"Komandaların sayının artması çempionatının səviyyəsini aşağı sala bilər"
"Simurq"un prezidenti Anar Bəkirovun Sportal.az-a müsahibəsi
- Qış fasiləsindən sonra komandanın çıxışından razısınız?
- Razı deyiləm. Ardıcıl olaraq "Neftçi", "Bakı" və "İnter"ə məğlubiyyət komandanı sındırdı. "Sumqayıt" üzərində qələbə, "Qarabağ"la səfərdə heç-heçə və evdə "Qəbələ" ilə bərabərlikdən sonra bir qədər özümüzə gəldik. Açığı, heç-heçə etdiyimiz matçlarda qalib gələ bilərdik. Həm "Qarabağ", həm də "Qəbələ" ilə oyunumuz pis alınmadı. Təəssüflər olsun ki, qol vura bilmədik.
- Bildiyimizə görə komandanın qarşısına Avropa Liqasına vəsiqə qazanmaq vəzifəsi qoymusunuz. Buna hələ şansınız qalır?
- Cari mövsümün startında da gördük ki, "İnter" 9-cu yerdə idi. İndi baxın, haralara gəlib çıxıb. Hələ qarşıda o qədər oyun var ki. Ona görə də şansımız qalır. Növbəti tur AZAL və "Rəvan"la oyunumuz var. Hər iki oyunu qələbə ilə başa vursaq, bizdən irəlidə olan komandalara yaxınlaşmaq şansımız olacaq. Onda nəsə edə bilərik. Hər şey komandanın çıxışından və oyunundan asılıdır.
- Sizcə, komandanız yuxarı pillələrdə olan iddialılarla mübarizə aparmaq gücündədir?
- Niyə də yox, əgər biz çempionatın liderləri ilə oyunda üstün oynayırıqsa, deməli hər bir komanda ilə sona qədər mübarizə apara bilərik. Elə "Neftçi" ilə ilk oyunda komandamız pis oynamadı. Birinci hissədə üstünlük bizim tərəfdə oldu. Həttə qol epizodlarımız olsa da, onlardan istifadə edə bilmədik. Fasilədən sonra isə meydanda nə baş verdiyini anlamdım. Birinci qoldan sonra komandam özünə gələ bilmədi. Nəticədə 3:0 hesabı ilə mğlub olduq. Ola bilər ki, heyət baxımından bizdə öndə olanlardan bir qədər zəifik, amma oyun baxımından onlardan geri qalmırıq.
- Georgi Çixradze açıqlamasında bildirib ki, qış failəsində istənilən oyunçuları ala bilmədik. Hətta, o, büdcənin buna imkan vermədiyini açıqlayıb. Baş məşqçinin dedikləri doğrudu?
- Çixradze kimi deyibsə, həmin futbolçunu da almışıq. Bəli, ola bilər ki, daha səviyyəli futbolçuları transfer etməyə gücümüz çatmayıb. Ümumiyyətlə qış fasiləsində əksər futbolçuların öz klubları ilə müqaviləsi olur. Çox az sayda səviyyəli futbolçu tapmaq olar ki, komandaya cəlb olunsun. Gələnlərin də əksəriyyəti istənilən formada olmur. Biz qış fasiləsində 4 futbolçunu heyətə qatdıq. Benjamin Lombardın necə futbolçu olduğu göz qabağındadır. Nsum İndukanın oyununa bələd olduğumuza görə komandaya dəvət etdik. Bir qədər formadan uzaq olsa da, o da yavaş-yavaş özünə gəlir. Mindauqas Kalonası isə icarə əsasında komandaya cəlb etmişik. O da səviyyəli futbolçudur. Murat Səttarlını "Qarabağ"dan geri aldıq. Bəxtimizdən də zədə üzündən oynaya bilmir.
- Əgər "Simurq" Avropa Liqasına vəsiqəni təmin etməsə, heyətdə dəyişiliklər olacaq?
- Açığı, bir neçə tur öncə Georgi Çixradze ilə bu barədə söhbətim olub. Baş məşqçiyə məsləhətim o oldu ki, daha çox yerli və gənc futbolçulara üstünlük versin. Çixradze də bildirdi ki, 2-3 tur da dözək, sonra gənclərə yer verəcəm. Baxaq görək komanda qarşıdakı iki turda nə göstərəcək. Ardıcıl qələbələr qazana bilsək, avrokuboklara şansımız qalacaq. Əksinə olsa, artıq qalan oyunlarda cavanlardan istifadə edəcəyik. Bu o demək deyil ki, çempionatda mübarizəni dayandırırq. Sona qədər mübarizə aparıb çalışacağıq ki, 6 komanda arasında qərarlaşaq. Belə olan halda gənclər də növbəti mövsümə hazır vəziyyətdə olarlar.
