"Xəzər Lənkəran"la matçda "Simurq"u ölkə kubokundan təsadüfən kənarlaşdırmadığımızı göstərməyə çalışacağıq" MÜSAHİBƏ

15:37 - 11 Mart 2014

Əsgər Abdullayev: "Araz Naxçıvan" Premyer Liqada necə mübarizə aparmaq gücündə olduğunu göstərəcək"
 
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər  Abdullayevin Sportal.az-a müsahibəsi:
 
- Ölkə kubokunun ¼ final mərhələsində “Araz Naxçıvan” “Xəzər Lənkəran”la üz-üzə gələcək. Rəqibin adı sizi qorxutmur ki?
- Hamımız yaxşı bilirik ki, “Xəzər Lənkəran” güclü komandadır. Bu komanda ölkənin ən iddialı komandalarından biridir.  Əlbəttə, bu cür komandaya qarşı oynamaq çox çətin olacaq. “Xəzər Lənkəran” ölkə çempionu adını da qazanıb, kuboku da əldə edib. Bu komandanın heyətində səviyyəli futbolçular yer alır.
 
- Cari mövsüm “Xəzər Lənkəran” özünə bənzəmir.  Bu fürsətdən istifadə edib “Araz Naxçıvan” növbəti dəfə mərhələ adlaya bilər? 
- “Xəzər Lənkəran” zəif çıxış etsə belə, yenə də oyun üsuluna görə güclü təsir bağışlayır. Heyətinə nəzər salanda təcrübəsinə və səviyyəsinə görə güclü futbolçuları var. “Xəzər Lənkəran” oyununa görə turnir cədvəlində öz mövqeyində deyil. Artıq mükafatlar uğrunda mübarizədən kənar qalan “Xəzər Lənkəran” indi gücünü kuboka qoyacaq. Ən azından mövsümü titulla başa vurmaq üçün lənkəranlılar kubok oyunlarına ciddi önəm verəcəklər. Ona görə də bu rəqibi keçmək üçün gərək ikiqat güc qoyaq. Sözsüz ki, biz də ¼ final mərhələsini adlamaq istəyirik. “Araz Naxçıvan”da bir sıra oyunçular var ki, bu oyunda öz sözünü deməyə çalışacaq. Adətən güclü komandalara qarşı bəzi oyunçular rahat motivasiya olunurlar. “Xəzər Lənkəran”ın hansı gücə malik olduğunu futbolçularım da yaxşı bilirlər. Bu oyun onlar üçün də bir sınaqdı. Bu heyət “Araz Naxçıvan” Premyer Liqada necə mübarizə aparmaq gücündə olduğunu göstərəcək.
 
- Rəqibin oyununu təhlil etmisiniz?
- Bir neçə gündü bu işlə məşğul oluram. “Xəzər Lənkəran”ın Bakıda “Qarabağ”la oyununu canlı izləmişəm. Mütəmadi olaraq rəqibin oyunlarına televiziya və internet vasitəsiylə  baxmışam. Artıq rəqib haqda bir çox məlumatlar toplamışam.
 
- Belə çıxır ki, rəqibi analiz etmisiz. Onda deyə bilərsiz ki, “Xəzər Lənkəran”ın üstün cəhəti nədir?
- Əsas hücuma sürətli çıxırlar. Özü də cinahları daha yaxşı işləyir. Mənə elə gəlir ki, bu qədər bəs edər. “Xəzər Lənkəran”ın meydandakı içraçıları da güclüdür. Onu deyim ki, bizi çətin bir imtahan gözləyir.
 
- Çoxları bu cütlükdə “Xəzər Lənkəran” favorit hesab edir. Sizcə, “Araz Naxçıvan”ın daha bir sensasiya etməyə gücü çatacaq?
- “Araz Naxçıvan” uzun müddət Azərbaycan futbolundan kənarda qaldı. Bu komanda yeni formalaşıb.  8 ayın komandasıyla bu il 10 illiyini qeyd edən “Xəzər Lənkəran”ı müqayisə etmək də düzgün olmaz. Ona görə də bunu deyənləri qınamıram. Bəlkə də buna haqqları çatır. Ancaq biz də təslim olan deyilik və sona qədər mübarizə aparacağıq. Bu həm də Premyer Liqa təmsilçisi “Simurq”u ölkə kubokundan təsadüfən kənarlaşdırmadığımızı göstərməyə çalışacağıq. “Araz Naxçıvan” öz oyunu ilə Premyer Liqa təmsilçiləri ilə mübarizə aparmaq gücündə olduğunu təsdiqləməlidi.
 
- “Araz Naxçıvan” nəyin hesabına mərhələni adlaya bilər?
- Evdə qazanılan fərqli qələbə cavab matçına stimul verəcək. İlk növbədə çalışmalıyıq ki, qapımızdan top buraxmayaq. Rəqibin səfərdə vurduğu bir top onlara üstünlük yaradacaq. Əgər qapımızın toxunulmazlığını saxlaya bilsək əks hücumlarda istəyimiz çata bilərik. Mənə elə gəlir ki, “Xəzər Lənkəran”la oyumuza daha çox azarkeş gələcək. Onlar hər oyun komandanı dəstəkləyirlər. Bu dəfə tam fərqli olacaq. Bütün stadion tamlıqla dolacaq. Onların dəstəyi komandanın gücünə güc qatacaq. Hər halda əlimizdən gələni edəcəyik ki, “Xəzər Lənkəran”a müqavimət göstərək. Biz asanlıqla “Xəzər Lənkəran”a təslim olmayacağıq. Meydanın hər bir qarışında mübarizə aparmalıyıq ki, sonda sevinən tərəf biz olaq. “Araz Naxçıvan”ın futbolçusundan tutmuş azarkeşinə qədər sona qədər mərhələni adlamaq uğrunda mübarizə aparmalıdır. Yalnız meydanda vuruşaraq bn cür rəqiblə mübarizədən çətinliklə olsa da qalib çıxmaq olar.                                                                   
 
Şahin OĞUZ

Xəbər xətti