"Azər Əsgərov məşqçilər korpusuna söz atmaqla səhvə yol verib"
"Rəvan" - "Neftçi" matçından sonra "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar baş hakim Ramil Diniyevin ünvanına tənqidedici ifadələr işlətmişdi.
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Güvənc Kurtarın cavabını Sportal.az-a açıqlamasında verib:
"Güvənc Kurtar elə bir oyun yoxdu ki, hakimlərdən narazı qalmasın. Hər bir oyunda bəhanə gətirib çıxış yolu axtarır. Baş məşqçi hər oyunda azlıqda qalmalarından şikayət edir, onların bütün oyunlarını izləmişik, verilən bütün qırmızı vərəqələr doğrudur. kurtar komandasının nizam-intizamı ilə məşğul olsa daha yaxşı olar. Ona tövsiyyə edirəm ki, Mustafa Dənizlidən nümunə götürsün, hansı ki, hakimlər onun komandasına qarşı səhv qərarlar versə belə, heç vaxt buna fikir bildirməyib. Dənizli bu addımı ilə mətbuatda hörmət qazanıb. Digər tərəfdən hakimin lisenziyasını cırıb-cırmamağı məşqçilərə aid deyil, buna yalnız Hakimlər Komitəsi qərar verə bilər".
Məmmədov həmin oyunda laysman Azər Əsgərovun baş məşqçi Güvənc Kurtara səsləndirdiyi "Kəs səsini, otur yerinə" ifadəsinə də münasibət bildirib:
"Azər Əsgərovun dediklərinə gəlincə, mən bunu pisləyirəm. Azər Əsgərov məşqçilər korpusuna söz atmaqla səhvə yol verib, ona heç kim ixtiyar verməyib ki, kimisə üstünə qışqırsın. Bu məsələdə hakimləri müdafiə etmək fikrində deyiləm. Təbii ki, onlar barəsində də tədbirlər görəcəyik. Əslində hakimləri də o səviyyəyə çatdıran məşqçilər korpusudur. Hər oyunda hakimlərin ünvanına atmacalar ataraq onları boğaza yığıllar. Sözsüz ki, hakim də dözməyib cavab vermək məcburiyyətində qalır. Ancaq bu da səbəb deyil ki, hakim kiminsə üstünə qışqırsın. Əgər oyunun gedişində məşqçilər korpusundan ona təhqiredici ifadələr işlədibsə, vaxtında baş hakimi xəbərdar etməli idi".
saytlarin hazirlanmasi