"AZAL-ın daha bir qol vura biləcəyini düşündüm" MÜSAHİBƏ

00:49 - 16 Fevral 2014

Rəşad Sadıqov: "Hiss olunur ki, qızğın sonluq olacaq"
 
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov AZAL-la oyundan Sportal.az əməkdaşının suallarını cavablandırıb.
 
Həmin müsahibəni təqdim edirik:
 
- AZAL sizin üçün heç də asan rəqib deyil. Çempionatın ilk iki oyununda bu komandanı məğlub edə bilməmişdiniz. Bu gün isə həm tilsimi qırdınız, həm də liderliyinizi möhkəmlətdiniz...
- Biz bilirdik ki, asan oyun olmayacaq. Yaxşı ki, birinci hissədə qol vurmağı bacardıq. Hesab açıldıqdan sonra AZAL irəli atılıb, hesabı bərabərləşdirməyə çalışdı. Daha açıq futbol oynadılar. Biz isə bundan isstifadə edib, ikinci qolu vurduq. AZAL-ın üstün cəhətləri çoxdur. Ən əsası bu komandanın baş məşqçisi Vaqif Sadıqovdur. Komanda məğlub olsa da, sona qədər mübarizə aparır. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. Allaha şükr edirik.
 
- AZAL hesab arasındakı fərqi azaltdıqdan sonra sizdə hər hansı bir qorxu hissi yaranmamışdı?
- Olur, olur.. Düşünürəm ki, bu, normaldır. Bizim oyuna qədər olan oyunlarda liderlər xal itirmişdilər. Mən özüm də demişdim ki, AZAL ilə oyunda xal itirə bilərik. Açığı, hesab 2:1 olanda AZAL-ın daha bir qol vura biləcəyini düşündüm. Çünki rəqib standart vəziyyətlərdə təhlükəlidir.
 
- Hazırda ən yaxın izləyicinizi 4 xal qabaqlayırsınız.Nəsə arxayınlıq yoxdur...
- Etiraf edim ki, üstünlük olanda təhlükə də yaranır. Ola bilər ki, futbolçular rahatlaşsın. Amma bunun qarşısını almaq lazımdır. Əgər rahatlaşsaq, rəqiblər bizi bağışlamayacaqlar. Hər bir rəqib çox güclüdür. “Bakı” və “İnter” yaxınlaşıblar, “Xəzər Lənkəran” da buna can atır. Hiss olunur ki, qızğın sonluq olacaq.
 
- Admir Telinin yoxluğu hiss olundu?
- Çalışdıq ki, hiss olunmasın. Mənə bir qədər vaxt lazımdı. Bilirsiniz ki, əməliyyat olunmuşam. 50 gün heç nə etmədim. Cəmi 1 həftə məşq etmişəm, tam gücümü bərpa etməmişəm. Bütün bunlar problem yaradır. Düşünürəm ki, müdafiənin mərkəzində Admir və Bədavi cütlüyü daha yaxşı variant olardı.

Xəbər xətti