"İlk 20 dəqiqədən sonra "İnter"in hansı oyun oynadığını oxuduq" MÜSAHİBƏ

15:00 - 17 Mart 2014

Qara Qarayev: "Hər iki cəbhədə mübarizə aparmaq uğrunda yetərincə gücümüz var"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Sportal.az-a müsahibəsi
 
- “İnter”lə matçda ilk dəqiqələr nə isə çətinlik çəkdiniz. Oyununuz alınmırdı ?
- Əslində həm onlar, həm də biz oyuna ehtiyyatla başladıq. Bir növ, kəşfiyyat aparırdıq. İlk 20 dəqiqədən sonra artıq “İnter”in hansı oyun oynadığını oxuduq. Ondan sonra biz rəqibə öz oyunumuzu diktə etdik. Çalışırdıq ki, onları topsuz qoyaq. Bilirsiniz ki, “İnter” də qısa ötürmələrdən istifadə etməklə rəqibini üstələməyə çalışır. Onlara bu imkanı vermədik. Bundan sonra yavaş-yavaş rəqibin qapısına yaxınlaşdıq. Leroyun qolundan sonra rahat oynamağa başladıq. 
 
- Demək olar ki, artıq “Qarabağ”a Azərbaycanda rəqib komanda yoxdur?
- Xeyr, mən belə fikirləşmirəm. Premyer Liqada hər bir komanda bizə rəqibdir. Onu da bilin ki, bütün komandalar “Qarabağ”ın gücünü bilir və bundan istifadə edib oyuna daha güclü köklənirlər. İndiki halda arxaynlaşmaq və boşalmaq olmaz. Biz rəqiblərimiz məğlub etməklə, bu o demək deyil ki, digər komandalar “Qarabağ”dan zəifdir. Sadəcə bizdə özünəinam daha böyük olduğu üçün istəyimizə çatırıq. Bəlkə də oyunlara daha yaxşı hazırlaşıb qələbə qazanırıq. 
 
- Çempionatın bitməsinə 10 tur qalmış “Qarabağ”ı çempion elan etmək olar ?
- Hələ indi çempionluqdan danışmaq hələ tezdir, baxmayaraq ki, ikinci pillə ilə aramızda 10 xal fəqi var. Futbolda hər şey ola bilər, hələ qarşıda çətin oyunlar var. 10 tur 30 xal deməkdir, istənilən halda xal itkisi bizim ziyanımıza işləyə bilər. Ona görə də arxaynlaşmaq olmaz. Hər bir oyuna final oyunu kimi çıxmalıyıq. İndidən özümüzü çempion hesab etsək, bu bizim ziyanımıza işləyəcək. İstər istəməz, komandada arxaynlıq yaranacaq və xal itkisi ilə üzləşə bilərik. İndi fikirləşməliyik ki, ardımızla gələn “Neftçi” ilə xal fərqi 10 deyil, 1-dir. Belə olan halda, oyunlara daha yaxşı köklənəcəyik. 
 
- Qarşıda ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununda “Qəbələ”  ilə qarşılaşacaqsınız. Bu haqda nə düşünürsən?
- Baxmayaraq ki, çempion oyunlarının hər üçündə “Qəbələ”ni məğlub etmişik, amma bu heç də bizim şansımız çox olması demək deyil. Kubok oyunu tam başqadır. Onlar da, gücünü bu oyuna qoyacaq ki, kubokda mübarizəni davam etdirsinlər. Biz də mərhələ adlayıb daha da irəli getmək istəyirik. Hər halda, şansları bərabər hesab edirəm.
 
- Belə çıxır ki, çempionatda olduğu kimi kubokda da iddialısınız. 
- Bacardığımızı etməyə çalışacağıq, buna nə qədər gücümüz çatacaq, deyə bilmərəm. Hər iki cəbhədə mübarizə aparmaq uğrunda yetərincə gücümüz var. Buna nə dərəcədə nail olub-olmayacağımız isə növbəti oyunlarda bilinəcək. “Qəbələ” elə də zəif komanda deyil. Onlar da bu oyuna ciddi önəm verirlər və bizi kənarlaşdırmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. 
 
Şahin OĞUZ

Xəbər xətti