"Qəbələ" ilə qarşılaşma özümü sübut etmək üçün verilən bir şans idi" MÜSAHİBƏ

12:18 - 11 Mart 2014

Mirhüseyn Seyidov: "Biz nəyəsə nail olmaq istəyiriksə, bu şərtlərdə mübarizə aparmalıyıq"
 
"Neftçi"nin gənc futbolçusu Mirhüseyn Seyidovun Sportal.az-a müsahibəsi:
 
- Səfərdə “Qəbələ”ni məğlub edərək 5 oyunluq qələbə həsrətinə son qoydunuz...
- Üçüncü dövrəyə tam fərqli şəkildə başlamaq istəyirdik, lakin “Xəzər Lənkəran”la oyunda bəzi futbolçularımızın cəzalandırılması komandada özünəinamı azaltdı. “Qəbələ” səfəri hər bir rəqib üçün çətindir, bizim üstünlüyümüz bu oyuna tam heyətlə yollanmağımız oldu. Oyundan əvvəldə futbolçular öz aramızda danışmışdıq ki, bu oyunda həvəsdən düşməyib məğlub olmamalıyıq. Əsas olan üç xal idi və şükürlər olsun ki, məqsədimizə çatdıq. Bu qələbə özümüzə gəlməyə çox kömək edəcək.
 
- Artıq son oyunlarda səni meydanda görürük, “Qəbələ” ilə oyunda əvvəlki qarşılaşmalarda göstərdiyin oyunla komandanın kapitanı Rəşad Sadiqovu ehtiyyat skamyasında oturmağa məcbur etdin..
- Futbolçu kimi öz oyunum barəsində nə isə deyə bilmərəm, yaxşı olar ki, baş məşqçi dəyərləndirsin. Amma mənə elə gəlir ki, pis oynamadım. “Qəbələ” ilə qarşılaşma mənim üçün çox vacib idi, çünki uzun müddət idi ki, oynamırdım, bu da özümü sübut etmək üçün verilən bir şans idi, məncə, bu şansı dəyərləndirə bildim.
 
- Oyundan sonra baş məşqçi öz razılığını və ya narazılığını bildirdi ?
- Yox, elə söhbət olmadı. Amma özündə hiss edirsən ki, bu qələbədə az da olsa, əməyin olub. “Neftçi” güclü futbolçulardan qurulan bir komandadır, burda kimisə fərqləndirmək düzgün çıxmır. Ümumilikdə dedilər ki, komanda yaxşı oynadı.
 
- Sabah ölkə kubokunda “İnter”lə qarşılaşacaqsınız...
- “İnter” hazırda yaxşı formadadır, həm də ilk oyunumuz səfərdədir. Ancaq bu mövsüm bizim onlarla oyunumuz çox yaxşı alınıb. Düzdür, ikinci dövrədə məğlub olmuşduq. Biz də çalışacağıq ki, “İnter” səddini keçib kubokda da irəliləyək. İlk olaraq, səfərdən sərfəli nəticə qazanıb, işin çox hissəsini ilk oyundaca həll etmək istəyirik
 
- Komanda bu oyuna yetəri qədər itkilərlə çıxacaq. Bu “Neftçi”yə nə dərəcədə təsir edəcək ?
- Düzdür, Stamenkoviç və Mahir Şükürov komandanın əsas üzvlərindən biridir. Yəqin ki, bu futbolçuları kimlərin əvəzləyəcəyi haqqında məşqçilər korpusu fikirləşib öz qərarlarını verəcəklər.  Komandada əsas üzvlərin olmaması az da olsa, oyunumuza təsir edir. Buna baxmayaraq, inanıram ki, bu futbolçuları layiqli olmasa da, əvəzləyəcək oyunçularımız var. Biz yenə də meydanda qələbə üçün əlimizdən gələni edəcəyik.
 
- Oyun qrafikinin sıxlığı komandanı yorur ?
- Yox, əgər biz nəyəsə nail olmaq istəyiriksə, bu şərtlərdə mübarizə aparmalıyıq. Ötən ili xatırlayırsınızsa, biz Avroliqanın qrup mərhələsində də mübarizə aparırdıq, həmin vaxtlar da belə çətin günlər oldu, halbuki həmin vaxtda komandada futbolçular da az idi, indi isə geniş heyətə malikik. Bu ağır qrafik bizə təsir etməməlidir.
 
- Artıq liderlə aranızda 10 xal fərqi var. Razısanmı, çempionluq əldən gedib ?
- Deməzdim ki, şansımız yoxdur. Hələ irəlidə 11 tur var, indidən nəsə demək çətindir. 5-6 turdan sonra bu barədə dəqiq bir şey deyə bilərəm. Fikirləşmirəm ki, “Qarabağ” artıq çempiondur. Biz də bilirik ki, “Qarabağ” 10 xal fərqi ilə irəlidədir, amma ola bilər ki, onlar da növbəti turlarda büdrəsin.
 
Yusif HÜSEYN

Xəbər xətti