"Sumqayıt" da güclülər dəstəsini tərk edəndən sonra hər şey düzələcək?"
“Sumqayıt”ın kapitanı Samir Abasovun Sportal.az-a müsahibəsi
- “Sumqayıt” “Qarabağ”ın təzyiqinə 70 dəqiqə dözsə də, sonra 5 dəqiqə ərzində qapısında 3 top gördü. Buna səbəb nə oldu?
- Meydanda olan futbolçulardan biri də mən idim. Bunun səbəbini məndən deyil, məşqçilər korpusundan soruşun. Yəqin məşqçilərimiz oyunu analiz edblər. Ancaq onu bilirəm ki, komanda 70 dəqiqə mübarizə apara bildi. Deyə bilmərəm ki, gücümüz çatmadı məğlub olduq. Hardasa konsantrasiyanı itirdik. Ondan sonra oyunumuz istənilən kimi alınmadı və nəticədə “Qarabağ” istəyinə çatdı.
- Deyilənlərə görə, “Sumqayıt”ın sona qədər gücü yetmədi?
- Bunu məşqçilər korpusu deyibsə, onda belədir. Yəqin oyundan sonra futbolçulardan ayrı-ayrılıqda soruşublar onlar da belə izah edib. Əgər bunu başqası deyirsə, o hardan bilir biz yorulmuşduq. Birdə hər deyilənə inanmayın.
- Hardasa “Sumqayıt”ın məğlubiyyətləri sıralaması arxayınçılıqdan irəli gəlir. Artıq bütün futbolçular da bilir ki, komanda Premyer Liqanı tərk etməyəcək.
- “Sumqayıt” komanda olaraq arxayınlaşa bilər. Ancaq futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar ki, növbəti mövsüm daha da iddialı komandalarda oynasınlar. Ola bilsin ki, bu qərar ümumilikdə komandada arxayıınçılıq yaradıb.
- Çempionat başa çatmamış bu qərarın verilməsi nə dərəcədə düzdür?
- Bunu AFFA-da işləyənlər daha yaxşı bilər. Onların işinə qiymət verməyim etik cəhətdən düzgün çıxmaz. Ancaq bir məsələ var ki, “Sumqayıt” kimi komandaların sayı Premyer Liqada nə qədər çox olarsa bir o qədər də futbolumuzun xeyirinə olar. Əslində belə komandalarda yerli oyunçular üzə çıxırlar. Məhz bu cür komandalarda yerli oyunçular potensiaalarına aça bilərlər. Bunun nəyi pisdir? “Sumqayıt” da güclülər dəstəsini tərk edəndən sonra hər şey düzələcək? Fikir verin, neçə futbolçu “Sumqayıt”da özünü yaxşı göstərdi və daha güclü komandalara getdi. Yeganə komanda olaraq heyətin əsasını yerli oyunçular təşkil edir. Bizdə millinin müxtəlif yaş qruplarında çıxış edən futbolçular yer alır. Onlar Premyer Liqada güclü komandalara qarşı oynayıb təcrübə yığırlar. Həmin futbolçularda artım olduğu hiss olunur. Getdikcə daha da yaxşı oynayacaqlar.
- Ancaq etiraf etmək lazımdır ki, qərarın vaxtından əvvəl verilməsi çempionata marağı azaltdı....
- Hardasa razıyam. Ancaq gələcəyə hesablanan bir qərardı. Premyer Liqada komandaların sayının artması yaxşı haldı. Gələn mövsüm yüksək dəstədə təmsil olunacaq komandalar da çempionata əlavə rəng qatacaq.
- Növbəti tur AZAL-la qarşılaşacaqsız. Cari mövsüm “Sumqayıt” rəqibini məğlub edə bilməyib. Bu oyunda sindromu qıracağınızı gözləmək olar?
- AZAL-la oyunumuz həmişə maraqlı keçib. Onlarla oyunumuz yaxşı alınsa da hələ bu mövsüm onlara qalib gələ bilməmişik. İndi qarşıdakı oyuna hazırlıq gedir. AZAL-a da yeni baş məşqçi gəlib. Yəqin həm heyətdə həm də oyun planında dəyişikliklər olacaq. Onlar da hələ qələbə qazana bilməyiblər. Rəqib də uğursuzluq zolağından çıxmaq üçün bu oyuna ciddi hazırlaşacaq. Bizim uşaqlar da qələbə üçün acıblar. “Neftçi”ylə oyunda olduğu kimi yenidən qələbəni dadmaq istəyirlər. Ancaq oyunun necə nəticələnəcəyini demək çox çətindir.
- “Sumqayıt”ın uğursuz çıxışı ilə bağlı mətbuatda gedən yazılara klubun prezidenti Kamran Quliyev sərt reaksiya verib. Hətta rəhbərlik mətbuata önəm vermədiyini deyib. Komandanın kapitanı olaraq bu məsələyə necə baxırsan?
- Əslində futbolçunun etdiyi hərəkətə görə klub rəhbəri buna münasibət bildirməlidi. İndi siz rəhbərliyin mətbuata olan reaksiyasına görə fikir bildirməyimi istəyirsiz. Mənim bu məsələyə münasibət bildirməyim düzgün alınmaz axı. Əgər rəhbərlik elə fikirləşirsə, özü bilər. Yəqin mətbuat onun haqqında elə şeylər yazıb ki, o da elə reaksiya verib.
- Hər halda bu klub rəhbərliyinə mətbuatı pis formada reaksiya verməsinə əsas vermir.
- Kamran müəllim mətbuata böyük önəm verir. Hətta futbolçulara da mətbuata açıq olamalarını tapşırıb. Belə bir insanın birdən-birə mətbuata qarşı çıxmasına inanmıram. Yenə deyirəm, kimsə onun barəsində olmayanları yazıb o da belə reaksiya verib. Onu da başa düşmək lazımdır.
Şahin OĞUZ
saytlarin hazirlanmasi