"Onlar da oyundan sonra elədikləri hərəkəti etiraf etdilər və peşman olduqlarını dilə gətirdilər"

14:42 - 26 Fevral 2014

Zaur Əzizov: "Rəvan"la oyunda təhülkəli epizodlar yaratmaqda çətinlik çəkdik"

 

"Qış fasiləsindən sonra komandanın stabil oynamaması bizi narahat etməyə bilməzdi. Baş məşqçi Yuri Syomin də bəzi futbolçuların gözlənildiyindən zəif çıxış etdiyini bildirdi. "Rəvan"la oyunda təhülkəli epizodlar yaratmaqda çətinlik çəkdik".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. Əzizov Premyer Liqanın 23-cü turunda keçirilən "Qəbələ" - "Rəvan" matçına toxunub və Dodo ilə Elnur Allahverdiyev arasında olanlara belə münasibət bildirib:

 

"Oyunun gedişində Dodo ilə Elnur Allahverdiyev arasında baş verənlər bizə pis təsir etdi. Komandanın daxilində belə mübahisələr olmamalıdır. Rəhbərlik və baş məşqçi hər iki futbolçuya izah etdi. Onlar da oyundan sonra elədikləri hərəkəti etiraf etdilər və peşman olduqlarını dilə gətirdilər. Hər ikisi bir daha belə nöqsana yol verməyəcəyini baş məşqçiyə söz verdilər. Penalti epizodlarına gəlincə, bu bir lotoreyadır. Düzdü, iki penaltidən yararlana bilmədik. Buna görə futbolçuları qınamaq da düzgün deyil. Elə olar ki, bir oyunda 5 penalti olar və futbolçular bundan istifadə edə bilməz. Futbolda belə şeylər olur. Belə anlarda futbolçuya təsir yox, daha da dəstək vermək lazımdır ki, psixoloji cəhətdən oyuna hazır olsun".

 

Əzizov növbəti turda qarşılaşacaqları "Simurq"la oyuna da toxunub:

 

"Qarşıda "Simurq"la çətin səfər oyunumuz var. Sözsüz ki, oradan qələbə ilə dönmək istəyirik. Bunu futbolçular da yaxşı başa düşür. "Qəbələ" çempionluq uğrunda mübarizə aparır. Belə oyunlarda xal itirməyimiz heç də yerinə düşmür. Bütün komanda olaraq çalışmalıyıq ki, qarşıdakı turlarda xal itkilərinə yol verməyək".

Xəbər xətti