"Zaqatalaya gələndə şok olmuşdum" MÜSAHİBƏ + FOTOLAR

10:01 - 23 Fevral 2014

Rotem Vaytsman: "Azərbaycan haqqında məlumatım yox idi"
 
"Simurq"un futbolçusu İdan Vaytsmanın həyat yoldaşı Rotem Vaytsmanın Sportal.az-a müsahibəsi:
 
- Artıq Azərbaycana uyğunlaşa bilmisiniz ?
- Bəli, artıq ciddi bir problemim yoxdur. İlk olaraq gələndə bəzi çətinliklər oldu, ancaq sonra burdakı ab hava ilə tanış oldum və özümə gəzmək, vaxt keçirmək üçün bəzi yerlər tapmışam.
 
- Bura gəlməmişdən qabaq Azərbaycan haqqında hansısa məlumata sahib idiniz ?
- Xeyr, heç bir məlumatım yox idi. Sadəcə onu xatırlayırdım ki, burada Avroviziya yarışması keçirilmişdir.
 
- Bildiyimiz qədər, sən əvvəlcə paytaxtda, daha sonra isə Zaqatalada bir müddət oldun..
- Bəli, bir neçə ay Bakıda yaşamışam və həqiqətən də buradakı şərait mənim xoşuma gəlirdi, tez-tez şəhərə alış-verişə çıxırdım.  Anidən Zaqatalaya gedəsi oldum, ora çatanda isə şok olmuşdum, çünki orada elə bir şərait yox idi və mənim üçün çətin olasıydı. Ancaq sonradan bu şəhəri sevməyə başladım,  ilk növbədə havası mənə xoş təsir elədi, həm də bura daha səmimi, gülərüz yerli insanlardan ibarət idi.
 
- Ölkəmizdə ən çox hansı çətinliklə qarşılaşmısan ?
- Ən böyük çətinliyim digər insanlarla ünsiyyət qurmağım oldu, çünki burada ingilis dilini çox az adam bilir.
 
- Azərbaycan mətbəxi ilə aranız necədir ?
- Mətbəxinizə uyğunlaşmaq mənim üçün çətin olmadı, çünki mən ət məhsullarından istifadə etmirəm, burada tanıdığım xörəklərə üstünlük verirəm.
 
- Zaqatalada dost qazana bilmisiniz ?
- Xeyr, demək olar ki, heç onlarla qarşılaşmamışam, ancaq dostumun olmağını istərdim. Sadəcə digər futbolçuların xanımları ilə dostluq edirəm.
 
- Azərbaycan və İsrail arasında gündəlik həyatda nə kimi fərqlər var ?
- İsraildə insanların işləməkdən vaxtları olmur, ancaq burada elə deyil. Sizin əhali çox səbrlidirlər və bir-birlərinə kömək etməyi xoşlayırlar.
 
- Həyat yoldaşınıza stadiondan dəstək vermisiniz ?
- Cəmi bir dəfə olmuşam, o da açılış oyununda (“Qarabağ”la), həmin gün orda olmaqdan ləzzət almışdım, heyif ki, oyun heç-heçə bitmişdi. Futbolunuz günü-gündən daha da irəliləyir, fikrimcə Azərbaycanda futbol peşəkar səviyyədədir.
 
- Necə oldu ki, Azərbaycana gəlməyə qərar verdiniz ?
- Mən fikirləşdim ki, həyat yoldaşım hardadırsa, mən də orada olmalıyam. Əlbəttə, bura mənim üçün yeni bir mühit oldu, mən burda yaşamaqdan razıyam.
 
- “Simurq” məğlub olanda İdan evdə necə olur ?
- Komanda uduzanda həmin gecəi İdan yata bilmir, mən də çalışıram ona dəstək olum və onu cəsarətləndirim.Bir neçə gün sonra özünə gəlməyə başlayır.
 
Yusif HÜSEYN
 

Xəbər xətti