Mirzağa Hüseynpur: "Nəzərə alsaq ki, son 30 dəqiqəni 10 nəfərlə oynadıq, bir xal da pis nəticə deyil"
"Sumqayıt"ın gənc futbolçusu Mirzağa Hüseynpurun Sportal.az-a müsahibəsi:
- Qış fasiləsində komandadan ayrılmışdın. Ancaq iki ay sonra yenə “Sumqayıt”dasan..
- Bəli, qış fasiləsində bəzi problemlər baş verdi, mən özüm də bəzi səhvlərə yol verdim. Artıq bu hadisə keçmişdə qalıb. Sevinirəm ki, yenidən “Sumqayıt”dayam.
- İki ay futbolsuz qaldıqdan sonra ilk oyununda “Neftçi” kimi rəqibə iki qol vurdun və “bakı” ilə oyunda da yaxşı təsir bağışladın..
- Futbolsuz qalmaq məşq etməmək demək deyil. Düzdür komanda ilə birlikdə məşq etməsəm də, hər gün müəyyən proqram qurmuşdim və fərdi məşqlərə davam edirdim. Bu dönəmdə atam mənə çox dəstək oldu, ona da xüsusi təşəkkürümü bildirirəm. O ki, qaldı, “Neftçi” ilə oyuna, oyundan 10 gün əvvəl komandaya qoşuldum və onlarla məşqə başladım. Komandanın qələbə qollarına imza atdığım üçün çox xoşbəxtəm. “Bakı” ilə oyunda da əlimdən gələni etdim. İnanıram ki, növbəti turlarda daha da yaxşı təsir bağışlayacam.
- “Bakı” ilə oyun zamanı rəqib futbolçusu ilə aranızda kiçik mübahisə baş verdi. Sanki ona şillə vurdun ?
- Oyun zamanı belə mübahisələrin olması normaldır. O ki, qaldı şillə vurmağa belə bir şey baş vermədi. Sadəcə topa vurmaq istəyəndə əlim onun üzünə dəydi.
- Bu oyun haqqında fikirlərin nədir ?
- Rəqibimiz çox güclü idi, üçüncü dövrədə məğlub olmayıb. “Neftçi” qalibiyyətindən sonra komandada yaxşı ab-hava var idi, bu oyuna üç xal üçün çıxmışdıq, pis də oynamadıq. Nəzərə alsaq ki, ikinci hissənin çox vaxtını 10 nəfərlə oynadıq, bir xal da bizim üçün pis nəticə sayılmaz.
- Növbəti oyununuz digər güclü rəqib “İnter”ə qarşıdır...
- Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxt var, rəqibi öz doğma azarkeşlərimizin önündə qəbul edəcəyik. Azarkeşlərimiz stadionu doldurub bizə dəstək verməsi komandaya əlavə güc verir. İnanıram ki, bu oyunda da qələbə qazanacağıq. Ən pis ehtimal isə bir xaldır. Məğlubiyyət haqqında düşünmürük.
- “Sumqayıt” hazırda sonuncu pillədədir. Komandanın Premyer Liqada qalmaq şanslarını necə dəyərləndirirsən ?
- Keçən həftə 9-cu pilləyə yüksəlsək də, yenidən sonuncu pilləyə düşdük. Bəzi oyunlarda lazımsız xallar itirdik. Ancaq biz çalışacağıq ki. yenidən sonuncu pillədən qurtulmağa çalışacağıq. Komandamız gənc oyunçulardan ibarət olsa da, yaxşı oyun göstəririk, amma nəticə əldə edə bilmirik.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi