"Qəbələ"nin vitse-prezidenti üsyan etdi: "Mahir qapazla futbolçumuzun başına vurdu, niyə qırmızı verilmədi?"

14:41 - 5 Mart 2014

"Orada oturanlar nə qərar qəbul etdiklərinə baxsınlar"
 
AFFA İntizam Komitəsinin qərarına əsasən "Neftçi"nin futbolçusu Araz Abdullayevə "Qarabağ"la oyunda verilən qırmızı vərəqə ləğv edildi.
 
Beləliklə, Abdullayev 25-ci turda "Qəbələ" ilə səfər matçında "Neftçi"yə kömək edə biləcək. Bəs görəsən "Qəbələ" tərəfi bu qərarla bağlı hansı fikirdədi? 
 
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov İK-in bu qərarını haqsız sayır. Sportal.az xəbər verir ki, klub rəsmisi bu qərarın qeyri-peşəkar olduğunu bildirib:
 
"Düzgün qərar deyildi. Əgər qərar çıxarılırsa bütün hallar üçün çıxarılmalıdır. Bu qərarı peşəkarlığa sığmayan addım kimi qəbul edirəm. Əgər səhv varsa, hakimi cəzalandır və ya çempionatdan uzaqlaşdır. "Neftçi" istəyir ki, bizə qarşı əsas heyətlə oynasın. Məsələ İK-in bu qərarından gedir. Əgər qərar verilibsə o zaman niyə ləğv olunur? Əgər elədirsə Erik Ramosun hərəkətinə baxsınlar. Ramos orada boksda heç kimin vura bilmədiyi zərbəni vurdu. Ancaq buna hakim qırmızı vərəqə göstərmədi. Bunu AFFA tərəfindən qeyri-peşəkarlıq kimi qəbul edirəm. "Qəbələ" əgər "Neftçi"ni məğlub edəcəksə, elə Araz Abdullayevlə bir yerdə udacaq. Bu qeyri-peşəkar qərardı. Mənim etirazım İK-ədi. Orada oturanlar nə qərar qəbul etdiklərinə baxsınlar. Harada görülüb hakimin qərarını dəyişəsən? Əgər belə dəyişmək olarsa "Neftçi"ylə bizim bundan öncəki matçımızda Mahir qapazla futbolçumuzun başına vurdu. Onda verəydilər də... Bunu misal olaraq çəkirəm. Hakim səhv edə bilər, ancaq onu cəzalandırmaq lazımdı. Daha hakimin qərarı ləğv olunacaqsa onun meydana çıxıb ora-bura qaçması nəyə lazımdır ki?"
 
mənbə: idmanxeber.com

Xəbər xətti