"İnter" 4 ildən sonra
Premyer Liqanın 26-cı turu bir sıra məqamlarla yadda qalıb.
Sportal.az həmin məqamları təqdim edir:
300-cü qol
Premyer Liqada 2013/14 mövsümünün 300-cü qolu vurulub. “Rəvan”la ev oyununun 13-cü dəqiqəsində rəqib qapısına yol tapan “Simurq”un futbolçusu Rəşad Eyyubov 26-cı turun ilk, cari mövsümün 300-cü qolunun müəllifi olub.
26-cı turda vurulan qollar sayəsində bu rəqəm 310-a çatıb. Çempionatın baş tutan 130 oyununda orta məhsuldarlıq 2,38-ə bərabər olub. 310 qoldan 171-i meydan sahibləri, 139-u qonaqların hesabındadır. Qollardan 144-ü ilk, 166-sı ikinci hissədə vurulub.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər.
“İnter” 4 ildən sonra
Bakının “İnter” klubunun məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Topaz Premyer Liqasının 26-cı turunda “Qarabağ”a məğlub olan Kaxaber Sxadadzenin yetirmələri 2014-cü ildə ilk dəfə xalsız qalıb.
Bakılılar sonuncu dəfə 86 gün əvvəl “Qarabağ”a 0:2 hesabı ilə uduzmuşdu. Ötən il dekabrın 20-də 18-ci turda səfərdə yenilən “İnter” öz meydanında daha ağır məğlubiyyət alıb – 0:3.
Sonuncu dəfə 2010/11 mövsümündə böyükhesabla uduzan paytaxt təmsilçisi 4 ildən sonra belə nəticəyə üzülüb. “İnter” 1247 gün əvvəl – 2010-cu il oktyabrın 16-da AZAL-la səfər oyununda 5 cavabsız qol buraxmışdı.
Böyükağa Hacıyev: 99-cu oyunda 50-ci qələbə
Premyer Liqanın 26-cı turunun AZAL-la oyunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Belə ki, “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlməklə 56 yaşlı mütəxəssisin rəhbərliyi altında 50-ci uğurunu əldə edib.
2011/12 mövsümünün startında Çempionlar Liqasındakı uğursuzluqdan sonra Arif Əsədovu əvəzləyən və 2 il sonra eyni yarışdakı məğlubiyyətdən sonra postunu tərk edən Hacıyev bu ilin əvvəlində yenidən komandanın sükanı arxasına keçib.
Hacıyevli “Neftçi”nin 50-ci qələbəsi 99-cu matçına təsadüf edib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunu təcrübəli mütəxəssisin “ağ-qaralar”ın baş məşqçisi kimi 100-cü matçı olacaq
saytlarin hazirlanmasi