Orxan Lalayev: "Kuboka bir addım da yaxınlaşdıq"

13:05 - 20 Mart 2014

"Elvin Həsənəliyevi oyunun qəhrəmanı hesab edirəm"
 
Ölkə kubokunun 1/4 final mərhələsinin “Bakı” – “Rəvan” cavab qarşılaşmasından sonra qonaq komandanın düşərgəsində bayram əhval ruhiyyəsi hökm sürürdü. “Rəvan”ın gənc üzvü Orxan Lalayev matçla bağlı fikirlərini Sportal.az-la bölüşdü:
 
“Bakı”ya ilk oyunda qalib gələ bilərdik. Öz səhvimizdən rəqibə məğlub olduq. Cavab oyununda revanş almaq üçün bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. Hamı bir nəfərə kimi “Bakı”nı səfərdə məğlub edə biləcəyimizə inanırdıq. Bütün gücümüzü bu oyuna qoyduq ki, kubokda yarımfinala çıxaq. Şükürlər olsun ki, sonda sevinən tərəf olduq. Bu bir daha göstərdi ki, çəkilən əziiyyət yerdə qalmır. 120 dəqiqə bütün komanda olaraq mübarizə apardıq. Ancaq Elvin Həsənəliyevi oyunun qəhrəmanı hesab edirəm. Onun vaxtında topa yetişərək qapıdan keçirməsi bizi yarımfinala daşıdı. Ondan sonra psixoloji üstünlük bizim tərəfə keçdi.
 
Penaltilər seriyasına gedəndə qalib gələcəyimizə inanırdım. Çünki, həmin məqamda “Bakı”nın oyunçularında gərginlik vardı. Belədə rəqibin penaltini qaçıracağı gözlənilən idi. Artıq hər şey arxada qaldı. İndi önümüzdəki yarımfinal matçını düşünməliyik. Demək olar ki, kubokun finalına bir addım da yaxınlaşdıq. Hər şey özümüzdən asılıdı. Əgər daha da irəli getmək istəyiriksə, növbəti mərhələdə də sona qədər mübarizə aparmalıyıq. Bütün gücümüzü səfərbər edib “Rəvan”ı finala daşımalıyıq”. 

Xəbər xətti