- Belə çıxır ki, növbəti mövsümdə heyətdə əsasən yerli futbolçulara üstünlük verəcəksiniz...
- Süzsüz ki, yerlilər də olacaq. Bir qədər səviyyəli legionerlər yanaşı onları da oynadacağıq. Komandanın əksəriyyətini yerli futbolçulardan qurmaq çox çətindir. Bu gün elə yerli futbolçular var ki, qiyməti gəlmə oyunçulardan iki qat bahadır. Bizim belə futbolçuları heyətə cəlb etməyə gücümüz çatmır. Belədə məcbur olub aşağı yaş qruplarından futbolçuları komandaya cəlb etməliyik. Onları indidən oynatmalıyıq ki, artıq gələn mövsümə hazırlıqlı olsunlar. Hələ tam "bişməyən" yeni oyunçular Premyer Liqada oynamağa çətinlik çəkirlər. Misal olaraq Nicat Qurbanovu göstərmək olar. "Qarabağ"la oyunda futbolçu təkbətək çıxır və yüz faizlik qol epizodundan yararlana bilmir. Bu da onu göstərir ki, futbolçu hələ tam təcrübə yığa bilməyib.
- "Simurq" Avroliqadan kənar qalsa, baş məşqçi ilə yollarınızı ayıracaqsınız?
- Xeyr. Onun komandada gördüyü iş məni razı salır. "Simurq" istənilən səviyyədə oyun göstərir. Hətta, özündən güclü klublarla başabaş mübarizə aparır. Çixradze ilə yeni mövsümə hazırlıqları qarşıdakı iki oyundan sonra aparacağıq. Onun da öz planları var və növbəti mövsüm üçün yeni bir iddialı komanda quracağıq. Ona görə də baş məşqçi ilə yollarımızı davam etdirəcəyik.
- Ölkə kubokda çıxışınızı erkən dayandırmağınız sizi təcübləndirdi?
- Həm təcübləndim, həm də üzüldüm. Əslində, birinci dəstə təmsilçisi "Araz Naxçıvan"ın bizimlə döyüşkən mübarizə aparması məni sevindirdi. Naxçıvanda keçirilən qarşılaşmada maraqlı 120 dəqiqə və penaltilər seriyası izlədik. "Araz Naxçıvan"ın növbəti mərhələyə vəsiqə qazanması da, gözlənilməz oldu. İndi Naxçıvan təmsilçisini 1/4 finalda "Xəzər Lənkəran"la çətin oyun gözləyir. Deyərdim ki, bu komandaların qarşılaşması da maraqlı olacaq.
- Bu günlərdə İcraiyyə Komitəsinin yığıncağı keçiriləcək. Əgər gələn mövsüm üçün komandaların sayının artması müzakirəyə çıxarılsa, siz Premyer Liqada neçə komandanın iştirak etməsini istərdiniz?
- Əslində komandaların sayının artması çempionatının səviyyəsini aşağı sala bilər. Mən bu say çoxluğunun artmasının tərəfdarı deyiləm. "Sumqayıt" kimi komandanın Premyer Liqada çıxışı futbolumuzun inkişafına təkan verir. Fikir verin, "Sumqayıt"dan neçə futbolçu digər komandalara keçdi və milli komandaya çağrıldı. Pərdis Fərcad- Azad, Orxan Əliyev, Uğur Pamuk və Murad Ağayev kimi futbolçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Digər tərəfdən iddialı komandalarda əsas heyətə düşə bilməyən futbolçular da icarə əsasında oyun praktikası yığırlar. Bu tipli komandalar Premyer Liqada olsa, onda gənc oyunçuların oynamasına imakan yaranar. Əgər belə məsələ İK-də gündəmə gələrsə, ilk olaraq bu məsələ müzakirəyə çıxarılmalıdır.Ondan sonra komandaların sayının ratıb-artamayacğına qərar verilməlidir. Əslində mən "Sumqayıt" kimi döyüşkən komandaların mübarizə aparmasını istəyirəm. Futbolumuzun irəli getməyini istəyiriksə, kəmiyyətə deyil, keyfiyyətə önəm vermək vacibdir.
Şahin OĞUZ
saytlarin hazirlanmasi