Rəşad Sadıqov: "Çempionluğun əsas favoritlərindən biri də "Qəbələ"dir" MÜSAHİBƏ

13:29 - 22 Fevral 2014

"Biz öz fikirimizlə heç nə etmirik"
 
Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Sportal.az-a müsahibəsi
 
- "Rəvan" birinci hissədə qapalı oynadı. Bu sizə çətinlik yaratmadı?
- Gözlədiyimiz kimi oyun ağır keçdi. Əvvəlcədən bilirdik ki, "Rəvan" bizə qarşı sıx oynayacaq. Onların birə-bir oynayacağını gözləmirdik. 2 mərkəz müdafiəçidən başqa rəqib komandanın bütün futbolçuları bizə qarşı birə-bir oynayırdı. Xüsusilə də süni örtükdə belə oynamaq bizə daha da çətinlik yaratdı. Düzdü, üstünlük bizim tərəfimizdə olsa da, elə qol epizodu yarada bilmədik. İkinci hissədə isə oyunun axarını dəyişə bildik. Corc Leroyun qolundan sonra artıq oyunumuz istənilən kimi getdi. Ardından da ikinci qol vurmaqla qələbəni əldə etdik. 
 
- Birinci hissədə tez-tez hücuma qoşulurdun. Bu baş məşqçinin tapşırığı idi, yoxsa özün fikirləşib irəli atılırdın?
- Biz öz fikirimizlə heç nə etmirik. Oyunun gedişində baş məşqçinin tapşırığı olur və biz də bunu həyata keçirtməyə çalışırıq. Riçard Almeydayla Çumbinyoya qarşı rəqibin oyunçuları birə-bir oynayanda hücumumuz istənilən kimi alınmırdı. Belə məqamda özümü irəli atılırdım ki, əlavə üstünlük qazanaq. Ona görə də oyundan əvvəl baş məşqçimiz mənə belə tapşırıq vermişdi. Əslində bu tapşırıq AZAL-la oyunda da var idi. Həmin matçda özümü fiziki cəhətdən yaxşı hiss etmədiyim üçün hücuma qoşulmurdum.
 
- Hər halda bu tur rəqiblərinizin oyunlarını izləmisən. Çempionluq uğrunda mübarizədə əsas rəqinizin kim olduğunu düşünürsən?
- "Xəzər Lənkəran" evdə "Bakı"ya mğlub olmaqla işini çətinə saldı Mustafa Dənizlinin gəlişindən sonra komanda III dövrəyə iddialı başlamışdı. Ancaq onları da siyahıdan silmirəm, mükafatçılar siyahısında mübarizə apara bilərlər. Belə baxanda, ilk 5-likdə qərar tutan hər bir komanda çempionluq uğrunda mübarizə aparacaq.
 
- Son vaxtlar "Qəbələ"nin zəif oynadığını düşünmürsən ki?
- Mən belə deməzdim. "Xəzər Lənkəran"la oyunda pis təsir bağışlamadılar. Elə bizə qarşı da yaxşı oynadılar. Ümumiyyətlə komandanın nəticəsinə deyil, oyununa baxmaq lazımdır. Ola bilsin ki, yaxşı oynayıb, qol epizodları yaradıb istifadə edə bilməyiblər. Belə olan halda inların enişdə olduğunu demək düzgün çıxmaz. Digər tərəfdən başqa komandaların oyunu analiz edib demək düzgün çıxmır. "Qəbələ"nin güclü heyəti və yaxşı baş məşqçisi var. Çempionluğun əsas favoritlərindən biri də "Qəbələ"dir.
 
- "Simurq"la oyundan nə gözləyirsən?
- Bu komanda həmişə baş ağrısı olub. İstisna deyil ki, bu matçda bizim üçün çətin olacaq. Psixoloji cəhətdən oyuna hazır olmalıyıq. "Simurq"a qarşı səbirli və təmkinli olmalıyıq. 
 
- Sıx qrafiqlə gedən çempionat oyunları sizi yormur?
- Əlbəttə, yorğunçuluq olur. Ancaq neynəmək olar, biz də buna öyrəşməliyik. Avropanın aparıcı futbol ölkələrində elə olur ki, həftə içi iki oyun olur. Gec-tez biz də buna uyğunlaşmalı və çalışmalıyıq ki, buna tab gətirə bilək.
 
Şahin OĞUZ

Xəbər xətti