Cahangirov vaxtilə "Qəbələ"də, Rəhman Hacıyev "Bakı"da çıxış edib. Deməzdim ki, onlarla oynamaq çətindir, əksinə, daima hərəkətdədirlər. Ola bilsin praktika yoxdur.
 
- Növbəti oyununuz Premyer Liqada qalmaq uğrunda mübarizə apardığınız "Rəvan"ladır. Qış fasiləsindən sonra "Rəvan" necə təsir bağışlayır?
- Düzü, pis komanda deyil. Sonuncu turda "İnter" onlara çətinliklə qalib gəldi. Hətta, son dəqiqələrdə "Rəvan"ı penalti ilə üstələdilər. Bizim rəqibimiz tək "Rəvan" deyil, bütün rəqiblərə qarşı mübarizə aparırırq. gər Premyer Liqada mübarizə aparma, istəyiriksə, bütün komandalara qarşı mübarizə aparmalıyıq. Sözsüz ki, əvvəlcə əsas rəqibimiz "Rəvan"ı üstələməliyik. Lakin "Rəvan"ı üstələməklə də iş bitmir. Ola bilsin ki, bu turda əldə edəcəyimiz qələbə bizə növbəti oyunlara daha motivatsiya ilə çıxmağa imkan verəcək.
 
- "Rəvan"dan elə də yaxşı ayrılmadın. "Bakı" ilə böyükhesablı məğlubiyyətdə sənin haqqında fərqli fikirlər səsləndi...
- Nə deyirdilər ki?
 
- Ortada gəzən söz-söhbətlərə görə Sən, Bəxtiyar Soltanov v Şəhriyar Rəhimovun zəif və oyun alqı-satqısında xoşagəlməz söhbətlər gəzirdi...
- Onlar çox söz deyə bilərlər. Həmin gün ümumi komanda pis oynadı. Elə götürək, bu günlərdə yenə "Rəvan" "Bakı"ya böyükhesabla məğlub oldu. Belə çıxır ki, yenə oyunu veriblər. Bunu deyənlər heç olmasa Allahdan qorxsunlar. Başqa nə deyə bilərəm ki? Əgər belə bir şey olsa idi Şəhriyar Xəlilov AZAL-a necə keçə bilərdi, Bəxtiyar Soltanov və ya mən necə oynaya bilərdik? Şəhriyar Xəlilov zəif oyunçu oldu?. AZAL-a keçəndən sonra iki qolu elə onlara vurdu.
 
- O zaman baş məşqçi Vladislav Qədirov sizi komandadan uzaqlaşdıranda nə səbəb gətirdi?
- Vladislav Qədirov bizimlə görüşmədi. Onun bunlardan xəbəri yox idi. "Rəvan"ın rəhbərliyi peşəkar deyil. Klubun idarəçiliyində oturanlar futbola həvəskar səviyyədə baxırlar. Bəhruz Şirəliyev məni qəbul edib dedi ki, "sən o vaxtı yaxşı oynuyurdun, indi niyə zəif oynayırsan?. Onun verdiyi suala bax. Komandada tək mən oynayıram? Onun sözlərindən elə çıxır dı ki, komandanı belimdə tək başma daşımalıyam. Bir mövsümün yarısında 4 məşqçi dəyişən komanda necə ola bilər axı?. Oranın idarəetmə strukturunda dəyişiklik olmasa, "Rəvan" heç vaxt komanda olmayacaq. Yeni bir məşqçi də gətiriblər. Deyilənə görə yaxşı məşqçidir. Ancaq bilmək olmaz ki, onun aqibti necə olacaq.
 
- Necə olur ki, sizi komandadan uzaqlaşdırırlar, amma bundan baş məşqçinin xəbəri yox idi?
- Orada başqa söhbətlər var idi. Onaları mən açıqlasam, böyük skandal yaranar. Vladislav Qədirov orada direktor da işləyib, bəlkə də işini itirməkdən çəkinib bizi müdafiə edə bilməyib. Nə oldu, ona görə  Vladislav Qədirov da heç bir ay komandada qalmadı.
 
- Yəqin ki, keçmiş komandana qarşı daha aqressiv oynayacaqsan. Hardasa özünü sübut etməyə çalışacaqsan...
- İnşallah, qismət olarsa, özümü göstərəcəm. İndidən deyə bilmərəm ki, yüz faiz oynayacağam. Ola bilər ki, isinmə hərəkətləri zamanı zədələnim, və ya yolla getdiyim yerdə qəzaya uğrayım. Qardaş, hər şey ola bilər. Oyun günü gəlib çatsın, ondan sonra danışaram. Bizim hədəfimiz bu oyunda qalib gəlib sonuncu pillədən qurtulmaqdı.
 
Şahin OĞUZ

Xəbər xətti