Rəşad Abdullayev: "Biz bu oyunda "Xəzər Lənkəran"a uduza bilərdik"
AZAL-ın yarımmüdəfiəçisi Rəşad Abdullayevin Sportal.az-a müsahibəsi
- Son dəqiqədə vurduğunuz qolla məğlubiyyətdən qurtuldunuz...
- Çətin oyun oldu, belə olacağını da bilirdik. “Xəzər Lənkəran” mövsümün əvvəlindəki komanda deyil, demək olar ki, tam dəyişib. Biz də evdə oynayırdıq, istəyirdik ki, yaxşı nəticə qazanaq. 2:0-dan sonra iki qol vurub hesabı bərabərləşdirmək üçün bizim üçün yaxşı oldu.
- Bu bir xalı AZAL üçün uğur saymaq olar ?
- Biz bu gün “Xəzər Lənkəran”a uduza bilərdik, çünki 2 fərqlə geridəydik və sonradan hesabı bərabərləşdirdik. Bu da komandanın özünəinamını bir daha sübut etdi. Bir daha göstərdik ki, istənilən komandaya qarşı mübarizə apara bilərik .
- Bu oyunda da əsas heyətdə yox idin. Buna səbəb nə idi ?
- Start heyəti baş məşqçi təyin edir. Komandaya yeni qoşulmuşam, yəqin , baş məşqçi də komandaya uyğunlaşmağım baxımından heyətə salmamışdı. Başqa ciddi bir problem yoxdur.
- Özün necə fikirləşirsən, komandaya uyğunlaşmısan, yoxsa vaxt lazımdır ?
- Məncə, bəli artıq uyğunlaşmışam. Mənə hazırda meydanda oynamaq lazımdır ki, formada olum. İnanıram ki, getdikcə vəziyyətim daha yaxşı olacaq.
- Komandaya son dəqiqədə vacib penalti qazandırdın...
- Həqiqətən də penalti var idi, çünki həmin epizodda rəqibin futbolçu (Slavik Alxasov) arxadan tutmuşdu, mən də görmürdüm amma hiss elədim ki, kimsə məni dartır.
- Qazanılan bir xal AZAL-ın “qara zolaq”dan çıxmağına kömək edəcək ?
- Mənə elə gəlir ki, bu oyundakı bir xal bizim üçün böyük şeydir, komanda bundan sonra toparlanacaq. Növbəti rəqibimiz “Rəvan”dır, bu oyuna yalnız üç xal üçün çıxacağıq.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi