Miloş Adamoviç: "Bütün Azərbaycan bilir ki, "Qarabağ" necə futbol oynayır"
"Rəvan"ın yarımmüdafiəçisi Miloş Adamoviçin Sportal.az-a müsahibəsi
- "Rəvan"ın məğlubiyyətinə necə şərh verərdin?
- Birinci hissə normal oynadıq. Mənə elə gəlir ki, ikinci hissədə gücümüz çatmadı. Bir neçə oyunçumuz zədəli olduğundan "Qarabağ"la oyunu buraxmaq məcburiyyətində qalmışdı. 4-5 futbolçumuz isə zədəsi ola-ola meydana çıxmışdı. Bizdə də bir oyunçu olmadısa, artıq çatışmazlıqlar üzə çıxır.
- Birinci hissədə fərqlənmək üçün yaxşı imkanın oldu. Niyə istifadə edə bilmədin?
- Həmin epizodda daha yaxşı mövqedə olan Ramazan Abbasova ötürmə verdim. O da asma etdi, amma alınmadı. Düzdü, birinci hissədə bir-iki epizodumuz oldu. Hətta, Orxan Lalayevin başla vurduğu zərbənin qarşısını qapıçı vaxtında aldı. Fasiləyə üstün yollana bilsəydik, "Qarabağ"dan bir xal ala bilərdik. Nədənsə, ikinci hissədə oyunumuz istənilən kimi alınmadı.
- "Qarabağ"ın oyununu təhlil etmişdiniz?
- Bütün Azərbaycan bilir ki, "Qarabağ" necə futbol oynayır. Onlar top saxlayaraq qısa ötürmələr edirlər və tez hücuma keçirlər. Baş məşqçimiz bunu yaxşı bilirdi və ona görə də oyunu müdafiədən qurmuşdu. Belə bir komandaya bir epizod versən belə ondan istifadə edəcək. Gördüyünüz kimi birinci hissədə onlara oynamaq imkanı vermədik. "Qarabağ"ın hər bir oyunçusu ayrı-ayrılıqda güclüdür.
- Güvənc Kurtarın gəlişindən sonra "Rəvan"da irəliləyişin olacağı gözlənilsə də əksi oldu...
- Yeni baş məşçiyə vaxt lazımdı. O da taktikasını, oyun üslubunu komandasına aşılamaq üçün müəyyən vaxt tələb olunur. Elə məşqçi yoxdur ki, gələn kimi istədiyini ala bilsin. Bilirsiniz ki, bizdə də neçə məşqçi dəyişilib. Zaman da yoxdu ki, onlar istədiyini edə bilsinlər. Həftədə bir oyun və buna da hazırlaşmaq lazımdır.
- Yeni gələn futbolçular hələ də özlərini göstərə bilmirlər. Bunu nə ilə izah edə bilərsən?
- Bunun üçün adaptasiya lazımdır. Çox qısa təlim-məşq toplanışı keçdik. Onlar da son günlərdə komandaya qoşuldu. "Rəvan"ın iddialı olması üçün daha yüksək səviyyədə yerli və əcnəbi futbolçular vacibdir. Həmin oyunçular ən azından 1-2 il bir yerdə oynamalıdırlar ki, komanda formalaşsın.
- Belə çıxır ki, "Rəvan"ın Premyer Liqanı tərk etmək təhlükəsi daha çıxdur...
- Biz sona kimi mübarizə aparacağıq. Qarşıda AZAL, "Simurq", "Sumqayıt" kimi komandalarla oyunumuz var. Çalışacağıq ki, bu rəqiblərdən xal alaq.
- Növbəti turda sizi "Qəbələ" kimi güclü komanda gözləyir. Qarşıdakı oyun haqqında nə deyə bilərsən?
- "Qəbələ" heç də "Qarabağ"dan geri qalmır. Güclü rəqibdi və bizim üçün çətin olacaq. "Qəbələ"nin hücum xəttində Subotiç və Mendi kimi futbolçular var. Onlarla tək-tək mübarizə aparmaq asan olmaycaq. Əgər zədəlilərimiz bu oyuna kimi geri qayıtsa, onlara müqavimət göstərə bilərik. Ən azından heç-heçə oynaya bilərik.
- Çempionatda sıx qrafikin olması sizi yormur?
- 3 gündən bir oynamaq ağırdır. Ola bilsin ki, buna öyrəşməmişik deyə bir qədər bizə çətin gəlir. Fikir verin, dünyanın aparıcı futbol ölkələrində 3 gündən bir oyun olur. Peşəkar futbolçu buna uyğunlaşmalı və hazır olmalıdır.
- "Qarabağ"la oyunda bir qədər hücuma meyilli oynayırdın. Baş məşqçi səni bu ampulada yoxlamaq istəyirdi?
- Xeyr, mənim yerim yarımüdafiədir. Sadəcə baş məşqçi bu oyunda ara-sıra hücumun arxasında oynamağımı istədi.
- Belə bir oyunda eksperiment aparmaq düzgündür?
- Bu baş məşqçinin qərarıdır. Biz onun dediklərini yerinə yetiririkə Hər halda, sonda komandanın nəticələrinə Güvən Kurtar cavab verəcək. Ona görə də baş məşçi harda desə, orada da oynamalıyam. O da əldə olunan futbolçuları hər bir mövqedə yoxlayır və kimin harda, necə yararlı olmağını bilmək istəyir.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi