Rauf Əliyev: "Çempionluğa iddialı deyilik" MÜSAHİBƏ

16:27 - 17 Fevral 2014

Rauf Əliyev: "Əvvəlki oyunlara baxanda bu dəfə sakit idim"
 
"Bakı"nın və milli komandamızın hücumçusu Rauf Əliyevin Sportal.az-a müsahibəsi
 
- "Neftçi" üzərində III dövrədəki 3-cü qələbənizi qazandınız. Oyunu necə xarakterizə edərdin?
- İlk hissədə hər iki komanda çox istəkli idi. Meydanda daha çox ikili mübarizələr gedirdi. Ona görə də hər iki komanda baxımlı futbol nümayiş etdirə bilmədi. İkinci hissəd isə topu özümüzdə daha çox saxladıq və oyunumuz alındı. Cavid Hüseynov qolu vurduqdan sonra rahat oyun sərgiləməyə başladıq. 
 
- Rəqib sizinlə matça itkilərlə çıxmışdı. Bunlar meydanda hiss olundu?
- Ola bilər ki, müdafiədə boşluqları olsun, amma həminki futbolçular idi. Belə baxanda o qədər də hiss olunmurdu.
 
- Meydanda hakimlərə bir neçə dəfə etiraz etdin...
- Əvvəlki oyunlara baxanda bu dəfə sakit idim. Etirazımı daha çox kapitan kimi sakit tərzdə bildirirəm. 
 
- Rauf Əliyev son vaxtlar daha istəkli görünür...
- Zədə olanda özünü heç vaxt göstərə bilməzsən. Oyundan-oyuna hiss olunur ki, nəsə yaxşılığa doğru artım var. Qarşıda vacib oyunlarımız var və var gücümüzlə çalışmalıyıq.
 
- Çoxları sizi çempionluq siyahısından silmişdi. İndi necə, şanslarınızı necə dəyərləndirirsən?
- Belə baxanda elə də iddialı deyilik. Xal fərqinə baxanda "Qarabağ", "Qəbələ" kimi komandalar bizdən üstündü, amma hər şey ola bilər. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bundan sonra çempionluq haqda nəsə düşünmək olar. 
 
- Çempioanta bütün rəqiblərə qarşı oynamısan. Ən çox hansı rəqibi həm oyununa, həm heyətinə görə fərqləndirərdin?
- Çempionatda "Qarabağ"ın oyununa baxanda görünür ki, hamıdan fərqlənir. Heyətlərindəki legionerlər də səviyəli futbolçulardı, gözəl oyun nümayiş etdirirlər, məşqçi işi görsənir. Bu il komanda şəkilində çox güclüdürlər. "Qəbələ" də sürpriz komanda olmağı bacardı. Heyətləri genişdi. Bir az müdaifədə problem ola bilər, amma belə baxanda pis komanda deyillər. Bizim də onlara qarşı sindromumuz var. İki oyunun ikisində də məğlub olmuşuq. "İnter", "Neftçi" kimi komandaları da yaddan çıxartmaq olmaz. 
 
- Növbəti tur 7 oyun məğlub olmayan "Xəzər Lənkəran"la səfərdə qarşılaşacaqsınız. 
- Əvvəlki oyunlara nisbətən "Xəzər Lənkran"ın oyununda yüksəliş var. Futbolçular meydanda çox istəklidirlər, sona kimi mübarizə aparırlar. Lənkəranda oynamaq ağırdı. 3 xalı oradan gətirmək bizim üçün çox çətin olacaq.
 
Şahin OĞUZ

Xəbər xətti