Hakimlərdən ən aşağı qiyməti Vüsal Əliyev, ən çoxu isə Əliyar Ağayev aldı

01:40 - 3 Mart 2014

Xaqani Məmmədov 24-cü turun idarəçiliyini dəyərləndirdi
 
Cümə günü keçirilən 24-cü turun oyunlarında hakimlik etmiş referilərin qiymətləndirilməsini isə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov üzərinə götürdü.
 
Sportal.az həmin qiymətləndirilməni diqqətinizə çatdırır.
 
“Neftçi” – “Qarabağ” 1:4
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov
Özünüz də gördünüz ki, gərgin oyun keçdi. Xeyli sayda hakim səhvləri oldu. Oyunun 18-ci dəqiqəsində “Qarabağ”dan Riçard Almeyda meydandan qovulmalı idi. Amma Vüsal Əliyev ona heç xəbərdarlıq da etmədi. “Neftçi”dən isə Erik Ramosu “fərqləndirə” bilərəm. Bir neçə epizodda qırmızı vərəqə almalıydı. Bir epizodda hakim qayda pozuntusunu görmədi və görə də bilməzdi. Qayda pozuntusu künc bayrağı yaxınlığında baş vermişdi və oradan xeyli aralıda idi. Araz Abdullayevin meydandan qovulmasına gəlincə, fikrimcə, hakimlər oyunun ruhuna uyğun olaraq xəbərdarlıqla kifayətlənə bilərdilər. Amma hakim sırf qaydalara söykənərək qırmızı vərəqəyə əl atdı.
Qiymət – 7,7 bal
Xaqani müəllim bu oyunda Vüsal Əliyevlə yanaşı birinci köməkçi Yaşar Abbasovun da mübahisəli epizodlara aidiyyatına əsas gətirərək onun idarəçiliyini 7,7 balla qiymətləndirdi. Digər köməkçi Mübariz Haşımovun qiyməti isə 8,4 baldır.
Bundan başqa komitə sədri Arazın meydandan qovulduğu epizodda qeydə alınmayan qola və Almeydanın sonradan cəzalanıb-cəzalanmayacağına da münasibət bildirdi: “Qaydalara görə meydandan qovulan futbolçu nəinki meydanı, ora bitişik olar ərazini də tərk etməlidir. Bu halda oyun davam etdirilə bilər. Hakimlər proseduru axıra kimi davam etdirməli idilər. Buna görə qolun qeydə alınmaması qaydalar çərçivəsində idi. Almeydaya gəlincə isə, Nizam-İntizam Komitəsi o zaman futbolçunu cəzalandıra bilər ki, hakim həmin epizodu görməsin. Həmin epizodda isə Vüsal Əliyev qayda pozuntusu qeydə almışdı və bu üzdən cəzadan söhbət gedə bilməz”.
 
“Simurq” – “Qəbələ” 0:0
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev
Çempionatda həm oyun, həm də hakimlik baxımdan ləzzət aldığım az oyunlardan biri idi. Əliyarın idarəçiliyinə söz ola bilməzdi. Oyundan sonra kənar şəxslərin hakimlər otağına daxil olması qaydalara ziddir. Amma “Qəbələ”nin baş məşqçisi Yuri Syomin istisna kimi icazə alaraq yüksək idarəçiliyə görə refenrilərə şəxsən təşəkkür edib.
Qiyməti – 8,5 bal
 
“Xəzər Lənkəran” – “İnter” 1:1
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nihad Əliyev
Meydan sahiblərinin qapısına təyin olunan penalti doğru qərar idi. Bundan başqa 2 epizodda var ki, mübahisəyə səbəb oldu. Onlardan birində “Xəzər Lənkəran” penalti tələb edirdi. Amma əbəs yerə, qayda pozuntusu yox idi və Elvin düzgün qərar vermişdi. Digər halda isə qonaqlar topun meydan sahiblərinin futbolçusunun əlinə dəydiyini əsas gətirərək penalti tələb etdilər. Həmin epizodda lənkəranlıların müdafiəçisi topu uzaqlaşdırmaq istəyərkən top komanda yoldaşının ayağına toxunduqdan sonra əlinə dəymişdi. Başqa sözlə, top əli tapmışdı. Nəhayət, oyundankənar vəziyyətdə vurulan qolun qeydə alınmaması da düzgün qərar idi. Həqiqətən ofsayd var idi. Düzü, Elvindən belə idarəçilik gözləmirdik, işinin öhdəsindən artıqlaması ilə gəldi.
Qiyməti – 8,4 bal
 
“Bakı” – “Sumqayıt” 0:0
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev
Nomal idarəçilik oldu. Hər iki klubun nümayəndələri hakimlərdən razı qaldılar. Oyunda bir dəfə qırmızı vərəqə göstərildi ki, bu da yerində atılmış addım idi.
Qiyməti – 8,4 bal
 
“Rəvan” – AZAL 1:0
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov
Oyunda 3 futbolçunun meydandan qovulmasına baxmayaraq, hakim bütün epizodlarda düzgün qərar qəbul etmişdi. Hər iki komandanın baş məşqçisi hakimlikdən razı qaldı.
Qiyməti – 8,3 bal
 
"Het-trik news" qəzeti

Xəbər xətti