"Səfərdə qol vurmağımız bizə üstünlük qazandırdı"
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” səfərdə “İnter”lə 1:1 hesablı bərabərliyə imza atdı.
Qol epizodları ilə zəngin olan matçda “Neftçi”nin gənc kapitanı Araz Abdullayev penaltini qola çevirə bilməməklə yadda qaldı. Sportal.az saytına açıqlama verən Abdullayev həmin məqamı belə şərh etdi:
“İnter”in qapıçısını çaşdıra bildim və Səlahət Ağayev fərqli cinaha tullandı. Ancaq dirək... Çox üzüldüm”.
Lakin irəliləyən dəqiqələrdə Araz Abdullayev günahını yuya bildi. Oyunu öz üzərinə götürən Araz qüvvətli zərbə vurdu. Bu dəfə qapı tiri ona əngəl oldu, ancaq “İnter”li müdafiəçilərin diqqətindən yayınan Nasimov topu tora göndərdi. Tanınmış futbolçu səfərdə vurulan bu qolu çox əhəmiyyətli hesab edir:
“Səfərdə qol vurmağımız bizə üstünlük qazandırdı. Yarımfinala adlamaq istəyirik və bunun üçün sona qədər mübarizə aparacağıq. Həm biz, həm də “İnter” topla oynamağı xoşlayır, əzmkar mücadilə edir. Ona görə sona qədər çalışmalıyıq”.
Oyunun sonlarına yaxın “İnter” tam üstünlüyə yiyələnmişdi. Abdullayev rəqibin üstünlüyünü belə əsaslandırdı:
“Bəraət üçün demirəm, ancaq biz çətin “Qəbələ” səfərindən gəlmişdik. Nəzərə alın ki, bəzi aparıcı oyunçularımız da bu matçı buraxırdı. Səmimi deyim, haradasa yorğunluq var idi”.
saytlarin hazirlanmasi