Böyükağa Hacıyev: "Neftçi"dən gedəcəyəm"

16:40 - 27 Fevral 2014

"Kanales gələn mövsüm bizə gəlir"
 
“Komanda sabah sayılan komandalardan birinə qarşı oynayacaq. Bax, “Böyük oyun” budur. Ola bilsin vaxtilə “Xəzər Lənkəran”la “Neftçi”nin görüşləri də belə adlanırdı. Ancaq əsl “Böyük oyun” budur”.
 
Sportal.az xəbər verir ki, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
 
“Neftçi” Premyer Liqanın XXIV turunda sabah “Qarabağ”la qarşılaşacaq. Qarşılaşmadan öncə mətbuat konfransı keçirən Hacıyev rəqibin heyətində səviyyəli futbolçuların olduğunu bildirib: “Qara Qarayev, Rəşad Sadıqov və başqa səviyyəli legionerləri var. Biz də rəqibdən geri qalmırıq. Onlarda Reynaldo varsa, bizdə Flavinyo var, onlarda Şehiç varsa, bizdə Stamenkoviç var, onlarda Qurban Qurbanov varsa, bizdə də Böyükağa Hacıyev var. Sabah maraqlı qarşılaşma olacaq. İnşallah, kim güclüdürsə, o da qalib gələcək”.
 
Paytaxt təmsilçisinin çalışdırıcısı “Xəzər Lənkəran”la XX turun oyununda cəza alan futbolçulardan da danışıb: “Hələ dünya futbol statistikasında belə şey olmamışdı. 4 qırmızı vərəqə müdafiəçilərə göstərildi. Əgər Rəhim Həsənov başqa xətt oyunçularına qırmızı göstərsəydi, belə olmazdı”.
 
- Kanalesdən sonra komandada “vuran ayaq” hiss olunmur. Bunu necə aradan qaldıracaqsınız?
- Yadınızdan çıxmasın, Kanalesi Kanales edən “Neftçi”dir. Biz oyunu Nforun üzərində qurmuşduq. Ən böyük səhvimiz “Fənərbaxça” ilə görüşümüz idi. Orda biz kartlarımızı açdıq. Hamı orda idi. Biz ilk oyunda “Simurq”u məğlub etdik. Gördülər ki, “Neftçi” zarafat etmir. “Xəzər Lənkəran”la qarşılaşmada komplektləşdirdiyimiz heyət parçalandı. Ruslan Qurbanov ötən tur qol vurdu. Kanalesə görə ağlamalı deyilik.
 
- Səhvləri özünüzdə görürsünüz?
- Mən "Sumqayıt"la oyunda etdiyim səhvləri bayaq dedim. Oyundan sonrakı mətbuat konfransında da demişdim. Bunu danmıram.
 
- Cavid İmamverdiyevlə Bahodir Nasimov əvəzedici heyətə göndərilib?
- Onları əvəzedici komandaya biz göndərməmişik. Cavidin cəzası vardı, əvəzedicilərdə oynadı. Bu, praktika üçün idi. Əgər Flavinyo və ya Ramos da cəzalı olsaydı, biz onları əvəzedici komandada praktika qazanmağa göndərəcəkdik. Biz onlara cəza verməmişik.
 
- Qışda transfer etməməyinizə görə peşman deyilsiniz?
- Niyə biz transferdən yapışırıq? Biz Elvin Bədəlov, Samir Məsimovu gətirmişik. Yaxınlarda Krasnoyarsk “Yenisey”indən azərbaycanlı futbolçu da gətirəcəyik. Legioner gətirmişik də. Melvin Platye hələ də uyğunlaşa bilməyib. Bəxtimiz gətirib ki, Flavinyo, Ramos kimi legionerlərimiz yaxşıdır. Legionerləri əvvəlcədən izləyib, sonra alırıq. Biz legionerlərə olduqca ehtiyatlı yanaşırıq. Sizə bir söz deyim, Kanales gələn mövsüm bizə gəlir. Flavinyonu göndərəcəyik, tutub qolundan gətirəcək.
 
- “Skenderbeu”nu keçə bilməyəcəyiniz təqdirdə istefa verəcəyinizi demişdiniz. Sözünüzün üstündə də durdunuz. İndi çempion ola bilməsəniz, nə söz verirsiniz?
- Çempion olub-olmayacağımızdan asılı olmayaraq, “Neftçi”dən gedəcəyəm. Ölkəni tərk edəcəyəm.
 
apasport.az

Xəbər xətti